Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Zamanın durduğu şəhərə “Qarabağ”ın iziylə səfər

Bakıdan Londona uçacaq çarter reysi jurnalistlərlə futbolçular komandasını təxminən 6 saatlıq yol yoldaşı etdi. Hamımız “Tottenhem”lə “Uayt Hart Leyn”də qarşılaşacaq “Qarabağ”ın iziylə Böyük Britaniya İmperiyasının baş şəhərinə səfər etdik. Üç gün ərzində qarışıq, təzadlı, bir-birini tamamlayan hisslər yaşadıq. Ki, onları da sizinlə gec də olsa, bölüşmək qərarına gəldim. Dostlar artıq yetərincə yazıblar, mən bir qədər fərqli münasibət göstərməyə çalışacam.

Təşəkkür
Adətən belə yazılarda səfəri təşkil edən kluba, onun rəhbərliyinə təşəkkürü sonda edirlər. Ancaq mən bunu məhz əvvəldə edəcəm. Çünki Londonda bütün xərclərimiz ödənilməklə üç gün qalmaq, böyük futbolu həyəcanını hiss etmək şansını əldə edəcəyimizi ilk düşünəndə belə adamı həyəcan bürüyürdü. Sağ olsunlar.

Dəhşətli bahaçılıq
Londondan yadımda qalan əsas təəssüratlardan biri dəhşətli bahaçılıq idi. İngiltərədən sonra Bakı mənim üçün əməlli-başlı ucuzluq şəhəridi. Özünüz fikir verin: yarım litrlik fanta bizim pulla 2,2 manata, metroda bir dəfə gediş haqqı 8 manata (günlük bilet alırsansa, 19 manatından keçməlisən), “Kemel” siqaretinin bircə qutusu 20 manata! Xırdalıqlara getməyim, hər şey dəhşətli dərəcədə bahadı. Təbii ki, bizim cibimizə görə. Əslində, bir fakt bütün bu bahaçılıq fikrini ortadan qaldırır: Britaniyada həftədə 5 gün orta hesabla 7 saaat işləyən ən kasıb adam qanunla azı 1500 manat almalıdı. Bu isə bu baha şəhərdə “çulunu sudan çıxarmaq” üçün yetərli məbləğdi. Odu ki, piştaxtalardakı rəqəmlər böyük olsa da, arxasında dayanan keyfiyyət, normal gəliri düşünəndə ikinci plana keçir. Daha bir məqam, şəhərdə yüzlərlə türk mağazalarının olmasıdı. Dünyanın bütün nöqtələrində məskən salan qardaşlarımız burda yetərincə geniş coğrafiyanı əhatə ediblər. Hər 5 marketdən biri məhz onlarındı desək, yanılmarıq.

İdeala yaxın cəmiyyət
Şəhər bizlərin ideala yaxın deyə biləcəyimiz kimidi. Küçələri inanılmaz dərəcədə təmiz, çox sayda yaşıl parklar… İnsanlar, maşınlar bir-birinə yol verir, yol qaydalarına hər yerdə riayət olunur, siqnal səsi gəlmir. İctimai nəqliyyat 24 saat işləyir. Ən pik vaxtlarda belə metroda, avtobusda basabas, hay-küy yoxdu. İnsanlar soyuqqanlı, ancaq ünsiyyətə və kömək etməyə hazırdılar. İnternetdən yox, insanların özündən aldığımız məlumata görə, təhsil və tibb ən yüksək səviyyədədi. Qlobal problem olan işsizlik burda da əsas çətinlik olsa da, hamı gələcəyə nikbin baxır və həll yolunun tapılacağına inanır. Əmin ola bilərik ki, məhz belə də olacaq. Çünki belə ideala yaxın cəmiyyət istənilən problemi aradan qaldırmağa qadirdi.

