AFFA yanında Media Komitəsinin maliyyə dəstəyiylə “Fəaliyyətini dayandırmış Azərbaycan klubları – Səbəblərin araşdırılması” layihəsinin ikinci hissəsinin icrasını davam etdiririk.
Kürmük – bu ad qaxlı futbol azarkeşləri üçün təkcə rayon ərazisində axan çay mənasına gəlmir. Məhz bu ad altında çıxış edən futbol klubu bir neçə il Qaxı güclülər dəstəsində təmsil edib. Özü də, təkcə Qaxı yox, Azərbaycanın bütün şimal-qərb zonasını. Hazırda Azərbaycan Premyer Liqasında bu zonanı “Qəbələ” təmsil edir. Ancaq “qırmızı-qaralar”dan illər öncə güclülər dəstəsində bu regionun şərəfini “Daşqın” (Zaqatala) və “Kürmük” qoruyurdu.
“Şəfəq” necə “Kürmük” oldu?
Qaxlı futbol azarkeşlərinin “Kürmük” adı ilə ilk tanışlığı 1985-ci ilə təsadüf edir. Bunadək rayonu təmsil edən “Şəfəq” komandası məhz həmin ildən etibarən “Kürmük” adlanmağa başlayır.
Komandanın təsisçilərindən olan, müstəqillik illərində bir neçə il baş məşqçi kimi də çalışan Rauf Əmirov klubun yaranmasını belə xatırlayır:
“Komandanı 1985-ci ildə yaratdıq. O vaxt “Neftçi”də oynayırdım. Bu klubdan Qaxa qayıtdıqdan sonra burda “Kürmük” komandasını yaratdıq. Bundan öncə də Qaxda futbol komandası var idi. Amma adı “Kürmük yox, “Şəfəq” idi. Qaxda olan böyük Kürmük çayının şərəfinə komandaya belə ad verdik”.
“Neftçi” Qaxda
“Kürmük” sovet dövründə yüksək liqalarda çıxış etməsə də, bir neçə dəfə ölkənin ən köklü klubu olan “Neftçi”ylə yoldaşlıq oyunlarında qüvvəsini sınayıb. Qax futbol məktəbinin yetirməsi olan, bütün karyerasını “Kürmük”də keçirmiş Elbrus Əliyev komandanın ölkə çempionatlarında ən məhsuldar futbolçusudu.
Onun sözlərinə görə, komanda ölkənin flaqmanı sayılan, sovet dövründə Azərbaycanın ən yaxşı futbolçularının cəmləşdiyi “Neftçi”ylə bərabər mübarizə aparıb:
“Futbola 10 yaşımda yerli futbol məktəbinin komandasında başlamışam. 14 yaşım olanda Qaxın futbol məktəbinin komandasının heyətində Gəncədə “Sevinc kuboku”na qatılmışdım. Həmin yarışda Tofiq Bəhramov baş hakim idi. O, turnirdən sonra məni və başqa iki uşağı “Neftçi”nin hazırlıq qrupuna yazdırdı. Ancaq ailə vəziyyəti ilə əlaqədar “Neftçi”yə gedə bilmədim. Elə Qaxda qalaraq, yerli komandada çıxışımı davam etdirdim. Yalnız əsgərliyə yollananda müəyyən fasilə verdim. 1982-ci ildə, əsgərlikdən qayıtdıqdan sonra yenidən Qaxda, yerli komandada oynamağa davam etdim. “Kürmük” dağılana kimi burda oynadım.
80-ci illərdə “Neftçi” regionlarda yoxlama oyunları keçirirdi. Həmin vaxt Rauf müəllim (Rauf Əmirov) bizim “Neftçi”ylə oyunlarımızı təşkil etmişdi. O vaxtlar bu komandada İsgəndər Cavadov, Maşallah Əhmədov, Aqil Mirzəyev, Aleksandr Jidkov, Əsgər Abdullayev kimi oyunçular çıxış edirdi. “Neftçi”ylə Qax şəhər stadionunda üz-üzə gəldik. Ölkənin əsas komandasıyla oyunlarda iki dəfə – 2:2 və 1:1 hesablı bərabərə qaldıq”.
Üç illik güclülər dəstəsi macərası
“Kürmük” 1992-ci ildə müstəqil Azərbaycanın futbol üzrə ilk ölkə çempionatının iştirakçısı olur. Güclülər dəstəsindəki ilk mövsümü “Kürmük” 10-cu pillədə başa vurur (26 komanda arasında). Həmin mövsümdə ölkə kubokuna da qatılan Qax təmsilçisi 1/8 finalda “Neftçi”yə minimal hesabla (0:1) uduzaraq, mübarizəni ilk mərhələdə dayandırmalı olur.
