Bir neçə gün öncə “Youtube” platformasında yayımlanan “Ötürmə” verilişində “Kəpəz”in idarəçisi, eyni zamanda “Aqrosport” şirkətinin rəhbərlərindən olan Fərman Əlizadənin klubdan qazancı açıqlanmışdı. Məlum olmuşdu ki, Əlizadənin şirkəti klubun meydanlarına xidmət əsasında ötən mövsümkü qiyməti 2-yə vurub maddi gəlirini xeyli yaxşılaşdırıb. Bu xəbər olduqca ağlabatandı və bunun efirdən səslənməsi hamını məsələdən agah etdi. Nə oldusa, bu gün verilişin aparıcısı efirə çıxıb tam əksini iddia etdi, səhv rəqəmlər açıqladığını bildirdi. Bir növ klubdan, DTX-nın həbs etdiyi Adnan Əhmədzadənin yaxın dostu, İdarə Heyətinin sədri Adil Vəliyevdən, Əlizadə cənablarından dolayısı ilə üzr istədi.
Açığı, gözlənilən idi. Fövqəladə güclər 2-3 gün ərzində öz işini görə bilmiş, nəticədə gənc jurnalisti öz yalanlarına hansısa vasitələrlə “inandırmışdılar”. Düzünü deyim, gözlənilməz deyil. İdman mətbuatında bəzən belə olaylara, geriçəkilmələrə rast gəlmək olur. Həmkarımızı qınamıram da, görünür məcburiyyətdə qalıb. Maraqlı olan bilirsiz nədi? Qarşı tərəfin təqdim etdiyi sənədlərdə “Aqrosport”un klubun meydançalarına görə maddi gəlir əldə etməməsidi, yəni ot örtüyünə pulsuz, havayı baxması. Hər halda bunu da aparıcı səsləndirdi. Sual olunur. “Aqrosport” Əlizadənin şəxsi malı, dədədən qalma mülkü və ya şirkəti, yoxsa obyektidir ki, “Kəpəz”ə ehsan edir?
Bu gün Azərbaycan futbolunda olan hər kəsə gün kimi aydındır ki, “Aqrosport” AFFA-nın keçmiş baş katibi Elxan Məmmədovundur. Fərman isə orada həmişə türklərin sözü olmasın, “eleman” yəni işçi olub. “Qaquliklər kruqu”nun “Farik” ləqəbli ikinci dərəcəli üzvü. Məmmədovun ölkədə çalışdığı vaxtlarda gözə görünməz qüvvə bu şirkəti tenderlərin qalibi edib. “Aqrosport” böyüyüb, biznes çiçəkləndikcə, Əlizadənin də əli-qolu açılıb, pul qazanıb, pullanıb, pullu kişilərin sırasına qoşulub. “Port Baku”da nahar edir, şam yeməyinə “Mikasa” restoranına gəlir. “Aqrosport” “Kəpəz”ə pulsuz xidmət göstərsə, Əlizadənin bu cür dolanışığa gücü çatar?
İstənilən biznesmenin, biznes qurumunun təməldən niyyəti kiməsə, nəyəsə pulsuz yox, əksinə daha böyük maddi gəlirlər əldə etmək üçün daha bahalı, təbii ki, həm də keyfiyyətli xidmət göstərməkdir. Bir növ bu, biznes-planın əsas tərkib hissəsidir. İndi Fərman Əlizadə nağıl danışmağa, rəvayət uydurmağa çalışmasın. Onsuz da heç kim onun yalanlarına inanmayacaq. Bazada, koridorun sonundakı otaqda oturub “feyk” profillərdən yazanlar da. Xüsusən də “Neftçi”yə səbət göndərəndən, Ohorinin böyük qardaşı Kamil Məmmədovun istəyilə komandasına qarşı oynatmamaq əmrini verəndən sonra. Heç ağası Elxan Məmmədov da onun “Kəpəz”ə pulsuz xidmət göstərməsinə qətiyyən razı olmaz. Çünki “Aqrosport”un fəaliyyətini Əlizadə artıq batırmaq üzrədir, eynilə “Kəpəz” kimi…
Düzünü deyim, bu məsələyə diqqət etməzdik, əgər “Kəpəz” rəsmi hesablarında bunu bəh-bəhlə tirajlamasaydı. Klubun “təntənəli” paylaşımı da uğursuzluğa düçar oldu. Hər halda sosial şəbəkələrdə yazılanları oxumaq bu fikri yürütməyə kifayət edir.
Vicdan, şərəf indiki zamanda çox qiymətlidir. Bilmirəm haradan bu yadıma düşdü. Amma lap yerinə düşdü.
Rakif ALİZADƏ




Fikirlərini bizimlə bölüş!