AFFA yanında Media Komitəsinin maliyyə dəstəyiylə “Fəaliyyətini dayandırmış Azərbaycan klubları – Səbəblərin araşdırılması” layihəsinin ikinci hissəsinin icrasını davam etdiririk.
Yevlax futbolu deyəndə ağıla ilk olaraq “Karvan” gəlir. Şəhəri bir neçə il yüksək liqada təmsil edən “ağ-qaralar”, Premyer Liqada mükafatçılar sırasına düşməsi, UEFA kubokunda ilk mərhələ adlayan komandamız kimi azarkeşlərin yaddaşında iz qoyub. Ancaq “Karvan” Yevlaxı Azərbaycan futbolunun elitasında təmsil edən ilk klub olmayıb. “Ağ-qaralar”dan illər öncə bu şəhəri güclülər dəstəsində başqa klub təmsil edib. Söhbət Yevlax “Avtomobilçi”sindən gedir.
“Hər şey birinci katibin barmağının bir işarəsindən asılı idi”
Yevlaxlı azarkeşlər ilk dəfə “Avtomobilçi” adıyla 1985-ci ildə tanış olublar. Düzdü, yevlaxlıların futbolla tanışlığı bundan illər öncəyə təsadüf edib. Uzun illər rayonda futbol sahəsində çalışmış, vaxtilə Yevlax şəhər stadionunun direktoru olmuş, futbol mütəxəssisi Həsən Abdullayevin sözlərinə görə, şəhərdə futbol aeroportdan başlayıb:
“Avtomobilçi” komandası 1985-ci ildə yaradılıb. O vaxtlar hər şey şəhərin birinci katibinin barmağının bir işarəsindən asılı idi. Sabir Yaqubov Yevlaxda birinci katib olduqdan sonra ilk növbədə idmanın inkişafına diqqət ayırdı. O, qarşıya belə tələb qoydu ki, Yevlaxda güclü komanda yaradılmalıdı. Burda hər sahəni bir nəfərə tapşırdı.
Ancaq şəhərdə futbolun tarixi 50-ci illərə təsadüf edir. Həmin illərdə şəhər aeroportunda çalışan ruslar komanda yaratmışdılar. Onların oyunları şəhərin gəncləri tərəfindən maraqla qarşılanırdı. Tamamilə həvəskarlardan ibarət komanda idi. Amma 1951-ci ildə həmin bu komanda Azərbaycan kubokunda finala çıxdı. Həmin vaxtlar komanda “Aeroport” və “Məhsul” adları altında çıxış edirdi. Müxtəlif vaxtlarda Yevlaxı “Spartak”, “Dinamo” adlarında komandalar da təmsil etmişdi.
Yerli yarışlarda Yevlaxı təmsil edən komandaların başqa uğurları da olmuşdu. Məsələn, 1983-cü ildə şəhərin komandası Zaqatalada keçirilən “Qızıl sünbül” turnirində ikinci oldu”.
Niyə “Avtomobilçi”?
Bəs niyə məhz “Avtomobilçi”? Ölkə futbolunun tarixiylə yaxından maraqlananlar Azərbaycan futbolunda bu ada mütləq rast gəliblər. Özü də bir dəfə yox, bir neçə dəfə. Məsələ bundadı ki, Azərbaycanda müxtəlif şəhərləri təmsil edən bir neçə “Avtomobilçi” komandası olub. “Dinamo”, “Məhsul” və s. adlar kimi. Sovet dövründə Azərbaycanda yaradılan komandaların hərəsi bir zavoda, təşkilata həvalə olunmuşdu. Həmin komandaların necə adlamasında bu amil əsas rol oynayırdı. Komanda məhz onu maliyyələşdirən təşkilatın adını alırdı. Yevlaxda da belə oldu. Şəhər rəhbərliyinin göstərişi ilə komandanı maliyyələşdirmək Avtonəqliyyat İstehsalat Birliyinə həvalə edildi. Elə sponsorunun adına uyğun olaraq, yeni yaradılan komanda “Avtomobilçi” adlanmağa başlayır. Həsən Abdullayevin sözlərinə görə, o vaxt bu birlik böyük maliyyə dayaqlarına malik idi:
“1985-ci ildə isə bayaq qeyd etdiyim kimi, yeni birinci katibin göstərişi ilə rayonda güclü komanda yaradıldı. Komandanı maliyyələşdirmək isə Avtonəqliyyat İstehsalat Birliyinə həvalə edildi. Elə məhz buna görə komanda “Avtomobilçi” adlandırıldı.
Bu birlik 11 rayonu əhatə edirdi və maddi cəhətdən böyük imkanları var idi. Buna görə, birlik komandanı saxlamaqda çətinlik çəkmirdi.