Növbəti mövsümdə isə “Kürmük” güclülər dəstəsinin B qrupunda 10 komanda arasında 7-ci olur. Ölkə kubokunda isə 1/8 final mərhələsi yenə keçilməz olur. Bu dəfə şimal-qərb klubunun qarşısını Lənkəran “Xəzər”i kəsir.
1993/94 mövsümü isə “Kürmük”ün güclülər dəstəsində keçirdiyi son il olur. Əvvəlki illərlə müqayisədə zəif çıxış edən komanda çempionatı 16 komanda arasında 15-ci pillədə başa vuraraq, aşağı liqaya yuvarlanır. Ancaq “Kürmük” bir çox klub kimi aşağı liqaya düşdükdən sonra fəaliyyətini dayandırmır. Qax təmsilçisi düz üç il birinci divizionda güclülər dəstəsinə qayıtmaq üçün mübarizə aparır. Amma bu, şimal-qərb təmsilçisinə müyəssər olmur.
Aşağı liqada 1994/95 mövsümündə 3-cü, 1995/96 mövsümündə 13-cü, 1996/97 mövsümündə isə 3-cü olan “Kürmük”, 1997-ci ildən sonra çıxışını dayandırır.
Yerlilərdən təşkil edilmiş komanda və ilk gürcü
“Kürmük” ölkə çempionatlarında ciddi uğurla yadda qalmasa da, daim güclülərə başağrı olmasıyla fərqlənirdi. Hazırda ölkə çempionatında çıxış edən region klublarından hansınınsa heyətinin böyük hissəsinin yerli futbolçulardan təşkil olunmasını düşünə bilərsiz? Yəqin ki, yox. Ancaq “Kürmük”də vəziyyət fərqli idi. Güclülər dəstəsinin ortabablarından sayılan komandanın heyəti yerli futbolçulardan təşkil edilmişdi.
Elbrus Əliyevin sözlərinə görə, komandanın əsas gücü fiziki cəhətdən hazırlıqlı olmasında idi:
“Komandamız fiziki cəhətdən çox güclü idi. Uşaqların bir çoxu demək olar, yaşıd idi. Yalnız kapitanımız Əlövsət Bayramov bizdən bir qədər böyük idi. Bir də, bizdə oyunçular arasında ciddi səviyyə fərqi yox idi. Ehtiyat oyunçular da meydana çıxanda əsas heyətin üzvləri kimi çıxış edirdilər. Həm fiziki, həm də texniki cəhətdən yaxşı idik. Oyunlarda məhz bu xüsusiyyətlərimizin sayəsində üstünlük əldə edirdik. Güclü komandalar daim bizimlə oyunlarda, əsasən Qaxdakı qarşılaşmalarda çətinliklə üzləşirdilər. Başqa güclü komandaların çətinliklə udduqları komandaları biz Qaxda böyük hesabla məğlub edirdik”.
Futbolçulardan söz düşmüşkən, həmin vaxt komandada yer alan Gerasin Tartaraşvili legioner yox, Qax sakini idi. Tartaraşvili müstəqil ölkə çempionatında oynayan ilk legioner olmasa da, ilk gürcü olub. Karyerasını bitirdikdən sonra futboldan uzaqlaşan Tartaraşvili 2013-cü ildə, yaşadığı Qaxingiloy kəndində kəsdiyi ağacın üzərinə düşməsiylə dünyasını dəyişib.
“Hərə bir tərəfə dağılışdı”
Sovet dövründə fəaliyyət göstərmiş bir çox region klubları kimi “Kürmük”ü də yerli icra hakimiyyəti, kolxoz və yerli təşkilatlar maliyyələşdirirdi. Lakin vaxt keçdikcə bu maliyyə dayaqlarından bir çoxu ya fəaliyyətini dayandırmış, ya da ciddi maliyyə böhranı keçirməyə başlamışdı. Sovet dövründə kolxozun da maliyyə yardımı etdiyi komanda müstəqillik dövründə, kolxozların dağılmasıyla bu yardımdan da məhrum qalır. “Kürmük” müstəqillik dönəmində yerli icra hakimiyyətinin dəstəyiylə bir neçə il yaşasa da, artıq ailə başçısı olan futbolçuların bir çoxu daha yaxşı qazanc üçün başqa sahələrə üz tutmağa başlayır. Komandanın son illərdəki uğursuz çıxışlarının səbəblərindən biri də, təcrübəli oyunçuların komandanı tərk etməsi və klubun gənclərin ümidinə qalması idi.
