Bəzi sevgilər illər keçsə də bitmir. Bəzi rəqabətlər zaman keçdikcə daha da alovlanır. Elə hekayələr də var ki, hər dəfə yenidən başlayır, hər dəfə başqa cür yaşanır. Azərbaycan futbolunun “Qarabağ” – “Neftçi” derbisi məhz belə hekayələrdəndir.
Oktyabrın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda bu hekayənin növbəti səhifəsi yazılacaq. Azərbaycan Premyer Liqasının VIII turunda üz-üzə gələcək iki komandanı təkcə üç xal uğrunda mübarizə birləşdirmir. Onların arxasında onilliklərin tarixi, minlərlə xatirə, saysız-hesabsız qələbə sevinci və məğlubiyyət ağrısı, ən əsası isə bitməyən azarkeş sevgisi dayanır.
***
1001 gecə… Şərq nağıllarının bu sehrli ifadəsi bizə sevgi və həyəcanla dolu hekayələri xatırladır. Azərbaycan futbolunun da öz nağılı var. Burada şahzadələr və saraylar əvəzinə futbolçular və stadionlar, sehrli hadisələr əvəzinə son dəqiqə qolları, nağıllardakı qəhrəmanların yerinə isə sevdikləri komandanın uğuru üçün ürəyi döyünən azarkeşlər var.
Bu nağılın ən maraqlı tərəfi odur ki, onun sonu hələ yazılmayıb.
Rəqəmlər də bu hekayəyə xüsusi məna verir. “Neftçi” indiyədək ölkə çempionatlarının yüksək liqasında 1001, “Qarabağ” isə 1000 oyun keçirib. Hər iki klub ölkə çempionatları keçirilməyə başlayandan bəri yüksək liqanı tərk etməyib. Birinin min birinci, digərinin mininci oyunu… Bu rəqəmlərin özündə belə futbolun uzun yoluna yaraşan bir simvolizm var.
Min oyun — min ayrı hekayə deməkdir. Birində qələbənin sevincindən gecə yatmayan azarkeş, digərində son saniyədə buraxılan qola üzülən tərəfdar. Birində atasının, babasının əlindən tutaraq ilk dəfə stadiona gələn uşaq, digərində illər sonra öz övladını, öz nəvəsini eyni tribunaya gətirən ata və baba. Futbolun əsl romantikası da elə budur: nəsillər dəyişir, futbolçular gedib-gəlir, amma komandasına bağlılıq yaşayır.
***
Bu qarşılaşmanın başqa bir adı da var: Avropa derbisi.
“Qarabağ” – “Neftçi” rəqabəti 2010-cu illərdən etibarən hər iki klubun Avropa arenasında qazandığı uğurlarla yeni məna qazanıb. Bu komandalar yalnız ölkə çempionatında bir-birinə rəqib olmayıb, həm də Azərbaycan futbolunun adını qitə miqyasında tanıtmaq uğrunda mübarizə aparıblar.
“Neftçi”nin 2012-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi Azərbaycan futbolu üçün əlamətdar hadisə idi. “Qarabağ” isə cəmi 2 il sonradan başlanan Avropada davamlı çıxışları, qrup və liqa mərhələlərindəki mübarizəsi, böyük klublarla qarşılaşmaları ilə ölkəmizin futbol xəritəsindəki yerini daha da möhkəmləndirdi.
Beləcə, Bakıdakı rəqabət Avropa gecələrinin həyəcanı ilə də zənginləşdi. Bir vaxtlar daxili çempionatda çempionluq uğrunda mübarizə aparan rəqiblər beynəlxalq arenada da Azərbaycan futbolunun simasına çevrildilər. Hər ikisinin yolu fərqli olsa da, onları birləşdirən məqam var: ölkə futbolunun tarixində iz qoymaq və azarkeşlərinə qürur yaşatmaq istəyi.
Avropa futbolunun böyük səhnəsi, stadionların işıqları, həlledici oyunların gərginliyi… Bütün bunlar “Qarabağ” və “Neftçi” azarkeşlərinin yaddaşında özünəməxsus yer tutur. İndi isə Avropa gecələrində dəfələrlə adı çəkilən bu iki klub yenidən Bakıda, öz futbol tarixlərinin başqa bir səhifəsini yazmaq üçün üz-üzə gələcək.
Bəlkə də “Avropa derbisi” adının romantik tərəfi elə bundadır: iki rəqib, iki fərqli yol, amma Azərbaycan futbolunun daha yüksəklərə qalxması arzusu. Rəqabət onları ayırır, futbol sevgisi isə eyni hekayənin qəhrəmanlarına çevirir.
***
Bu hekayənin xüsusi bir ünvanı da var — Tofiq Bəhramov adına Respublika stadionu.
