Böyük kapitanın “Zirə” dalanı: Yerində sayan Rəşad Sadıqov

Böyük kapitanın “Zirə” dalanı: Yerində sayan Rəşad Sadıqov — illüstrasiya

Əlbəttə, Azərbaycan futbolunun tarixində Rəşad Sadıqovdan daha güclü oyunçular olub. Amma ən azı müstəqillik dövründə onun qədər parlaq liderlik qabiliyyəti ilə fərqlənən ikinci bir sima tapmaq çətin məsələdi. O, hələ gənc yaşlarından bu bacarığı ilə seçilib. “Böyük kapitan” olaraq, azarkeşlərin yaddaşında dərin iz qoyub. Həm “Neftçi”də, həm də “Qarabağ”da qolundakı kapitanlıq sarğısının haqqını artıqlamasıyla verib. Nə uzaq məsafədən vurduğu güclü və dəqiq zərbələri, nə inamla oyunu üzərinə götürməsi, nə mübarizliyi, nə də müdafiədəki sayıqlığı… İlk növbədə məhz unikal xarizması onu tanıdığımız və sevdiyimiz Rəşad edib.

Sadıqov yaşıl meydanlarla vidalaşanda çoxları məyus olmuşdu: görəsən, Azərbaycan futboluna bir də belə parlaq lider nə vaxt gələcək? Digər tərəfdən isə tezliklə futbolumuzun onun simasında güclü bir mütəxəssis qazanacağı ilə təsəlli tapırdıq. Çünki hələ futbolçu ikən onun bu sənətə böyük marağı hiss olunurdu və məşqçi kürsüsündə də istedadını sərgiləyəcəyinə şübhə yeri qalmırdı.

Bəli, böyük futbolçuların məşqçilik karyerası heç də həmişə uğurlu alınmır. Amma yenə də onun tam fərqli biri olduğuna əmin idik.

Açığı, Rəşadın məşqçilik fəaliyyətinin futbolçu dövrünü kölgədə qoyacağını zənn edirdim. Bunun üçün bütün zəminlər mövcud idi. Liderlik keyfiyyətləri ilə yanaşı, prinsipləri, iradəsi, öz mövqeyi, çalışqanlığı, dünyagörüşü, ömrünü həsr etdiyi sahədəki bilik və bacarığı ortadaydı. Bizim futbolçuların bir çoxuna xas olan pul-para hərisliyinin olmaması və zəngin beynəlxalq oyun təcrübəsi belə düşünməyə tam əsas verirdi. İran və Türkiyədə pis-yaxşı legioner həyatı da yaşamışdı. “Qarabağ”da Qurban Qurbanov onu meydandakı köməkçi məşqçisi kimi xarakterizə edirdi. Hətta daha da irəli gedib, Qurbanovun uğurlarını məhz Sadıqov faktoruyla izah edənlər də tapılırdı. Gəl ki…

Sadıqovun məşqçilik fəaliyyəti artıq onilliyə çatır və müəyyən nəticələr çıxarmağın əsl vaxtıdı.

O, bu sahəyə futbolçu karyerasını tam yekunlaşdırmamış, “Qarabağ”ın U-19’na təyinat alaraq addım atdı və UEFA Gənclər Liqasında debüt etdi. Sonra gənclər millimizin sükanı arxasına keçdi. Pis başlamamışdı, rəhbərlik etdiyi kollektivlərdə əl işi, dəsti-xətti sezilirdi. Tezliklə yaxın dostlarının yanına – “Zirə”yə üz tutdu.

Burada isə artıq 6-cı mövsümünü başa vurmaq üzrədi. Geridə qalan müddətdə “Qartallar” müdafiədən qurulan oyunu, nəticəyə oynamaq qabiliyyəti və kifayət qədər sabit çıxışı ilə fərqlənib. Komanda onun rəhbərliyi altında bir dəfə gümüş, bir dəfə bürünc qazanıb. Üç dəfə ölkə kubokunun finalına qədər irəliləsə də, hamısında məğlubiyyətlə üzləşib. Avropa Liqası və Konfrans Liqasının təsnifat mərhələlərində yaddaqalan qələbələr qazansa da, təəssüf ki, heç vaxt qrup mərhələsinə vəsiqə qazana bilməyib.

