Bakıya qar yaraşmır! Bu çeynənmiş, şablonlaşmış cümləni bu səhər pəncərədən bayıra baxanda mən də işlətdim. Qışı və soyuğu sevməyən adam üçün belə havada burnunu pəncərənin şü-şəsinə söykəyib düşünmək yaxşı məşğuliyyətdi. İşə gəlmək məcburiyyəti olmasaydı, günümün 2-3 saatını buna həsr edəcəkdim. Gəldim…
Amma pəncərəsiz qalmadım. Futbolumuzdakı son olaylarla bağlı ən yeni düşüncələrimi öz könlümün pəncərəsindən sizlərlə bölüşəcəm. Başlayaq "Qəbələ"nin yeni baş məşqçisi Roman Qriqorçukdan. "Qırmızı-qaralar"a yaxşı qazanmaq məqsədiylə "hə" deyən ukraynalı çalışdırıcının bölgə təmsilçisinə nə veəcəyini zaman göstərəcək. Görünən budu ki, özünü sübut etdiyi Odessa "Çernomorets"indən Qəbələ təmsilçisi-nə gələn əcnəbi də özündən əvvəlkilərin yoluyla gedir. Karyerasının yaxşı dönəmləri geridə qalmış Aleksey Qayı ilk "qaranquş" saya bilərik. Qırmızı-qara formanı geyən qaylar çox olacaq. Yarıtmaz rumının – Dorinel Muntyanunun həmyerlilərini yola salıb Ukraynadan ikinci, üçüncü dərəcəli "məhsullar" almaq hər şeyin təkrarlandığını söyləməyə əsas verir. Legioner mütəxəssisin transfer siyahısında digər ölkələrdən olan daha 7-8 əcnəbinin də adı var ki, bu da "qış bazarlığı" üçün ifrat islahat çabasıdı. Təki bu dəfə yekun nəticə azarkeşlərin üzünü turşutmasın…
"Xəzər Lənkəran" rəhbərliyinin siyasəti dəyişməsini, ödənişli futbolçularla yolları ayırıb əsas komandanın "sükan"ını əvəzedicilərin baş məşqçisi Elbrus Məmmədova tapşırması-nı isə şəxsən alqışlayıram. Sonuncu dəfə Ağasəlim Mircavadovla ciddi uğur qazanan cənublu-lar pulunu boş yerə havaya sovurmağı vaxtında tərgitməliydi. Mirça Rednik, Con Toşak, Mustafa Dənizli kimi əcnəbilərə və onların dönəmində ciblərini dolduran lazımsız legioner futbolçulara xərclənən pullara qənaət etsəydilər, düzgün istiqamətə yönəltsəydilər, indi bu klubun 4-5 yetirməsi millinin xorvat çalışdırıcısının gözaltısıydı. Bir halda ki, qitə-miqyaslı yarışlarda sözünü deyən klubların heç birində əcnəbi çalışdırıcının izi olma-yıb, deməli, yerli, gənc kadrlara özünüsübut imkanı yaratmaq ən ağıllı addımdı. Razılaşaq ki, heyətinin yarısından çoxu istedadlı gənclərdən formalaşan "ağ-yaşıllar" mövsümü lap 5-6-cı pillələrdə bitirsə belə, fanatları üzülməz. Bir var gələcəyə hesablanmış köklü plan, məqsədli strategiya, bir də var yadelliləri havayı yerə yedizdirib camaatın əsəbiylə oynamaq.
"Qaziantep BB"də əsas heyət üzvünə, lazımlı futbolçuya çevrilmədən vətənə qayıdan Vaqif Cava-dovun durumuna toxunmaya bilmərəm. Böyük təmtəraqla "Tvente"nin düşərgəsinə yola salınan, bəlli Hollandiya macərasının ardından Rusiya "Volqa"sında, "Bakı"da, "İnter"də oynayan vingerin PTT liqasında parlamağı bacarmaması soyuq qış düşüncələrimin bir küncündədi. Hə, legioner həyatı yaşamağa cəhd etməsi özüylə eyni dönəmdə milli səviyyəsinə yüksələn-lərin çoxu üçün örnəkdi. Amma getdiyi yerlərin heç birində duruş gətirməməsi acı reallıq-dı.
Birvaxtlar gələcəyinə böyük ümid bəslədiyim futbolçulardan söz düşmüşkən, "Xəzər Lənkəran"dan ayrılan iki yerli "qaymağ"ın oxşar futbol taleləri haqda bir neçə cümlə yazmağı da özümə borc sayıram. Rauf Əliyev üçün "Neftçi"nin forması son yaxşı şansdısa, Əfran İsmayılov "İnter"də bacardığını ortaya qoymalıdı. Hər ikisi öz potensialından daha yaxşı faydalansaydı, peşəkar inkişaf yolunu başqa amillərdən üstün tutsaydı, azı Türkiyə superli-qasında top qovardı. Yaşları 30-a yaxınlaşanlar qarşıdakı 6 aya dönüş dönəmi, "yenidən doğulmaq" imkanı kimi baxmalıdı. Klubları gəzmək yetər! Oynamaq vaxtıdı, dostlar!
Az qala unudacaqdım. Berti Foqtsun xələfi Robert Prosineçkinin ölkəsində verdiyi müsahibə nədənsə məni ümidləndirdi. Bəlkə də özümə təsəlli verirəm, bəlkə də yanılıram… Amma ada-mın Xorvatiya mətbuatına açıqladığı planlar xeyli inandırıcıdı. Gözünü yalnız AFFA-dan qoparacağı pullara dikmədiyi sezilir. Elə ölkənin futbol ictimaiyyətinə münasibəti, özünü Marsdan gəlmiş sehrbaz kimi aparmaması da ürəyimə inam toxumu səpir. Bütün bunlara rəğmən, xorvatın təyinatından öncəki fikrimdə qalıram: baş məşqçi postu yerliyə həvalə edilməliydi.




Fikirlərini bizimlə bölüş!