Əcnəbi dominantlığı

Əcnəbi dominantlığı — illüstrasiya

Dambrauskas, Vernidub və Berdiyev yerlilərə dərs keçdi

Kubokun finalında “Zirə”ni məğlubiyyətə uğradan (2:1) “Sabah” qızıl dublla qısa tarixinin ən böyük nailiyyətinə imza atdı. Hakim səhvləri bəzən qələbələrinə kölgə salsa da, “bayquşlar” mövsüm ərzində nümayiş etdirdiyi parlaq oyunla bu zəfərə ilk növbədə biləyinin haqqıyla çatdı.

Müasir, rəngarəng kombinasiyalı, məhsuldar və yüksək templi oyun tərzi ilə onlar istər çempionatda, istərsə də kubokda rəqibləri üçün əlçatmaz oldu. Komandanın bu dinamikanı uzun marafon ərzində sabit saxlaması isə ayrıca rəğbət doğurur. 250 günlük, 28 turluq məğlubiyyətsizlik seriya ölkə çempionatları tarixində üçüncü göstəricidi. “Sabah”ın Azərbaycan futbolu tarixinə birinci kimi düşdüyü uğur isə baş məşqçi ilə bağlıdı. Valdas Dambrauskas qızıl dubl edən ilk əcnəbi mütəxəssisdi.

✔️

 Titul hərisi

Masazır təmsilçisinin çalışdırıcısına ayrıca bir abzas açmaq gərəkdi. 49 yaşlı litvalı ölkəmizdə keçirdiyi ilk ildəcə səviyyəsini ortaya qoydu. Həm intellektual məşqçi, həm də sadə insan kimi könüllərdə taxt qurdu. Murad Musayevdən sonra “Sabah” rəhbərliyinin çətin ki, bir daha belə qurd məşqçi tapacağını düşünürdük. Onlar isə aşıladığı oyun üslubu və verdiyi nəticələrlə daha da yaxşısını tapdı.

Dambrauskasın karyerasına nəzər yetirsək, ilk mövsümdəcə titulları sıralamasının təsadüf olmadığını görərik. Mister Valdas bunadək çalışdığı bütün klublarda və ölkələrdə uğurlu olub. Doğma “Jalgiris”lə (Vilnüs) 2 dəfə çempion, 3 dəfə kubok, 2 dəfə superkubok qazanıb. Latviyada RFS-lə kuboku götürüb. Bolqarıstanda “Ludoqorets”i çempion edib və superkuboku alıb. Xorvatiyada məşhur “Hayduk”a (Split) kubok qazandırıb. Yalnız Cənubi Kiprdə titulsuz qalıb ki, buna baxmayaraq, “Omoniya”dakı karyerası da uğursuz sayıla bilməz. Nikosiyalılar onun rəhbərliyi altında kubokun finalına və Konfrans Liqasının qrup mərhələsinə (yolüstü Rəşad Sadıqovun “Zirə”sini darmadağın etməklə) çıxıb.

✔️

 Qurban Qurbanovun qənimi

Bütün bu faktlar və ilk cəhddən “Sabah”ı həsrət qaldığı çempionluğa daşıması onun nə qədər dəyərli olduğunu göstərir. Ümid edək ki, heyəti bir qədər də bərkidib Çempionlar Liqasında da azarkeşlərə sevinc bəxş etməyi bacaracaq. Ölkə daxilində olduğu kimi, Avropa səhnəsində də gücünü göstərəcək. Hünərinin yalnız azərbaycanlı məşqçilərə çatmadığına inanırıq…

Həqiqətən də, Qurban Qurbanovun timsalında ölkəmizin ən yaxşı məşqçisi mövsümboyu onunla heç cür bacara bilmədi. Bir çoxlarının ən perspektivli məşqçimiz kimi gördüyü Rəşad Sadıqov da onun qarşısında aciz qaldı. Ümumiyyətlə, legioner limitinin ləğv edildiyi ilk mövsüm həm əcnəbi futbolçuların, həm də əcnəbi mütəxəssislərin dominantlığı ilə keçdi.

Legioner limiti ilə bağlı rəsmi qərar: AFFA, 3 fevral 2025.

✔️

 Qoca qurd və ukraynalı sehrbaz

Dambrauskasdan başqa, 32 il sonra “Turan”ı avrokuboklara daşıyan Kurban Berdiyevin də adını çəkməliyik. “Bitib-tükənib” deyilən qocaman türkmən, gənc yerli məşqçilərlə duellərin əksərindən qalib ayrıldı. Onun bəlkə də müdafiə ağırlıqlı oyun tərzi heç də həmişə göz oxşamadı, amma nəticə verdi. Tovuzluların bürünc medal qazanması an məsələsidi.

Yerli-əcnəbi rəqabətində ən yaddaqalan epizod isə “Neftçi”də yaşandı. “Bəhanələr kralı” Samir Abasova qapını göstərəndən sonra sanki bakılıların bəxti açıldı. Daha doğrusu, Yuri Vernidub “ağ-qaralılar”ın düşərgəsində yaşanan xaosa son qoydu. Onunla birgə oyun dəst-xətti də, nəticə də gəldi. Boş yerə jurnalistlər ona “Neftçi”nin başına gələn ən xoş hadisə demir. Ukraynalı uğursuz mövsümü xilas etmək üçün qalan müddət ərzində əlindəki materialdan az qala maksimumu sıxdı. Və budu, finiş ərəfəsində Konfrans Liqasına vəsiqə çox yaxındı. “Neftçi”ni idarə edən məlum trio işinə müdaxilə etməsə, Vernidub komandanı əvvəlki əzəmətinə qaytarmağa qadirdi. Hansısa izi-tozu olmayan yerin “Şerif”i ilə “Real Madrid”i səfərdə məğlub edən və ÇL tarixinin ən böyük sensasiyalarından birinə imza atan adam, işləməyə imkan versələr, bizim “Neftçi” ilə nələr etməz ki?!

Sonda, proqnozların əksinə, debütant “İmişli”ni rahat şəkildə elitada saxlayan bir başqa əcnəbi — Jorje Kaşkilyanı da vurğulamaya bilmərik. Yayda mətbuatın “aman, yerli məşqçilər işsiz qaldı” (sanki onların da eynilə yerli futbolçular kimi əl-qolunu bağlayan var, xaricə getməyə) deyib bu portuqaliyalının gətirilməsinə görə hay-həşir salmasına rəğmən, o, çoxlarını yanıltdı. İmişlilər mövsümün ən sürpriz komandası oldu.

Turan ŞAHSEVƏNLİ

Əcnəbi dominantlığı — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!