“Hamı yerli mal alsın, xeyir vətənə qalsın” – ticari və siyasi maraqları arasında sərhəddi müəyyənləşdirə bilməyən, bu üzdən ömrünün ən gözəl çağlarının 8 ilini məhbəsdə keçirən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yerli sahibkarları stimullaşdırmaq üçün vaxtilə ortaya atdığı bu şüar futbolumuzun indiki tablosuna tam uyğundu. Mladen Milinkoviçin “Keşlə”dən gedişi ilə ölkə klublarının sükanının ötən əsrin 90-cı illərində üzdə olan, yığmanın simasını müəyyənləşdirən bəylərin əlinə keçməsi prosesi apogeyinə çatdı. Bircə Roberto Bordin “Neftçi”nin Nobel prospektindəki bazasından ala qarğa kimi boylanır ki, mayda qarğanın dimdiyində pendir əvəzinə qızıl medal görünsə, şəxsən mən təəccüblənmərəm…
Fərhad bəyin müəyyənləşdirə bilmədiyi sərhədlər əslində futbol dünyasında çoxdan pozulub. “Arsenal” 11 legionerlə meydana çıxanda ənənəvi mühafizəkar ingilislərin heç tükü də tərpənmədi. Dünyaya “ari irq” nəzəriyyəsini bəxş edən almanların yığmasında o qədər qanı qarışıq var ki, bəzən adam çaşıb qalır. Elə futbol inqilabından sonrakı ilk illərdə Azərbaycan futbolunda da etnik müxtəliflik ab-havası vardı. İstər futbolçuların, istərsə məşqçilərin milli tərkibi baxımından çox maraqlı mənzərələr yaranırdı. Əcnəbilər burda bəzən özünü o qədər rahat hiss edirdi ki, Anatoli Konkov kimi odioz fiqur çevriliş etmək, futbol rəhbərliyində söz sahibi olmaq fikrinə düşürdü. Əlahəzrət Zaman bütün başqa məsələlər kimi, burda da öz möhürünü vurdu. Get-gedə əcnəbilər qeybə çəkildi. İndi Tsxadadze, Kara, Rednik, Şensoy, Nakoneçnı, Xodukin, Pokora kimi məşqçilər xatirələrə köçüb, bizim jurnalistlər hansısa məsələlərdə ekspert yardımına ehtiyac duymasa, heç yada da düşməzlər.
Əcnəbilərdən imtina, yerlilərə güvənc xəttinin həm müsbət, həm də mənfi tərəfləri var. Heç şübhəsiz, müstəqil ölkənin məşqçilər sexinin ortaya hansı məhsulu qoymaq bacarığında olduğunu yaxın gələcəkdə görməyə başlayacağıq – öz gücümüzü bilmək baxımından əcnəbilərdən imtina müsbət haldı. Ancaq medalın o biri tərəfinə baxanda görürük ki, ölçülü-biçili açıqlamaların sayı artacaq, orijinal fikirlərin, qarşılıqlı ittihamların sırası seyrələcək. Yazı adamı kimi bütün bunları biz öz dərimizdə daha aydın hiss edirik. Məsələn, gündəlik işdə elə məqamlar olur ki, yığmanın baş məşqçisi Qurban Qurbanovun aşkar səhv görünən qərarlarını şərh etmək üçün də mütəxəssis tapa bilmirik, “malala, yola ver” taktikası işə düşür.
Son 20 ildə futbola bir çox texnoloji yeniliklər ayaq açsa da, oyunun sürəti artsa da, bu idman növünün sənayeləşməsi-kommersiyalaşması yönündə nəhəng addımlar atılsa da, həmişəki kimi, məşqçilərin taleyini yenə də nəticə müəyyənləşdirir. Söhbət nəticədən gedirsə, bir yerdə uzun müddət çalışıb, az qala hər il kluba hansısa titul qazandırmaq baxımından ən parlaq örnək Qurban Qurbanovdu. Bizim klub rəhbərlərinin son seçimlərində bu məqamın da bəlli rolu var. Bir başqa həlledici məqam isə klubların əvvəlki kimi maliyyələşməməsi, büdcənin xərclər hissəsinə qoyulan məhdudiyyətdi.
Nəhayət, sonda Tərlan Əhmədovun təyinatı haqda. O, özünü bir daha sübut etmək istəyir və sirr deyil ki, premyer-liqada haqq-hesab çəkmək istədiyi adamlar da, rəqiblər də var. AZAL-da, “Neftçi”də istədiyi münbit şəraiti tapa bilməyən Tərlan bəy hələ ki Zaur Axundovun şərəfinə difiramblar oxuyur, “Neftçi”dəki əməkdaşlığı həyatının ən maraqlı anları kimi xatırlayır. Nə deyirəm ki?! Təki bu işbirliyi uzunömürlü olsun, azərbaycanlıların liqasında yeni məşqçi ideyaları, oyun üslubları görək. Futbolun dili hər nə qədər bir olsa da, burda improvizələrə, fantaziyalara həmişə yer var. Həqiqi azarkeşlər, bu oyuna həvəs göstərən jurnalistlər komandalarımızdan məhz orijinal oyun üslubu gözləyir. AFFA-nın himayəsinə sığınmaq heç də fərqli oyun göstərmək imkanını itirmək kimi anormallıq yaratmır. Buyurun, elə oyun göstərin ki, azarkeşlər tribunalara qayıtsın, ekran önündə əyləşənlər mürgüləməsin.
HUŞƏNG
Yeddi oğul istərəm…




Fikirlərini bizimlə bölüş!