Millimizin sabiq futbolçusu Mahir Şükürovun "Ölkə çempionatında məşq etməyə-etməyə çıxıb oynaya bilərəm" deməsindən sonra onun əlində siqaretlə şəkili saytımızda yayımlanıb. Ki, etmə Mahir, sənin bu açıqlaman ölkə futboluna hörmətsizlikdi. Çünki siqaretlə futbol bir arada olmaz. Ya futboldan qazandığın pullarla illərin yorğunluğunu çıxarmalısan, hankı ki, indi bunu seçmisən, ya da "sağlam bədəndə sağlam ruh olar" deyiminə əməl edib, türklər demiş, eski günlərə dönməlisən.
Əslində, çoxları onun futbolçu karyersını başa vurduğunu düşünürdü. Amma İstanbul gecələrində, əyləncələrdə olan, siqareti yanından əksik etməyən Şükürovun futbola qayıtmaq eşqi bizi təəccübləndirdi. Məhz iradımız, tənqidimiz də buna görədi ki, siqaret çəkə-çəkə futbola necə qayıdacaqsan? Ümumiyyətlə, özünə hörmət edən hansı bir klub sənin siqaret çəkdiyini bildikdən sonra heyətinə qatmaq istər ki?
Fikrimcə, tənqidimizdə 100 faiz haqlıyıq. Amma bununla razılaşmayanlar da var. Misal üçün, Mahirin 19 yaşlı qardaşı Ümid Şükürov. Bığ yeri təzə-təzə tərləyən bu gənc oğlan Sport7.az saytının əməkdaşını təhdid və təhqir etməkdən də çəkinmir. Vətənin müdafiəsində olmalı olduğu vaxtda qardaşının müdafiəsinə qalxıb.
Mahirin qardaşının əməkdaşımıza yazdıqlarına diqqət yetirək: "Mən sənlə başqa cür danışmaq istəmirəm. Azərbaycan kişisinə yaraşmayan hərəkət edirsiz. Sən kimsən ki, mənim qardaşım haqda elə şey yazırsan? Sənə kim ixtiyar verib? Siqaret çəkib, çəkib də. Bunun sənə nə istisi, soyuğu var? Allaha şükür, əlimiz hər yerə çatır, pislik etmək istəmirəm".
Bütün bu yazılanlar qarşısında əməkdaşımız jurnalist etikasından kənara çıxmayaraq, hər nə qədər balaca Şükürovu nəzakətli olmağa dəvət etsə də, bu, onda alınmayıb. 19 yaşlı gəncə "Etirazınız və narazılığınız varsa, məhkəməyə müraciət edin" desək də, o, "işverən deyiləm" deməklə kifaytləndi. Amma çılğın gənc öz qardaşı Mahirin haqqını məhkəmədə axtardığını unudub. Deyəsən, Mahir "Karşıyaka"dan maaşını ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdi axı…
Mahirlə İstanbulda eyni gecə klubunda əylənən balaca qardaşının "Azərbaycan kişisinə yaraşmayan hərəkət edirsiz" cümləsinə isə önəm vermirik. Əgər kişiliyi də Şükürovdan öyrənsək, onda gərək çıxaq gedək bu məmləkətdən.
Yazışmalar telefonun yaddaşında tarixi əsər kimi qorunur. Çox güman ki, hüquq-mühafizə orqanlarına da müraciət olunacaq. Bilirsiz, əli istidən soyuğa dəyməyən, qardaşının hesabına yaşayan birindən hər şey gözləmək olar. Yəqin ki, heç kim Cavid Hüseynov – Rasim Əliyev cinayətinin təkrarlanmasını istəməz.




Fikirlərini bizimlə bölüş!