Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Belə qondarma reytinq siyahılarını tanımırıq!

FİFA yığmaların yeni reytinq cədvəlini açıqlayıb. Və bir neçə gündü oxşar cümləylə başlayan xeyli xəbər oxumusuz. Həvəslə davam etmisiz və öyrənmək istəmisiz ki, Moldova üzərində qələbə Azərbaycan millisini reytinq cədvəlində neçə pillə irəli aparıb. Və gördüklərinizə inanmamısız, əlavə mənbə axtarışına çıxmısız. Görmüsüz ki, yox, daha əvvəl oxuduğunuz xəbərdə sizi aldatmayıblar. Moldovanı 2:1 hesabıyla məğlub edən Azərbaycan millisi reytinq cədvəlində irəliləmək əvəzinə geriləyib.

Lap məşhur "bir addım irəli, iki addım geri" deyimində olduğu kimi. Sovet İttifaqının son illərində ali məktəbdə oxuyan tələbələrdən birindən müəllim bu cümlənin izahını soruşur. Gözünə döndüyüm çoxbilmiş tələbə də tənbəllik eləməyib deyir: "Müəllim, Lenin babamız bizim müttəfiq respublikaları bir addım irəli aparmışdı. Amma sonradan Stalinlə Brejnevin səhv siyasəti SSRİ-ni iki addım geri saldı".

İndi bizim futbolumuz da eyni vəziyyətdədi. Robert Prosineçki səhhətinin ağır vaxtında canını dişinə sıxmış, soyuq noyabr axşamında bizi millimizin qələbəsiylə sevindirmişdi. İndi FİFA həmin sevinci burnumuzdan gildir-gildir yerə tökür. Bunda AFFA-nın baş katibi Elxan Məmmədovun da məsuliyyət payı var. Cənab baş katibin axı xaricdə yaxşı əlaqələri var. Əlaqələrini işə salmalı və bizim Moldovanı Bakıda məğlub etməyimizi FİFA-nın mənzil-qə-rargahında oturanların diqqətinə çatdırmalıydı. Adamların başı qarışıb Blatterin əməllərini ört-basdır eləməyə, bizim uğurlu inkişafımızı görmək istəmirlər. Necə olar bilər ki, öz inkişaf dövrünü yaşayan, Xorvatiya və Norveç milliləriylə qolsuz bərabərliyə nail olan Azərbaycan bu gün FİFA reytinqində Mozambik, Aruba, Mavritaniya kimi ölkələrdən geridə qalsın? Ölkəmizin və futbolumuzun uğurlu inkişafını gözü götürməyənlərin əməllərinin nəticəsidi.

Heç olmasa, Mavritaniyadan fərqli, bizdə futbolu 90 dəqiqə oynayırlar. Xəbəriniz var da, bu yaxınlarda Mavritaniyada bir futbol qarşılaşmasını stadionda olan ölkə prezidentinin istəyi ilə yarıda saxlamışdılar, komandalar qalibi penalti zərbələrindən sonra müəyyənləşdirmişdilər. Bu xəbəri eşidincə xeyli gülmüşdük, bizim gözəl məmləkətimizdə belə halların yaşanmadığına görə əlimizi göyə qaldırmış, Allaha şükür etmişdik. İndi məlum olur ki, özlərindən futbol qaydaları düzüb-qoşan mavritaniyalılar belə reytinqdə bizi qabaqlayır.

Bizə qarşı bu təxribatda düşmən ölkələrin və onların içimizdəki əlaltılarının barmaqları var. Həmin barmaqları və onların sahiblərini faş etməli, ciddi cəzalandırmalıyıq. Əminəm ki, qədirbilən xalqımız bu cür təxribatçı reytinq cədvəllərinə inanmayacaq, mənfur əməllərin sahibləri öz məqsədlərinə çatmayacaq. Biz AFFA-nın baş katibi Elxan Məmmədovun və onun uzaq Xorvatiyadan dəvət etdiyi Prosineçkinin ətrafında daha da sıx birləşməli, millimizin Moldovanı məğlub etməsinə doyunca sevinməliyik. Nəyimizə lazımdı belə reytinq siyahıları ki, qələbələrimizin üzərinə qara kölgə salmağa, uğurlarımızı kiçiltməyə çalışırlar?

Mən zəhmətkeşləri imza toplamağa çağırıram. Gəlin, birlikdə cənab Məmmədova müraciət edək, FİFA-nın belə qondarma reytinq siyahılarını tanımadığımızı bildirək. Qoy çox hörmətli baş katibimiz də FİFA-nın qarşısında məsələ qaldırsın, bundan sonra canımız qədər sevdiyimiz Azərbaycanımızın adı belə siyahılara heç yazılmasın. Nəyimizə lazımdı?

Bizim gücümüz ancaq Moldova kimi millilərə çatır. O da qarşılaşma Bakıda keçiriləndə. Hər dəfə rəqibləri razı salıb, Bakıya yoxlama oyununa gətirmək də asan olmur. Digər tərəfdən, FİFA-da oturanlar da axmaq deyillər. Zəif yığmalarla oyunlarda qələbə qazanmaqla reytinqdə irəliləmək, xal ehtiyatını ciddi mənada artırmaq real deyil. Belə baxanda Moldova ilə qarşı-laşma bizə heç nə qazandırmadı. Yox, bir məqamı unutdum. Prosineçki həmin qələbədən sonra məzuniyyətə yaxşı əhval-ruhiyyədə gedəcəyini demişdi. Deməli, moldovalıları məğlub et-mək bizə xal qazandırmasa da, yaxşı əhval-ruhiyyə qazandırıb. Canımız sağ olsun. Xalımız olmasa da, kefimiz yaxşıdı. Əsas odu ki, gələcəyə ümidlə baxmağa səbəblər tapaq, futbolumuz onsuz da bu gedişlə inkişaf edənə oxşamır.

Fikirlərini bizimlə bölüş!