Komandaya qonşu rayonlardan oyunçular cəlb edildi. Əli Quliyev, Yadigar Süleymanov kimi oyunçularla gücləndi. Komandada demək olar, Azərbaycanın bütün bölgələrindən oyunçular çıxış edirdi. İlk baş məşqçi mərhum Əli Rəhmanov oldu”.
İlk stadion
Yevlaxda ilk stadion da məhz “Avtomobilçi” sayəsində salınıb. Sonradan “Karvan”ın fəaliyyəti dövründə müasir standartlara uyğun vəziyyətə gətirilən Yevlax şəhər stadionu məhz “Avtomobilçi”nin dövründə tikilib. Həmin vaxt stadiona direktor təyin olunan Həsən bəy deyir ki, yeni stadionun tikintisi də şəhər rəhbərliyinin göstərişi ilə olub:
“Yeni komanda yaradılmışdı. Belə komandanın normal stadionu olmalı idi. O vaxta qədər Yevlaxın komandaları torpaq meydançalarda oynayırdılar. Ancaq birinci katibin göstərişi ilə Yevlaxda yeni stadion da tikildi. Stadionun tikintisi 1985-ci ildə başa çatdı. Mən bundan sonra komandadan ayrılaraq, stadionun direktoru oldum. Bu vaxtadək şəhərdə stadion yox idi. Var idi, ancaq bu, qum meydança idi. Heç xətlərin yeri də düz-əməlli bilinmirdi. Şəhərdə ilk meydança isə elə aeroportda salınmışdı”.
“Avtomobilçi” oyun satıb?
Digər rayonlardan yeni oyunçuların cəlb edilməsi komandanın çıxışında özünü göstərir. 1986-cı ildə ölkə çempionatının birinci dəstəsində oynamağa başlayan “Avtomobilçi” artıq 1987-ci ildə Azərbaycan çempionatının əsas liqasına vəsiqə qazanır. Elə həmin ildə komanda Azərbaycan kubokunun finalına yüksəlir və həlledici oyunda Sabirabadın “İnşaatçı” klubuna uduzur – 1:2. Bir il sonra isə komanda yenidən finala vəsiqə qazansa da, bu dəfə Lənkəran “Xəzər”inə məğlub olur.
Kubokun finalındakı məğlubiyyət müəyyən söz-söhbətlərə səbəb olub. O vaxt yaxşı heyətə, maddi imkanlara malik olan komandanın məğlubiyyətləri birmənalı qarşılanmayıb. Abdullayevin sözlərinə görə, hətta oyunların satılmasıyla bağlı müəyyən şübhələr də olub:
“Düzdü, ardıcıl iki məğlubiyyətdən sonra belə söz-söhbət yarandı ki, guya Əli Rəhmanov oyunu satmışdı. Ancaq bu elə söz-söhbət olaraq da qaldı. Onun final oyunundan sonra Bakıdan qayıtmaması şübhələri bir az da gücləndirdi. Ancaq Əli müəllimin Yevlax futbolunun inkişafında çox böyük rolu olub. Biz ondan çox şeylər öyrənmişik”.
Gərgin siyasi vəziyyət, Yaqubovu Aşurovun əvəzləməsi
80-ci illərin sonlarında ölkədə siyasi vəziyyətin gərginləşməsi yerli təşkilatların, zavodların maliyyə vəziyyətinə də təsir edir. Məhz burdan maliyyələşən futbol klublarında da eyni vəziyyət müşahidə olunur. Ölkədə olan siyasi sabitsizlik futbolu ikinci plana keçirir. “Avtomobilçi” də bundan öz “pay”ını alır. Komandaya ayrılan maliyyə vəsaiti bir xeyli azaldılır. Abdullayevin dediyinə görə, şəhər rəhbərliyindəki dəyişiklik də bunda əsas rol oynayır:
“Azərbaycanda bölgələrdə futbolun inkişafı yerli birinci katiblərdən asılı idi. Yaqubov getdikdən sonra onun yerinə Murad Aşurov gəldi. Onun dövründə də komanda 1-2 il fəaliyyətini davam etdirdi. Ancaq “Avtomobilçi” artıq əvvəlki kimi deyildi. Komanda sovet dövründə 2-3-cü yerlər üçün oynayırdısa, heyətin özəyini təşkil edən, digər rayonlardan olan oyunçular komandadan ayrıldıqdan sonra bir xeyli zəifədi. 90-cı illərin əvvəllərində – Cəbhə hakimiyyəti dövründə ümumiyyətlə futbola baxan olmadı. Stadion baxımsızlıqdan pis vəziyyətdə qalmışdı”.
