Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Futbol cəhənnəmə, özünüzü qoruyun!

Daha bundan sonra heç kim üstümüzə gəlməsin. Daha bundan sonra heç kim «mən oyun alıb-satmıram» deməsin. Hər şey biz yazan, biz deyən kimidi. Hamınız alverlə məşğulsuz. “Bütün oyunları uduzmalısız” göstərişi alsaz, uduzacaqsız mütləq. Azərbaycan çempionatının sonuncu turu bizim, bu ölkənin futbolu haqda yazdıqlarımızda nə qədər haqlı olduğumuzu sübut etdi. Azərbaycan futbolunda çempion da, mükafatçılar da, kubokun sahibi də mövsümün əvvəlində bəlli olur. Bəlli olur! Bilirəm, bundan sonra da əbləhlər tapılacaq, özünü təmizə çıxarmaq istəyən qırmızısifətlər utanmadan danışacaqlar.

Amma faydasızdı. Çempionatın son turu hamınızın idbar simasını bəlirlədi. Hamınız çirkabdasız, hamınız eyni bezin qırağısız. Futbol təsərrüfatında olanların əksəriyyəti. Gedin, gedin, qırmızısifətlik edin, bizi məhkəməyə verin, deyin ki, biz vicdanlıyıq. Siz hətta bu vicdansızlığı da etməyə qadirsiz. Dünən «biz yayıma görə pul tələb edirik, bu, peşəkarlığın atributudu» deyən komanda bu gün ev oyununun yayımına etiraz etmir. Pul-zad da almayıb. Guya jest edib. Belə jesti peşəkarlar etmirlər, atam balası. AZAL jest edir, Şüvəlandan “Şəfa”ya gəlir, “Xəzər Lənkəran” jest edir, cənubu Bakıya dəyişir. “Neftçi” guya kiməsə acıq edir, Zaqatalaya əsas oyunçuları aparmır. Heç kimə acıq etmirlər, sadəcə, mövsümboyu törətdikləri saxtakarlıqları ört-basdır etmək istəyirlər. Son turda Qəbələdə yaşanan komediyaya nə deyirsiz?

“Qəbələ” – “Sumqayıt” oyununun fasiləsində uşaq-muşağa mükafat paylanılırmış. Hamısı əvvəlcədən planlaşdırılmış ssenari idi. Komediyanın ssenarisi. Açıq-aşkar tüpürürlər ictimai rəyə. Elxan Məmmədovun komandası gözlədi-gözlədi, “Bakı” “Rəvan”a ikinci qolu vuran kimi “Qəbələ”nin qarşısında tumanını başına çəkdi. O qədər açıq-aşkar həyasızlıq idi ki, buna izah vermək belə şətindi. Ancaq biz bu alverçilərin dabbaqda gönünə bələdik. Durub bu komediyaya izah da verərlər, hələ bir desən, bizi borclu da çıxararlar. Bu ölkənin futbolunda ayrı-ayrı məşqçi, futbolçu, hətta klub problemi yoxdu. Bu ölkənin futbolu tam şəkildə problemdi. Olduqca üfunətli problem. Bu problemi həll etmək üçün AFFA-dan qurtulmaq lazımdı. Rövnəq Abdullayev, Ramin Musayev, Elxan Məmmədov, hazırkı klublar, məşqçilər, futbolçular qarışıq. Kəsib atmaq lazımdı bu qara yaranı. Kəsib atmaq yox, yandırmaq, sonra da basdırmaq lazımdı. Bunlar üstümüzə gəlirlər. Satırlar, alırlar, sonra da bizi borclu çıxarırlar. Bunlarla futbol olmayacaq. Bunlar hamını və hər şeyi dəyərdən salacaqlar.

Qırmızı əliəyrilikləri görüncə adam söz də tapmır yazmağa. Beş-altı il əvvəl yazdıqlarımıza baxırıq. İndi də eyni problemləri qabardırıq, indi də eyni fikirləri deyirik. Adamlar düzəlməyiblər, düzləri də əyiblər bu beş-altı ildə. Əyilə-əyilə gəzirlər. Əyilə-əyilə satırlar. “Niyə belə edirsiz” sualının qarşısında isə dümdüz dururlar. Çox, çox qorxulu xəstəlikdi bunların qırmızılıq xəstəliyi. Lütfən, kənarda durun. Lütfən özünüzü bu qorxulu xəstəliyin qorxulu daşıyıcılarından qoruyun. Bu xəstəliyin peyvəndi olmur. Bu xəstəlikdən, bunlardan qorunun. Futbol cəhənnəmə, özünüzü qoruyun!

Fikirlərini bizimlə bölüş!