Ayın tarixini dəqiq xatırlamıram. Amma onu bilirəm ki, bu söhbət ya mayın sonlarında, ya da iyunun əvvəllərində olub. Bir neçə həmkarımla birlikdə şam yeməyi yeyərkən etibarlı mənbədən məlumat aldıq. Məlumatda mayın 8-də bitən UEFA-nın Pro kateqoriyası üzrə məşqçi kurslarının nəticələrinin bilindiyi, sınaqdan uğurla keçənlərin arasında Böyükağa Hacıyevin olmadığı deyilirdi. Bunu zarafat kimi qəbul etdik. Fikirləşdik ki, həm bizimlə, həm də Böyükağa bəylə türklər demiş "dalğa keçirlər”.
Tənbəllik etmədim, telefonumda təcrübəli çalışdırıcının nömrəsini tapdım. "YES” düyməsinin basdıqdan sonra xəttin o biri başından "Zəif”in səsi eşidildi. Xoş-beş etdim, hal-əhval tutdum. Zəngimin məqsədini öyrənincə, ürəkdən güldü. "Amal, sən özün fikirləş. Mən də imtahandan keçə bilməsəm, kim keçə bilər?” dedi. Etiraf edirəm ki, onun sözlərinə inanmamaq üçün heç bir əsasım yox idi.
Amma bizə çatan məlumatda Pro-ya sahiblənən çalışdırıcıların da adları qeyd olunurdu. Ertəsi gün həmin mütəxəssislərin bəziləriylə danışdım. Məlumatıın özləriylə bağlı hissəsini təsdiq etdilər, amma özlərindən başqa kimin qiymət aldığını, kimin kəsildiyini bilmədiklərini dedilər. Bizimlə paralel olaraq, məsələyə digər mətbu orqanlarda çalışan həmkarlarımız da qoşuldu. Ayrı-ayrı çalışdırıcılardan münasibət soruşuldu, onlar da rəsmi açıqlama və dəqiq məlumat üçün AFFA-nı nişan verdilər. Nə sirri-xudadısa, AFFA-dan da hər dəfəsində dəqiq açıqlama almaq mümkün olmurdu, qeyri-müəyyən vaxta qədər konkret cavab gecikdirildi.
İşin maraqlı tərəfi odu ki, isti iyun günündə bizə çatan məlumatla soyuq oktyabr axşamında AFFA-nın rəsmi saytında yerləşdirilən informasiya təxminən 80-90 faiz üst-üstə düşür. Həmin gün imtahandan kəsildiyini eşitdiyimiz mütəxəssislərdən yalnızca birinin adına Pro-ya sahiblənən məşqçilərin sırasında rast gəldik. Deməli, mənbəmiz bizə kifayət qədər dolğun və dəqiq informasiya veribmiş. Hər şey hələ iyun ayında bəlli olub, imtahandan uğurla keçənlərə xoş xəbər zamanında çatdırılıb. Nəyə görəsə, məlumatın rəsmən təsdiqlənməsi 5 aya yaxın gecikdirilib.
Sözün düzü, dünən AFFA-nın rəsmi saytındakı məlumatı görən kimi, qulağıma onun səsi gəldi. "Amal, sən özün fikirləş. Mən də imtahandan keçə bilməsəm, kim keçə bilər” sualını yenidən xatırladım. Həmin andan Böyükağa Hacıyevə zəng vurub-vurmamaqla bağlı tərəddüd içindəyəm. Düşünürəm ki, zəng etməyin elə bir əhəmiyyəti də yoxdu. Onsuz da artıq xəbər tutub, öyrənib ki, onun keçə bilmədiyi imtahandan "5” qiymət alanlar kimlərdir…




Fikirlərini bizimlə bölüş!