Azərbaycan futbolu

Xəbərlər və təhlillər

21 sm

Yadımdadı, "Neftçi" "hansısa yollar"la Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanandan sonra "Skenderbeu" səddini keçə bilməyəndə, hamı şoka düşmüşdü.

Ay ötdü, il keçdi, həmin "Skenderbeu" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı.

Həmin "Skenderbeu"nun təmsil etdiyi ölkə – Albaniya isə bu gün tarixi uğura imza ataraq, Avropa çempionatının final mərhələsinə vəsiqə əldə etdi. Özü də bizə düşmən ölkənin baş şəhərində – İrəvanda.

Baxın, qara üzlü neftin, pulun yox, işin, istedadların gətirdiyi uğur budu.

Hə, Azərbaycan Avropa Liqasının qrup mərhələsində iki komandayla mübarizə aparır – böyük uğurdu. Amma bu, azərbaycanlı futbolçuların uğuru deyil axı. Bu, Reynaldonun, Almeydanın, Aqollinin, Kintananın, Zenyovun, Zetsin və başqa əcnəbilərin uğurudu.

Bu, pulun uğurudu! Pula gələn səviyyəli legionerlərin uğurudu!

Bu gün millimizin üçqat baş məşqçisi olmuş Vaqif Sadıqovun fikirlərini oxudum. İtaliyaya dünən 1:3 hesabıyla uduzmuş millimizi xeyli tərifləyib, deyib ki, topa yiyələnmədə üstünlük bizim tərəfimizdə olub. Milli komandaya üç dəfə rəhbərlik etmiş, ölkənin ən savadlı mütəxəssislərindən biri olan Sadıqovun bu fikirləri qarşısında matım qurudu.

Vaqif müəllim, siz zarafat edirsiz? Xahiş edirəm, deyin ki, zarafat edirdim…

İtaliyaya qələbə lazım idi və azca təzyiqi artıran kimi özünə lazım olan qolları vururdu. Topa yox, istəsən, torpağa, topxanaya da sahib ol, qələbəni biz yox, rəqib qazandı. Məğlub, özü də fərli-başlı oyun göstərmədən məğlub olan bir komandanın topa yiyələnmədə üstün olmasıyla fəxr etmək… Ya Rəbbim, sən özün ağlımızdan muğayat ol.

Axı sizin başında olduğunuz milli 13 il əvvəl indikindən daha güclü, ulduzlarla dolu İtaliyayla Bakıda daha yaxşı oyun göstərmişdi, Vaqif müəllim. Kim bilir, əlinizin altında Dmitri Nazarov ad-soyadlı bir legioner olsa, bəlkə qol da vura bilərdiz.

Başa düşürəm, "Qarabağ"ın, "Qəbələ"nin Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması, mütəxəssislərimizdən tutmuş, jurnalistlərə, azarkeşlərədək hamının gözünü kor, qulağını kar edib. Və bu kor, kar olmuş insanlar iki gün öncə Avstriyaya 0:7 hesabıyla uduzan 21 yaşlılardan ibarət millimizin fəryadını çətin ki, eşidə.

Eşidirsiz, U-21-i – gələcəyimizi darmadağın ediblər, yerin dibinə soxublar! Bu U-21-lə Azərbaycan futbolu heç 21 sm də irəli gedə bilməz!

Eşidirsiz, Rövnəq Abdullayev, siz hələ futbolun neçə nəfərlə oynanıldığını bilməyəndə, bu idman növündən min kilometrlərlə uzaq olanda, özümüzə bab rəqib kimi gördüyümüz Albaniya Avropa çempionatının final mərhələsindədi!

Bəs biz hardayıq, Rövnəq Abdullayev, Vaqif Sadıqov?

"Məncə, İcraiyyə Komitəsinin qəbul etdiyi bu limit bizə tam uyğundu. Məhz bunun nəticəsində iki klubumuz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Klublarımız avrokubokların ilkin təsnifat mərhələsində 6+5 sistemiylə oynayırlar. Qrup mərhələsinə yaxınlaşdıqda isə başlayırlar legioner almağa. Bu onu göstərir ki, yerli futbolçuların olduğu heyət nəticə göstərir".

Bu fikirlər isə AFFA-nın baş katibi Elxan Məmmədova məxsusdu.

Xahiş edirəm, bu cümləyə diqqət edin: "Qrup mərhələsinə yaxınlaşdıqda isə başlayırlar legioner almağa".

Siz də Vaqif Sadıqov kimi zarafat edirsiz, Elxan müəllim? Zarafat deyilsə, kül olsun Azərbaycan futbolunun başına ki, onun başında bu başa sahib olan siz varsız! Bu, sizin üçün meşədən giləmeyvə yığmaqdı ki, qrup mərhələsinə yaxınlaşdıqca klublar da legioner yığmağa başlasın? Yəni doğrudanmı, Elxan müəllim, siz düşünürsüz ki, legionerləri elə əvvəldən – ölkə çempionatına start verəndə toplamaq, yığmaq olmaz? Yoxsa elə bilirsiz ki, "Qəbələ" və "Qarabağ" yerli oyunçuların hesabına uğurlu çıxış edir Avropada? Yoxsa legioner limitinə görə fəryad edən Qurban Qurbanovun naləsi qulağınıza kimi çatmır, Ramin Musayev yolda boğur səsi?

Fikirlərini bizimlə bölüş!