AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdiririk.
Ağstafa paytaxt Bakıdan ən uzaq rayonlardan biridi. 1939-cu ildə yaradılan rayon 20 il sonra Qazax rayonuna birləşdirilib. Ağstafa bir də 1990-cı ildə yenidən rayon statusu alıb. Ağstafanın futbol həyatı da qonşusu – Qazax rayonu ilə bağlı olub. Belə ki, rayonun tarixində iz qoymuş, burda yerləşən Avey dağının adını daşıyan futbol klubu məhz SSRİ çempionatının 2-ci divizionunda çıxış edən Qazax “Göyəzən”inin əvəzedici komandası kimi yaradılıb. Ağstafa təmsilçisi qısa müddətdə uğurla çıxış edərək Azərbaycan çempionatına vəsiqə qazanıb.
“Kooperator”la “Damcılı”nı “dağa çevirən” birinci katib
Həmin vaxt komandanın baş məşqçisi olmuş Abbas Fərzəliyev “Avey”in yaradılmasını belə xatırlayır:
“1986-cı ilə qədər Ağstafanı “Kooperator”, Qazaxı isə “Damcılı” komandası təmsil edirdi. O vaxt Ağstafa Qazax rayonunun tərkibində idi. Həmin vaxt Murad Aşurov rayona yenicə birinci katib təyin edilmişdi. O, bizi yığaraq dedi ki, bundan sonra “Kooperator” “Avey”, “Damcılı” isə “Göyəzən” adlanacaq. Avey dağı Ağstafanın, Göyəzən dağı isə Qazaxın simvolu idi. Birinci katib buna görə komandaları belə adlandırmışdı. Komandalar eyni idi, sadəcə, ad dəyişmişdi. “Avey”i yerli kolxoz, sovxozlar maliyyələşdirirdi. Oyunçular müəyyən idarələrə həvalə edilmişdi, həmin idarələr oyunçulara maaş verirdilər. 1991-ci ildə isə peşəkar klub kimi qeydiyyatdan keçdik. Bundan sonra həmin idarələr pulu kluba köçürür, burdan məşqçilərə, oyunçulara pul ayrılırdı.
Ağstafada komanda bundan bir neçə il öncə, 1984-cü ildə yaradılmışdı. Komanda bir il Azərbaycan çempionatında çıxış etdikdən sonra tab gətirə bilmədi, aşağı liqaya düşdü. Aşağı liqa o vaxt regional çempionat sayılırdı. 1987-ci ildə isə yenidən Azərbaycan çempionatına vəsiqə qazandıq. 1990-cı ildə Azərbaycan çempionu olduq. Daha sonra yeni qərar verildi, Azərbaycan çempionatı SSRİ çempionatının 2-ci dəstəsinin regional liqası sayıldı. Burda da çıxış etdik. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə güclülər dəstəsində çıxış etməyə başladıq”.
Qısa güclülər dəstəsi macərası, ənənəvi problem, gözlənilən son
1992-ci ildə ilk müstəqil Azərbaycan çempionatının 26 iştirakçısından biri olan “Avey”, B qrupunda 13 komanda arasında 7-ci, yekunda isə 26 komanda arasında 13-cü olur. Güclülər dəstəsindəki növbəti mövsüm isə daha uğursuz olur. Belə ki, komanda yarışdığı A qrupunu 10 komanda arasında 8-ci pillədə başa vurur. Bu, “Avey”in güclülər dəstəsində keçirdiyi son mövsüm olur. Birinci diviziona düşən Ağstafa təmsilçisi, burda C qrupunu 10 komanda arasında 8-ci pillədə başa vurur.
“Avey” 1993/94 mövsümündən sonra peşəkar liqalarda fəaliyyətini dayandırmalı olur. Səbəb isə eyni idi – maliyyə. Sovet dövründəki kimi, idarələrdən maddi yardım ala bilməyən “Avey”, zavod-fabriklərin bir-bir bağlandığı, sovxoz və kolxozların olmadığı dövrdə çox yaşaya bilmir. Lakin yerli futbol adamları bu oyunun rayondan tam silinməsinin qarşısını alır. Bir neçə il sonra “Avey” həvəskarlar liqasında peyda olur. “Avey”lə eyni anda bir müddət bu rayonun “Ağstafa gəncləri” komandası da həvəskarlar liqasında çıxış edir. Lakin hazırda nə bu komanda, nə də “Avey” böyüklərdən ibarət heç bir liqada yoxdu.
“Söz verən çox olsa da…”
“Avey” komandası hazırda da fəaliyyətini davam etdirir. Ancaq klubda yalnız aşağı yaş qrupları fəaliyyət göstərir. Hazırda klubun prezidenti, həmçinin, Ağstafa uşaq-gənclər idman məktəbinin rəhbəri olan Abbas Fərzəliyevin sözlərinə görə, bir neçə dəfə onlara kömək ediləcəyi barədə söz verilsə də, sonda bu vədlər elə söz olaraq da qalıb. Hazırda isə Ağstafa rayonu böyüklərdən ibarət futbol komandasından məhrumdu:
“Təxminən 10 il həvəskarlar liqasında çıxış etdik. 2008-ci ildə həvəskarlar arasında ölkə çempionu olduq. Çempion olduqdan sonra Slovakiyanın paytaxtı Bratislavada UEFA-nın 6-cı Regional Kubokunda iştirak etdik. Orda Latviya, Estoniya və Ermənistan təmsilçiləriylə mübarizədə ikinci olduq. Ermənistanın klubunu məğlub etdik. O vaxt icra başçısı bizə sponsor tapacağına söz vermişdi. Ancaq sonda heç nə olmadı.
