Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Çətin vəfası

Yazmağa bir şeylər var… 8 komandalı Azərbaycan Premyer Liqasının Avropa turnirlərinə vəsiqə qazanmış 4 klubunun, yəni tən yarısından üçünün ağzına iri bir şapalaq vurulub, geri göndərilib. AFFA İcraiyyə Komitəsi toplanıb növbəti dəfə Azərbaycan futbolunun başında dəlləklik edərək, əvəzedicilərin çempionatına yeni bir format gətirib. O binada bir ağıllı adam tapıb söyləmək olmur ki, elə bir qərarınız, layihəniz, ideyanız olubmu ki, çox yox, ikicə il davamlı olsun?

“Ağıllı adam tapmaq olmur” dedim və Ramin Musayev yadıma düşdü. Adam yenə müsahibə verib, yenə yazmağa qalaq-qalaq material verib. Mən birini deyəcəm: Musayev hər dəfə olduğu kimi, bu dəfə də sinəsinə yumruğunu bərk-bərk vurub ki, başa çatan çempionatı təhlükəsiz şəkildə, sakitliklə başa vurublar. Bax, yuxarıda “ağıllı adam” dedim a, eynən, ağıllı adam olsa, həmən deyər ki, “123 nəfər azarkeş gələn matçlarda gərək polis polislə tutaşa, dirək dirəklə toqquşa ki, nəsə baş verə. Öyünə biləcəyiniz bircə amil bu təhlükəsizlik söhbətidir ki, o da adama şit gülmək verir.

Bütün bu neqativlik fonunda davam edib yazmaq olar, illərdir yazdığımız, amma həll olunmayan problemlərdən yenə də yazmaq olar. Amma vallah, biz yorulduq, ölkə futbolunu məhvə sürükləyənlər yorulmadı. Bir dəfə Natiq Muxtarlı doğum günüm təbriki zamanı çox maraqlı ifadə işlətmişdi: “O gün olsun Azərbaycan futbolunun cəfasını yox, səfasını çəkəsən”. Mənə bu yay Azərbaycan futbolunun səfasını yaşadan kişidən, Türkiyə Superliqasında bu günə qədər belə, ən çox oyun keçirən futbolçu, oyunçu kimi "İmperator" ləqəbinin yeganə daşıyıcısı Oğuz Çətindən danışacam. Dedim axı, bizə cəfa verən Musayevləri, Abdullayevləri, Məmmədovları boş verin. Səfadan, pozitiv şeylərdən, xoş duyğulardan danışaq.

Oğlum Ülvi şəxsi israrı ilə ali təhsil üçün qardaş Türkiyə universitetlərinə, Yabançı Öyrenci Sinavı (YÖS) vasitəsilə imtahan vermişdi. Uzun bir dövrün sonunda Çanaqqale 18 mart Dövlət Universitetinə qəbul olunan Ülvinin nəticəsi ilə "Xəzər Lənkəran"da çalışdığım müddətdə anlaşdığım ən yaxşı iki məşqçidən biri, şəxsi keyfiyyətləri baxımından isə birinci sırada gördüyüm Oğuz hoca da maraqlanırdı. Qəbul olunma xəbərini alan kimi qeydiyyat üçün nə vaxt gələcəyimizi soruşdu və tutduğumuz otelə qədər hər şeyi ləğv edib, çox böyük qonaqpərvərliklə evində qonaq etdi, Türkiyədə olduğumuz müddətdə yardımını, köməyini hər an hiss etdik. Çanaqqale şəhərinə ayaq basmamış bizi telefonla arayan adamın "Hüseyin bəy, Oğuz hocanın müsafirləri olaraq sizi iskelenin tam önündə qarşılamağa hazırıq" deməsi, insanı o qədər duyğulandırır ki… Cəmi üç gün – İstanbuldan ayrılıb Canaqqaledə olarkən, Oğuz hoca yanımızda olmadı, amma bunu “olmadı” kimi qələmə də vermək olmur. Hər addımda, hər getdiyimiz yerdə "Oğuz Çətinin müsafirləri" adı, hər maneələri aşacaq liqotu vardı. Yenidən İstanbula dönərkən bizi almağa gəldiyi dayancaqda Oğuz Çətin görününcə, insanların axını, sevgisi nəyə desən dəyər. Hələ mən adicə çay masasında olduğumuz zaman qonsu masadakı millət vəkillərinin belə, bir futbol adamına olan sevgi və diqqətini, xüsüsən, ehtiramını demirəm. Bu həm də bir cəmiyyət nümuməsi idi. O cəmiyyətin ki, orda davranışı, əxlaqı, ölkə futboluna verdiyi xidməti ilə futbol adamı millət vəkilindən, bələdiyyədən, validən daha uca tutulur. Belə yaşamaq, belə sevgi qazanmaq nə gözəl imiş, ilahi!

Yenidən İstanbuldayıq. Ucu-bucağı olmayan, şəninə mahnılar bəstələnən, seirlər yazılan, amma hər bəstəsində mütləq "Ah, İstanbul" deyə, nidanın olduğu bu qədim şəhərdə mütləq və mütləq köməyə ehtiyac duyacaqsan. Biz hər kömək istədiyimiz anda Oğuz Çətin Azərbaycan nağıllarının məşhur "sənə tükümü verirəm, çətinə düşüncə yandır, özümü həmən yetirəcəm" ifadəsi timsalında yanımızda idi.

Bunları niyə dəyərli oxucumla payılaşıram? Həyatda mütləq yaxşı insanları tanıyın, dəyər verin, özəlliklə, dürüst olun, vəfalı olun və bir gün tale mütləq sizə əvəzini verəcək. Bu gün Azərbaycan futbolu başdan-ayağa cəfadır, amma bizə nə yaxşı ki, Azərbaycan futbolunda çalışdığı qısa müddətdə tanıdığımız, ölkə futbolunun səfasını yaşadan Oğuz Çətinlər var. Tanrı onları, yəni yaxşı kişiləri qorusun!

Fikirlərini bizimlə bölüş!