Elbrus Əliyevin sözlərinə görə, komandada top qovan futbolçuların hərəsi bir təşkilata tapşrılımışdı:
“Komandanı əsasən, icra hakimiyyəti maliyyələşdirirdi. Futbolçuların hərəsini bir yerli təşkilata tapşırmışdılar. Həmin təşkilatlar, kolxozlar oyunçulara maaş verirdi. Ancaq sonradan maliyyə çətinliyi yarandı. Futbolçulara maaş verən təşkilatlarda maliyyə vəziyyəti pisləşdi. Oyunçuların da çoxu artıq ailə qurmuşdu, ailə saxlamalı idilər. Buna görə də, hərə bir tərəfə dağılışdı”.
“Yeni gələn icra başçısı dedi ki…”
Komandanın baş məşçisi olmuş Rauf Əmirov maliyyə çətinliyi yarandıqdan sonra futbolçuların dolanışıq üçün başqa sahələrə üz tutmalı olduqlarını deyir:
“O vaxtlar “Kürmük”də oynayan futbolçuların hamısı yerli, qaxlı uşaqlar idi. Komanda dağıldıqdan sonra onlardan bəziləri idman məktəbində futbol üzrə məşqçi kimi çalışmağa davam etdilər. Elələri də oldu ki, başqa sahələrdə çalışmağa başladılar. İndi də futbol sahəsində çalışanlar var.
Komanda maliyyə çətinliyiylə əlaqədar fəaliyyətini dayandırdı. Rayonda icra hakimiyyəti dəyişdikdən sonra yeni gələn icra başçısı dedi ki, komandanı saxlamağa imkan yoxdu. Beləcə, komanda fəaliyyətini dayandırdı.
Hazırda Qaxda futbol hələ də yaşayır. Rayonda iki futbol məktəbi var. Biri Gənclər və İdman Nazirliyinin, digəri isə Təhsil Nazirliyinin balansındadı. Bu komandalar aşağı yaş qrupları üzrə yarışlarda iştirak edir. Bəzən bu komandalar yarışlara “Kürmük” adı ilə qatılırlar”.
“Zaqataladan, Şəkidən bizim oyunumuzu izləmək üçün gəlirdilər”
“Kürmük” azarkeş sarıdan heç bir korluq çəkmirdi. Komandanın ev oyunlarını keçirdiyi Qax şəhər stadionunda bir qayda olaraq, anşlaq olurdu. Elbrus Əliyevin sözlərinə görə, komandanın evdə inamlı çıxışında bu amilin də xüsusi rolu olurdu:
“Evdə yaxşı oynamağımızda azarkeş amilinin də böyük rolu var idi. Qaxın rayon mərkəzindən 20-30 km uzaq olan bir çox kəndlərindən, Zaqataladan, Şəkidən bizim oyunumuzu izləmək üçün gəlirdilər.
İndi oyunlara 100 nəfər yığmaq olmur. Ancaq bizim hər oyunumuza ən azı 1500-2000 azarkeş gəlirdi. Hələ yüzlərlə azarkeş oturmağa yer olmadığından, oyunu ayaq üstə izləyirdi”.
“Kürmük-1996”, “Qax”…
“Kürmük” dağıldıqdan sonra da, Qax müxtəlif yarışlarda təmsil olunub. Elbrus Əliyevin sözlərinə görə, müxtəlif vaxtlarda “Kürmük-1996”, “Qax” komandaları həvəskarlar liqasında və regional yarışlarda rayonu təmsil edib:
“Daha sonra isə “Kürmük-1996” adında gənclərdən ibarət komanda yaratdıq. Amma bu komanda da maliyyə çatışmazlığının qurbanı oldu. Təxminən 2 il fəaliyyət göstərdikdən sonra fəaliyyətini dayandırdı. Əsasən, yoxlama oyunlarında qüvvəmizi sınayırdıq.
4-5 il öncə həvəskarlar liqasında “Qax” adında komanda ilə təmsil olunduq. Burda oynayan uşaqlar yerli gənclər idi. Hərə bir kənddən idi. Ancaq bu komandanı da saxlamaq olmadı. Maliyyə çatışmazlığı olduğundan, hərə bir tərəfə dağılışdı”.