O, artıq 44 yaşına çatıb, amma hələ də titulsuzdu. Bəli, “Zirə”nin “Neftçi” və ya “Sabah” qədər böyük büdcəsi yoxdu. Əvəzində isə klubda sabit maliyyə dayağı, baş məşqçinin tam səlahiyyəti və Azərbaycanda yalnız “Qarabağ”da görə biləcəyimiz uzunmüddətli layihələri həyata keçirmək fürsəti var.

Sadıqovun özünəməxsus oyun fəlsəfəsi, yetirmələri arasında böyük nüfuzu diqqət çəkir. Ancaq onun gündəmdəki digər mütəxəssislərimizdən ciddi mənada fərqləndiyini söyləmək çətindi. Ayxan Abbasov, Elmar Baxşıyev və ya Tərlan Əhmədovdan üstün tərəfi nədi ki? Çox güman, belə uzun müddət ərzində “Zirə”ni onlar çalışdırsaydılar, təxminən eyni nəticələri göstərərdilər.

Bu il isə, ümumiyyətlə, Sadıqovun passivinə yazılmalıdı. Yenə kuboksuz, bu dəfə həm də medalsız və avrokuboklarsız qaldı. Nə komandanın, nə də özünün inkişafı görünür. Sanki yerində sayır. Qəti Avropaya “ixrac” edə biləcəyimiz məşqçi təəssüratı oyatmır. Köhnə yoldaşı Qurban Qurbanov səviyyəsində heç deyil – bu yaşda “Avropa Fatehi”nin nail olduqlarının gerisində qalıb.

Belə görünür ki, baş məşqçiyə kart-blanş vermiş “Zirə”nin sahibi Orxan Məmmədov da həvəsdən düşür. İllərlə səbr etməsinə baxmayaraq, yüksək nəticələrin gəlməməsi onu əvvəlki tək səxavətli etmir. Düşərgədən gələn maliyyə böhranı soraqları da sponsorun işdən soyumasına dəlalətdi (https://www.azfutbol.com/zir%C9%99d%C9%99-maliyy%C9%99…/).

Bəli, hələ heç nə itirilməyib. Sadıqovun da hədəfləri “Zirə” ilə çərçivələnməyib, burada təqaüdə çıxmaq niyyətindən uzaqdı. Ertem Şenərlə söhbətində Türkiyə Superliqası klublarından birinin sükanı arxasına keçmək arzusunu etiraf etmişdi. Bəs bu istəkləri reallaşdırmaq üçün Sadıqov səyləri nədən ibarətdi?

Biz bilirik ki, Qurbanov hər fürsətdə Avropanın böyük klublarının düşərgəsinə baş çəkir, oyun fəlsəfəsinə uyğun mütəxəssislərin işini yaxından izləyir. Sadıqovun isə belə cəhdlərindən heç bir məlumat yoxdu. Üzərində çoxmu işləyir? Məsələn, ingilis dilini mükəmməlləşdirirmi?

Deyəsən, bir faktla barışmalı olacağıq: futbolçu ampluası ilə Avropaya səs sala bilmədiyi kimi, məşqçi qismində də buna nail olmayacaq. Çünki Rəşad bəy Azərbaycan hüdudlarını aşmaq üçün lazımınca səy göstərmir. Mental da buralarda ilişib. Və bu minvalla, digərlərindən çox da fərqlənməyən sıravi bir yerli mütəxəssis olaraq qalmağa məhkumdu.

Bu mənada ölkə kubokunun finalında Valdas Dambrauskasa uduzması simvolik idi. Futbolçu karyerası olmayan litvalı mütəxəssis Azərbaycan millisinin tarixində ən çox oyun keçirmiş şəxsi məğlubiyyətə uğratdı. Xüsusilə əvəzetmələrdən etdiyi nöqtə gedişlərlə onu mat qoydu.

Bəlkə də məşqçi Rəşad Sadıqov futbolçu Rəşad Sadıqovu nəinki ötüb keçəcək, heç o səviyyəyə çata da bilməyəcək…

Böyük kapitanın “Zirə” dalanı: Yerində sayan Rəşad Sadıqov — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!