Vaxtilə “Neftçi”nin doğma arenası olan bu stadion indi “Qarabağ”ın rəqiblərini qəbul edir. Azərbaycan futbolunun hər iki nəhənginin ən şanlı tarixlərinin yazıldığı bu məkanın özü də bir yaddaş kitabıdır. Onun tribunaları neçə-neçə qələbənin sevincini, neçə-neçə məğlubiyyətin kədərini görüb. Burada futbol sadəcə oynanılmayıb, yaşanıb. Bəziləri üçün bu stadion uşaqlıq xatirəsidir, bəziləri üçün ilk böyük sevincin ünvanı, digərləri üçünsə illərlə davam edən azarkeşlik sevgisinin ayrılmaz hissəsidir.
İndi həmin arena yenidən iki əbədi rəqibi bir araya gətirəcək. Dünən birinin doğma evi olan stadion bu gün digərinin uğurları üçün döyünür. Amma futbolun gözəlliyi də bundadır: stadionun divarları heç bir rəngə məxsus deyil, onun xatirələri isə hamınındır.
Paytaxtın tam mərkəzində yerləşən, gəliş-gediş baxımından əlverişli olan bu arenanın tribunalarını doldurmaq üçün ciddi maneə yoxdur. Deməli, möhtəşəm futbol ab-havası yaratmaq üçün imkan da var, səbəb də. Qalır azarkeşlərin bu fürsətdən yararlanması.
Üstəlik, “Qarabağ” və “Neftçi” azarkeş qruplarının hazırlayacağı şoular, pankartlar, ritmik dəstək və qarşılıqlı atmacalar derbinin atmosferini daha da qızışdıra bilər. Bəzən tribunaların özündə də ayrıca bir tamaşa yaranır. Bir tərəf öz sevgisini mahnı ilə ifadə edir, digər tərəf cavabını şüarla verir. Rəqabət, zarafat, emosiyalar və futbol ehtirası… Bütün bunlar derbini adi oyundan fərqləndirən detallardır.
***
Əlbəttə, bu romantikanın öz sərhədi var: rəqibə hörmət qorunmalı, rəqabət meydanda və tribunada idman ruhundan kənara çıxmamalıdır. Çünki futbol sevgisi qarşı tərəfə nifrət etmək deyil, öz komandanı daha çox sevməkdir.
Bəs bu hekayənin əsas qəhrəmanları kimlərdir? Futbolçular? Məşqçilər? Bəlkə də. Ancaq azarkeşlər olmasa, ən möhtəşəm derbinin belə ruhu çatışmaz.
Futbolu televizordan izləmək olar. Hesabı bilmək, qolları təkrar izləmək, oyunu müzakirə etmək də mümkündür. Amma stadionda minlərlə insanla eyni anda nəfəsini tutmaq, komandanın hücumunda ayağa qalxmaq, qol vurulanda yad insanlarla qucaqlaşmaq, sevinci tanımadığın adamla bölüşmək tamam başqa hissdir. Bəlkə də futbolu bu qədər gözəl edən məhz həmin anlardır.
Odur ki, oktyabrın 17-də “Qarabağ” və “Neftçi” azarkeşlərinin qarşısında seçim var: bu tarixi evdən izləmək, yoxsa onun bir parçasına çevrilmək?
Azərbaycan futbolunun belə günlərə ehtiyacı var. Dolu tribunalar, rəngarəng şoular, meydanda gərgin mübarizə, tribunada futbol sevgisi… Belə bir atmosfer təkcə iki kluba deyil, bütövlükdə Azərbaycan futboluna qazandırar. Çünki derbinin dəyəri yalnız nəticə ilə ölçülmür. Onun yaratdığı xatirələr də illərlə yaşayır.
***
Bəlkə də illər sonra kimsə bu oyunu xatırlayanda hesabı unudacaq. Amma atasının, babasının əlindən tutub stadiona ilk dəfə gəldiyi günü, tribunada eşitdiyi mahnını, son dəqiqələrdə keçirdiyi həyəcanı unutmayacaq. Futbolun əsl nağılı da elə belə yazılır — bir nəsildən digərinə ötürülən xatirələrlə.
Min bir gecənin sonu gəlmir. Hər gecə yeni bir hekayə, hər derbi yeni bir həyəcan, hər nəsil futbola öz sevgisini gətirir.
Oktyabrın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda növbəti gecə başlayacaq. “Qarabağ” və “Neftçi” meydana çıxacaq, tribunalar səslənəcək, ürəklər döyünəcək. Bu dəfə hansı hekayənin yazılacağını isə futbolçularla yanaşı, azarkeşlər də müəyyənləşdirəcək.
“Qarabağ” – “Neftçi”: 1001 gecəlik futbol nağılı davam edir.
Sevginizi tribunaya gətirin. Bu gecə tarixə birlikdə imza atın!
Mövzu üzrə digər yazılar: İtirilmiş futbol tarixi dosyesi.





Fikirlərini bizimlə bölüş!