İndi Azərbaycanın futbol əhli həsrətlə, təşvişlə, həyəcanla, damarlarında adrenalini artan qanla oturub, qonşu Gürcüstanla, İranla, başıbatmış Sarkisyanla maraqlanmayıb, bütün diqqətini avqustun 15-nə yönəldib. Bu sətirləri oxuyanlar arasında futbolla maraqlanmayan təsadüfi oxucu ola bilər. Ona görə də şəxsimə borc bilirəm ki, izah verim. Ki, avqustun 15-də nə ay bədirlənəcək, nə də günaşırı hansısa bayramı qeyd edən xoşbəxt ölkəmizdə o günə bayram təsadüf edir. Azərbaycanın futbol əhlini dişini-dişinə sıxıb gözləməyə məcbur edən, bu uca millətimizi növbəti dəfə səbrlə sınağa çəkən olayın adı «Bakı»dı.
O «Bakı» ki, illər əvvəl səsi Çempionlar Liqasından, Avropa Liqasından, «Birlik kuboku»ndan gəlirdi. O «Bakı» ki, Azərbaycan çempionlarının əyilib su içdiyi «bulaq»dan o da içmişdi. Hə, o «Bakı» ki, nə vaxtsa adı gələndə yada dollar düşürdü, dünyanın neçə-neçə ölkəsindən futbolçular, məşqçilər o dolların iyinə axışıb Bakıya gəlirdi. Bu biri «Bakı»nın dollarından faydalanmaq üçün.
İndi o «Bakı»nın ölüm-qalım xəbərini gözləyir Azərbaycanın futbol əhli. Hazırda komanda «reanimasiya»dadı. «Baş cərrah» Rövnəq Abdullayev, köməkçiləri Elxan Məmmədov, Ramin Musayev və «xəstə»nin qohumu Yaşar Seyidov dayanmadan, hətta alınlarından axıb gözlərinə tökülən tər damlalarını da silmədən «Bakı» ilə əlləşirlər.
Ah, şair necə də gözəl demişdi:
«Bakı»nın dərdi var,
«Bakı» xəstədi.
Jurnalistlər bir neçə gün əvvəl bir neçə dəqiqəliyə «reanimasiya» otağını təbii ehtiyaclarını ödəmək üçün tərk edən Ramin Musayevi görüblər. Görən kimi də içdən gələn həyəcanla, səmimi canıyananlıqla ondan «xəstə»nin vəziyyətini soruşublar. Musayev əlindəki rezin əlcəkləri çıxarıb, gözlərindən axan yaşları silərək deyib: «Bildiyiniz kimi, hazırda ölümlə pəncələşən «Bakı» məlum səbəbə görə «Simurq»la ilk turun oyununa çıxa bilmədi. Bütün gücümüzlə çalışırıq ki, «xəstəmiz» tez bir zamanda sağalıb ayağa qalxsın. Amma ömrü yaşayan biz olsaq da, bizə ömür verən Allahdı. Ona görə hamılıqla Allaha dua edək ki, «Bakı» tezliklə sağalsın. Bunun üçün avqustun 15-nə kimi gözləyəcəyik. Sağalmasa, el adət-ənənəsinə uyğun olaraq dəfn mərasimini yüksək səviyyədə təşkil edib, Premyer Liqaya aşağı diviziondan klub dəvət edəcəyik».
Gördüyünüz kimi, «Bakı»nın avqustun 15-nə kimi vaxtı var. Ya ayın 15-nə kimi sağalıb Premyer Liqaya qatılmalıdı, ya da gündə üç dəfə kəlmeyi-şəhadət gətirmək üzrə məşq eləsə yaxşıdı. Amma bir şeyə əmin ola bilərsiz ki, «baş cərrah» Rövnəq Abdullayev başda olmaqla, həkim personalı «xəstə»nin üzərində bir an olsun belə dayanmadan işləyirlər. Bizə isə xalqımıza məxsus inanılmaz səbr, dözüm hissiylə dözməkdən başqa bir şey qalmır.
İşdi-şayət, qulaqlara qurğuşun, «Bakı» özündə güc tapıb sağalmasa, Əzrayılla sövdələşmədə razılığa gələ bilməsə, öz adımdan təklif edirəm ki, bu klubun adı əbədiləşdirilsin. Bundan sonra heç kimə icazə verilməsin ki, «Bakı» adında komanda yaratsın. Yaxınlarda birinci divizionda iştirakına icazə verilən «Bakılı»nın prezidenti Misir Əbilova tapşırılsın ki, gedib komandasına başqa ad tapsın. «Bakılı» adının şəkilçiyə kimi olan hissəsi duyğusal «Bakı» azarkeşlərinin hissləriylə oynamaq deməkdi.
Ümumiyyətlə, «Bakı» avqustun 15-nə sağ çıxmasa, təklif edərdim ki, hətta paytaxtımızın da adını dəyişdirmək lazımdı. Məsələn, Lans qoymaq olar. Hafiz Məmmədov fransızlara o qədər pul yedirdib, etiraz etməzlər./”Komanda”




Fikirlərini bizimlə bölüş!