Zamanın durduğu şəhər
Londonu qısa ifadə etmək üçün isə başqa cümlə tapa bilmədim. Mühafizəkar düşüncənin zirvədə olduğu bu şəhərdə hər şey – insanlar, maşınlar, binalar, hətta hava belə müəyyən qaydadan kənara çıxmır. Günəşin gün ərzində bir-iki saatlıq ötəri qonaq olduğu meqapolisin bəlli bir düzəni sanki yüzilliklərdir ki, var. İki, üç, maksimum dördmərtəbəli binalar tikildiyi gündəki kimi qalıb. Dəyişən isə yalnız onlarda yaşayan insanlardı. Texnika, texnologiya, nəqliyyat, həyat tərzi, geyim, musiqi – hər şey dəyişir. Londonun – ingilis şəhərinin özündən başqa. Orada olduğum üç gün ərzində “yeni” heç nə görmədim. Məktəbdəki ingilis dili kitablarında gördüyümüz məşhur “Biq Ben”, “Bekinqem Sarayı”, Trafalqar Meydanı, Temza çayı, ikimərtəbəli avtobuslar… Hamısı vardı. Olmalıymış kimi. Biz gəzdik, gördük. Əmin ola bilərsiniz ki, on ildən sonra da belə olacaq və siz də səfəriniz vaxtı eynisini görəcəksiniz. London zamanı özünə tabe etmiş, ona öz tələbini diqtə edən, sakit, ancaq çox böyük və Böyük İmperiyanın baş şəhəri adına layiq əzəmətli şəhərdir. İstəsəz də, istəməsəz də, özünüzdən asılı olmayaraq ona hörmət edəcəksiniz. Çünki bura Londondur.

Futbol sevgisi
Hə, bir də bu şəhərdə bir şey dəyişmir ki, o da futbol sevgisidir. Futbolçular, məşqçilər, klublar növbələşsələr də, Britaniyanın ən sevimli oyununa münasibəti dəyişmir. İngilislər üçün futbol milli dəyər, hətta deyərdim mentalitet səviyyəsindədir. Bu oyuna aid olan hər şey onlara maraqlıdır. Rəqib və ya öz oyunçusu olmasından asılı olmayaraq meydanda yaxşı futbol nümayiş etdirən istənilən futbolçu, komandanı alqışlayır, təşəkkürlərini bildirirlər. Tribunada yer alan hər kəs xoşbəxtdir. Onun üçün 90 dəqiqə zövq və bütün problemlərini unutmaq vasitəsidir. Oyunaqədərki vaxt da sanki bir prelüdiyadır. Kiçik bir epizod deyim: “Tottenhem”lə matça təxminən saatyarım qalmış arenaya çatdıq. Girişdə “Qarabağ”la matçın oyun proqramı satılırdı. Jurnalist olduğumuzdan press-lojada bizə pulsuz veriləcəyini bilsək də, maraq üçün qiymətini soruşduq, “3,5 funta” cavabını aldıq. Nəfis tərtib olunsa da, baha idi. Bizim pulla təxminən 5,5 manat edirdi. Aramızda bunu müzakirə etdiyimiz məqamda təxminən 20-21 yaşlarında bir gənc ingilis azarkeş satıcıya “yaxşı, ver onun birini mənə” dedi və cibindən pul çıxartdı. İntonasiyasından hiss olundu ki, proqram bahalıdı və cibindəki az qala son pulunu verir. Amma siz bu adamın üzündəki ifadəni görərdiz. Sevinirdi, uşaq kimi! Gözlərindəki həmin sevinci sezmək çətin deyildi. Hiss etdim ki, yaşından asılı olmayaraq hər bir azarkeş sevimli klubuna öz balası kimi baxır. Bir valideyn kimi onun hər addımı, şəkli olan hər qəzet, hər jurnal ona sevinc gətirir, bunun üçün az qala hər şeyini verməyə hazırdı. Bu haqda eşitmişdim. Ancaq gözlərimlə görəndən sonra bir daha əmin oldum.

P.S. əvəzi
Almeyda penalti nöqtəsinə yaxınlaşanda hamımız anlayırdıq ki, bu zərbə qol olsa da, son nəticənin meydan sahiblərinin xeyrinə olması ehtimalı yetərincə böyükdü. Məntiqlə qolu əksər həmkarlarım kimi sevinərək, ancaq hisslərə qapılmadan bayram etməyim gərək idi. Ancaq özümü saxlaya bilmədim və şokda olan arenaya bacardığım qədər yüksək səslə “We are Qarabağ”, yəni “Biz Qarabağıq” qışqırdım. Dünyanın ən böyük imperiyalarından birinin paytaxtında, digər imperiyanın iddiası üzündən evindən didərgin düşən “Qarabağ” adlı bir futbol klubumuz yüzminlərlə insana həqiqətlərimizi çatdırmaq missiyasını yerinə yetirir. Bu çətin missiyaya heç olmasa səsimlə dəstək vermək istədim. Sonda məğlub olsaq da, uduzulan döyüşdü. Müharibə isə hələ qabaqdadı.

Kənan Məstəliyev /London

Fikirlərini bizimlə bölüş!