“Sabah”ın oyununda stadion dolu idi. Eynən “Qarabağ”ın oyununda olduğu kimi. Böyük ehtimalla, elə “Sabah”ın oyununa gələnlərin əksəriyyəti “Qarabağ”ın avrokubok qarşılaşmalarında arenada olan azarkeşlər idi.
Azərbaycanlı azarkeş üçün beynəlxalq qarşılaşmalar zamanı hansı komandanın oynamasının əhəmiyyəti yoxdur. Əsas odur ki, Azərbaycan komandası oynayır. Nə gözəl. Mən, “bir komandanın azarkeşi avrokuboklarda digər komandaya azarkeşlik etməməlidir” iddiasını qəbul etmirəm. Bu gün “Sabah”ın, “Qarabağ”ın Avropada qazandığı xal sabah “Neftçi”yə, “Turan Tovuz”a lazım olacaq.
Şərhləri də izlədim. Əksər azarkeşlər – istər “Neftçi”li olsun, istərsə də “Turan Tovuz”lu sevinirlər “Sabah”ın uğuruna.
Bu yanaşmanı qorumalıyıq. Biz daxildə rəqib olmalıyıq, amma kənarda yox.
Əlimizə soyuq silah alıb “Latsio” və “Roma” azarkeşləri kimi bir-birimizi qanına qəltan etməmlıiyik. Axı idmanın ruhu bu deyil. Azarkeşlərimizi o yola çəkənlər olacaq. Amma inanmıram ki, mentalitet onları düşmən olmağa qoysun.
Axı kimlər düşmən olmalıdır? “Sabah”ın oyununda stadionda iki övladım vardı. Biri “Qarabağ”ın, biri də “Sabah”ın azarkeşidir. Onlar birgə “Qarabağ”a da azarkeşlik edirlər. Yəqin ki, əksər ailələrdə belə nümunələr var. İndi bu qardaşlar düşmən olmalıdırlar?
Əziz azarkeşlər, imkan verməyin ki, sizi bu yola çəksinlər. Yerli çempionatda bir-birinizə rəqib olun. Sancın bir-birinizi, atmaca atın, ironiya edin, rəqabət yaradın. Amma beynəlxalq arenada elə belə də qalın. Bu yanaşmanı sizə heç kim təlqin etməyib. Bu, bizim ümumi marağımızdır və siz də bu marağı qoruyursunuz. Təşəkkürlər.


Fikirlərini bizimlə bölüş!