Daha pis olacaq!
Bütün bu nəticələr təsadüfi deyil, Lixtenşteyni uda bilmədik, Litvanı uda bilmədik. Mənim üçün gözlənilməz deyildi. Matçdan əvvəl də pozitiv düşünmürdüm. Çünki mənə görə hər iş planlı şəkildə görülməlidir, lap fundamentdən. Qrupda 1-ci yeri tutduq, lap 2028-in pley-offun vəsiqə qazandıq? Sonra? Futbolçularımızın səviyyəsi, keyfiyyəti göz önündədir. Toral Bayramov elə bilir ki, yalnız cərimə zərbəsi vurduğuna görə “Bursaspor”da oynayacaq.
Uşaq futbolumuz bərbad durumda, akademiyalarımız yox, stadionlarımız yox. Legioner limiti yığışdırılıb, futbolçularımız oynamır. Ancaq oynasalar da nəsə dəyişməyəcək, belə düşünürəm. Çünki oynadıqları dövrü də görmüşük. Yaxşı məşqçilər yetişdirmək, o məşqçilərin daha da yaxşı olması üçün daim təcrübə üçün xaricə göndərib, daha da savadlı olmasına çalışmaq lazımdır. Azərbaycan I Liqa və II Liqa matçları aşağı-yuxarı hamısı Binə qəsəbə stadionunda və Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirilir, bir gün bu iki stadion çökməsə yaxşıdır.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev də futboldan həqiqətən uzaq adamdır. Verdiyi qərarlar, açıqlamaları, yalnız hansısa turnirlərdə medal paylamağa üstünlük verməsi, FİFA seriyasında Syerre-Leona ilə görüşdəki qələbəsiz qələbəni dünya çempionu kimi qeyd etməsi, balaca kuboku qürurla göylərə qaldırması…Futboldan azca başı çıxan adam onda da başa düşürdü ki, bunlar hamısı mənasızdır, vaxt öldürmək, günü xilas etməyə hesablanmış şeylərdir.
Daha da pis olacaqmı? Olacaq. Çünki akademiyalarımız yoxdur, stadionlarımız yoxdur, uşaq liqalarındakı oyunlar hansı stadionlarda, hansı toplarla oynanılır? Aşağı yaş qrupları yığmalarımız bərbad nəticələrlə uduzur. Normal, həqiqətən məntiqli, gələcəyi düşünərək ağıllı addımlar atılmayınca, heç nə olmayacaq. Azərbaycan – Lixtenşteyn matçından əvvəl də matç haqda azca da olsa, danışdıq. Amma problemimiz Lixtenşteyn matçı, qələbə qazanmamaq deyil, yuxarıda sadaladıqlarım və daha dərindir.


Fikirlərini bizimlə bölüş!