Hazırda nə işlə məşğuldular?
Komandanın ən sərrast futbolçusu olmuş Elbrus Əliyev hazırda Qax Uşaq Gənclər İdman Məktəbində işləyir. O, burda 14 yaşadək futbolçulardan ibarət komandanın baş məşqçisidi. Özünün dediyinə görə, Qaxda perspektivli uşaqlar var və bu rayondan gələcəkdə yaxşı futbolçuların yetişməsi ehtimalı çoxdu:
“Milli komandaya da çağırılmış qapıçı Anar Nəzirov Qax futbol məktəbinin yetirməsidi. O, mənim yetirməm olub. “İnter”, “Qarabağ”, “Neftçi” kimi klubların aşağı yaş qruplarına uşaqlar göndəririk. Burdakı uşaqlarda perspektiv var. Hazırda da yeni oyunçular yetişməkdədi”.
Elbrus bəy kimi vaxtilə “Kürmük”də top qovmuş futbolçuların bir çoxu idman sahəsində çalışır. Əliyevin sözlərinə görə, vaxtilə “Kürmük”də çıxış etmiş futbolçuların təxminən 60 faizi idmanın müxtəlif sahələrində fəaliyyət göstərirlər. Hətta Qax rayonu Gənclər və İdman idarəsinin rəhbəri də “Kürmük”ün kapitanı Əlövsət Bayramovdu:
“Vaxtilə “Kürmük”də çıxış etmiş futbolçulardan Telman Kərimov, Şahin Kərimov, Eyvaz Mobinov hazırda müxtəlif idman məktəblərində çalışırlar. O vaxtlar “Kürmük”də çıxış etmiş oyunçuların 60 faizi hələ də idman sahəsində fəaliyyət göstərirlər. Hazırda Qax Gənclər İdman İdarəsinin rəhbəri vaxtilə “Kürmük”ün kapitanı olmuş Əlövsət Bayramovdu”.
Elbrus Əliyev deyir ki, hazırda rayonda meydança problemi yoxdu:
“Qaxda meydança cəhətdən heç bir problem yoxdu. Hazırda burda 5 dənə yaxşı meydança var. Əsas stadion Gənclər və İdman Nazirliyinin balansındadı. İdman məktəbinin Təhsil Nazirliyinə məxsus iki meydançası var. O vaxtlar “Məhsul” cəmiyyətinə məxsus olmuş meydança da var. Düzdü, ordan elə də istifadə olunmur. Çünki elə də ehtiyac yoxdu. İdman kompleksinin də yaxşı futbol meydançası var”.
Avtoqola sevinən ilk komanda
Üç il güclülər dəstəsində çıxış etmiş “Kürmük”ün yuxarıda da vurğuladığımız kimi, ən sərrast futbolçusu Elbrus Əliyevdi. Sabiq hücumçu Qax təmsilçisinin heyətində güclülər dəstəsində 19 qola imza atıb. Komandanın ən çox forma geyinmiş üzvü isə Elçin Nurullayevdi. O, “Kürmük”də 77 oyun keçirib. Azərbaycan çempionatları tarixində ilk avtoqol da “Kürmük”ün oyununda vurulub. 1992-ci il, mayın 16-da Qax şəhər stadionunda baş tutmuş “Kürmük” – “Şirvan” (Kürdəmir) oyununda qonaqların üzvü Vahid Mahmudov öz qapısını dəqiq “nişan alaraq”, ölkə çempionatları tarixində ilk avtoqolun müəllifi olub.
Kürmükçay öz axarında olsa da…
Kürmükçay öz axarında olsa da, qaxlı futbol azarkeşlərinin sevimlisi “Kürmük”ün “suyu quruyub”. Düzdü, rayonda futbol məhv olmayıb, uşaqlar hələ də, müxtəlif futbol məktəblərində idmanın şahı sayılan oyunun sirlərinə yiyələnirlər. Qax şəhər stadionunun qazonu topa, butsa həsrət həsrət qalmasa da, tribunalar 20-30 km yol qət edərək gələn, 90 dəqiqə komandalarını dəstəkləyən yerli futbol azarkeşlərinə həsrət qalıb. Bu həsrətin sona yetməsi üçün isə “Kürmük”ün yolu yenə stadiondan düşməlidi…




Fikirlərini bizimlə bölüş!