“26”-lardan biri
Maddi çətinliklərə baxmayaraq, komanda ilk Azərbaycan çempionatının iştirakçısı olur. A qrupunda mübarizə aparan “avtomobilçilər” ilk mərhələni 13 komanda arasında 8-ci pillədə başa vurur. Yekunda isə komanda 26 komanda arasında 21-ci olur və birinci dəstəyə yuvarlanır. Abdullayev “Avtomobilçi”nin müstəqillik dövründə uğursuz çıxışlarının əsas səbəbi kimi komandanın özəyini təşkil edən oyunçuların maddi çətinlikliklərə görə digər klublara üz tutmasında görür:
“Əvvəllər komandanın əsasını Bərdədən gəlmiş oyunçular təşkil edirdi. Burdan gəlmiş 5 oyunçu Bərdə “Pambıqçı”sına qayıtdıqdan sonra estafeti Mingəçevirdən gələn oyunçular aldı. O vaxt bu şəhərin də “Avtomobilçi” komandası var idi. Güclü komanda idi. Həmin komanda dağılanda onların da bir neçə əsas oyunçusu Yevlax “Avtomobilçi”sinə üz tutmuşdu. Amma şəhər rəhbərliyi dəyişdikdən sonra ordan gəlmiş oyunçular komandadan ayrıldı.
“Avtomobilçi” qaldı yerli gənclərin ümidinə. Bu oyunçular isə müstəqil Azərbaycan çempionatının ilk mövsümündə aşağı liqaya düşdü. Düzdü, elə həmin uşaqlar komandanı yenidən yüksək liqaya çıxardılar. Ancaq sonradan yenidən aşağı liqaya düşdülər. Burda bir mövsüm çıxış etdikdən sonra isə “Avtomobilçi” fəaliyyətini dayandırdı.
İllər sonra isə Elmar Vəliyev icra hakimi gəldikdən sonra şəhərdə futbol dirçəldi və “Karvan” yaradıldı. Hansı ki, bu komanda sonradan ölkə çempionatında mükafatçılardan oldu, həmçinin, UEFA kubokunda ilk mərhələ keçən klubumuz kimi tarixə düşdü. Ümumiyyətlə, harda ki, icra başçısının futbola marağı, qayğısı var, həmin rayonda, şəhərdə futbol klubu olur. Əks halda isə bu, demək olar mümkünsüzdü”.
Birinci dəstədə oynasalar da…
1993-cü ildə birinci dəstədə çıxış edən “Avtomobilçi” burda 1-ci yer uğrunda oyunda o vaxt yaxşı maliyyə dayağı olan “Xəzri”yə 0:2 hesabıyla uduzsa da, 2-ci kimi yüksək liqaya qayıdır.
Maraqlıdı ki, komanda birinci divizionda çıxış etdiyi mövsümdə ölkə kubokunda Bərdə və Neftçala “Pambıqçı”larını mübarizədən kənarlaşdıraraq, 1/4 finala qədər irəliləyir. Ancaq komanda burda ölkə kubokunun son qalibi Bakı “İnşaatçı”sına uduzaraq (1:2, 0:3) mübarizəni dayandırır.
Yüksək liqaya qayıdan “Avtomobilçi” güclülər dəstəsindəki ikinci mövsümündə keçirdiyi 30 oyunda yalnız 2 qələbə qazana bilir. “Avtomobilçilər” sonuncu kimi aşağı liqaya yuvarlanır. Bu, Yevlax təmsilçisinin yüksək liqadakı son mövsümü olur.
Növbəti mövsümdə yenidən birinci dəstədə çıxış edən “Avtomobilçi” 15 komanda arasında 9-cu olur. 1994/95 mövsümü “Avtomobilçi”nin Azərbaycanın futbol səhnəsində göründüyü son il olur. Bundan sonra komanda Azərbaycan futbol qəbiristanlığının sakininə çevrilir.
Futboldan kənar qalan “avtomobilçilər”
Düzdü, illər sonra Yevlaxa futbol qayıdır. “Karvan” “Avtomobilçi”nin xələfi sayılmasa da, şəhəri ölkə çempionatında uğurla təmsil edir. Lakin uğurlara rəğmən, “Karvan”ın da aqibəti “avtomobilçilər”dən fərqli olmur. Bu isə başqa yazının mövzusudu.
Güclülər dəstəsində komandanın baş məşqçisi Elşən Həsənov olub. Ancaq mütəxəssis klub dağıldıqdan sonra futboldan ayrı düşüb. Əldə etdiyimiz məlumata görə, Həsənov hazırda gəmidə çalışır. Təkcə baş məşqçi yox, güclülər dəstəsində “Avtomobilçi”də oynamış oyunçuların əksəriyyəti futboldankənar sahələrdə çalışırlar. Güclülər dəstəsində komandada top qovmuş oyunçulardan ən məşhuru isə Kənan Kərimovdu. Cəmi 16 yaşında “Avtomobilçi”nin heyətində güclülər dəstəsində debüt edən Kərimov, karyerasını bitirdikdən sonra da müxtəlif klublarda məşqçi kimi çalışıb.
Rəşad ERGÜN




Fikirlərini bizimlə bölüş!