Ayxan Abbasovun haqsızlıq etdiyi futbolçu

1 minute
Ayxan Abbasovun haqsızlıq etdiyi futbolçu — illüstrasiya

Millidə ən çox haqsızlıq edilən futbolçulardan biridir Zamiq Əliyev. İkiqat Albaniya çempionu olması, Çempionlar Liqasında iştirakı, ölkə xaricində 2 il duruş gətirməsi və s. faktlar kifayətdir ki, onun Bədəvi Hüseynov və ya Elvin Bədəlovdan üstün olduğunu göstərsin.

Mənim üçün Almaniyada oynamayan Mahir Emreli, Türkiyə I Liqasına gedən Toral Bayramov (halbuki ora getdiyinə görə özüm də tənqid etmişəm), gözdən, könüldən uzaqda olan Anton Krıvotsyuk belə, “Qarabağ”ın əvəzedici komandasında oynayan Elvin Cəfərquliyevdən üstündür.

Legioner karyerası yaşamaq bir xarakter məsələsidir. Bunu hər insan bacarmır. Zamiq isə buna duruş gətirdi. Özü də əsas heyətdə oynayıb Albaniya çempionu olmaqla. İndiyədək klubunda daimi oynayan hansısa futbolçumuzun sonuncu dəfə xaricdə titul qazanması 13 il əvvəl olub. 2013-cü ildə Elhad Nəziri “Petrolul”la Rumıniya Kubokunu qazanmışdı. Ancaq onda da onun start heyətdəki yeri mətbuatda gedən yazılara görə axsamışdı. “Dinamo” ilə çempion olan Mahir Emreli? O da heyətdə oynadılmırdı…

Zamiqlə həyatda heç vaxt üz-üzə gəlməmişəm. Amma “Araz-Naxçıvan”dan “Eqnatiya”ya 2 il əvvəl keçidi olanda təqdimat fotoları yadımdadır. Hələ o vaxt fiziki görünüşünə görə bu uşağın xaricdə çətinlik çəkməyəcəyini proqnozlaşdırmışdım. Hələ ki sadə proqnoz özünü doğruldur…

İndi “Eqnatiya” onun üçün gələn klublara 150 min avro qiymət qoyub. Yəqin ki, lazımsız futbolçuya görə qışdan bəri gələn təkliflər üçün belə qiymət qoyulmazdı. Adətən ortabab Avropa klubları belə, hansısa azərbaycanlı futbolçuya, özü də müdafiəçiyə görə bu pulu vermək istəmir. Bir sözlə, “Eqnatiya” həm də demək istəyir ki, Zamiq bizə Çempionlar Liqasında lazımdır…

Ayxan Abbasovun haqsızlıq etdiyi futbolçu — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!