Birinci dəstəyə də lisenziya qazanmışdıq. 2011-ci ilə kimi həvəskarlar liqasında çıxış etdik. Bir neçə dəfə də çempion olduq. Lakin təəssüf ki, sponsor problemini həll edə bilmədik. Söz verənlər çox olsa da, sonda heç kim kömək etmədi. Bundan sonra isə uşaqlar hərəsi bir tərəfə dağılışdı”.
“…haqqımızı ala bilmirik”
Hazırda Ağstafa futbolunun bir neçə yetirməsi müxtəlif klublarda çıxış edir. “Avey”in əsas problemlərindən biri isə oyunçularının böyük klublar tərəfindən “oğurlanması”dı. Abbas Fərzəliyevin sözlərinə görə, böyük komandalar seleksiyaçıların vasitəsilə uşaqların valideynlərinə təsir edərək, kluba heç bir haqq ödəmədən yeniyetmə oyunçuları öz heyətinə cəlb edir:
“Bu gün Azərbaycanın birinci divizionunda, “Qəbələ”nin akademiyasında 20-yə yaxın futbolçumuz karyerasını davam etdirir. Birinci divizionda “Turan”da, “Zaqatala”da, “Ağsu”da, “Göyəzən”də də bizim yetirmələrimiz top qovur. Bundan başqa, “Qəbələ”də oynayan Fərid və bu kluba məxsus olan, son mövsümdə “Sumqayıt”da çıxış edən Yusif Nəbiyev qardaşları da bizim yetirmələrimizdi. Onları 14-15 yaşlarında akademiyaya verdik. Lakin akademiyadan onlara görə bizə heç bir haqq ödəmədilər. Bilirsiz, seleksiya məşqçiləri gəlir, uşaqların valideynlərinə deyir ki, “uşaqları filan kluba aparmaq istəyirik, Abbas müəllim icazə vermir”. Valideynlər də bizdən xahiş edir ki, uşaqları buraxın. Bu cür məsələlərlə bağlı AFFA-ya müraciət etmişdik. Əvvəllər kömək edəcəklərini desələr də, sonradan ciddi məşğul olmadılar. Belə hallarla çox üzləşmişik. Biz Azərbaycan futboluna verdiyimiz oyunçulara görə haqqımızı ala bilmirik”.
Komanda olanda stadion, stadion olanda komanda yoxdu
Hazırda Ağstafada iki stadion var. Bunlardan biri hələ sovet dövründən mövcud olan, kiçik tribunaya malik köhnə şəhər stadionu, digəri isə 2005-ci ildə istifadəyə verilmiş, 1500 tamaşaçı tutumuna malik, plastik oturacaqlı yeni şəhər stadionudu. Maraqlıdı ki, “Avey” vaxtilə stadion problemi yaşamış, hətta güclülər dəstəsində çıxış etdiyi zaman doğma stadionu standartlara cavab vermədiyindən, ev oyunlarını Qazaxda, Tovuzda keçirməyə məcbur olmuşdu. İndi isə Ağstafada kiçik də olsa, standartlara cavab verən stadion olsa da, komanda yoxdu. Fərzəliyev deyir ki, hazırda “Avey” köhnə şəhər stadionunda məşq keçir. Onun stadionun vəziyyətiylə bağlı elə də narazılığı yoxdu:
“Sovet dövründə “Avey” ev oyunlarını şəhər stadionunda keçirirdi. Lakin müstəqil ölkə çempionatında çıxış etməyə başladıqdan sonra AFFA-dan stadiona baxış keçirdilər, burda güclülər dəstəsinin oyunlarının keçirilməsinin düzgün olmadığını dedilər. Bir neçə səbəb göstərdilər. Bunlardan biri isə stadionun tribunalarının çox kiçik olması idi. Stadionda təxminən 300-500 nəfərlik yer var. Biz də ev oyunlarımızı Qazaxda, Tovuzda keçirirdik. Buna baxmayaraq, azarkeşlərimiz bu rayonlarda da bizi dəstəkləyirdilər. Bu stadionlarda kirayə haqqı ödəyərək oynayırdıq.
2005-ci ildə isə Ağstafada yeni stadion tikildi. Bu stadionun tutumu təxminən 1500-dü. Yeni şəhər stadionunun tikintisində baş prokurorumuz Zakir Qaralovun çox böyük köməyi oldu. O, rayonumuzda kurator idi. Bura səfər edəndə, idman adamları ilə görüşdü. Ona stadionumuzun olmaması barədə məlumat verdik, o isə söz verdi ki, tezliklə Ağstafada stadion tikiləcək. Söz verdiyi kimi də etdi. Məhz onun göstərişi ilə 2005-ci ildə həmin stadion tikildi. Amma təəssüf ki, bu stadion hazırda maket kimi qalıb. Çünki rayonda böyüklərdən ibarət komanda yoxdu.
Köhnə stadion 2002-ci ildən UGİM-in nəzdindədi. Biz məşqlərimizi, oyunlarımızı məhz bu stadionda keçiririk. Ot örtüyünü qənaətbəxş saymaq olar. Hətta deyərdim, ki, bizdə olan şərait Bakıda bir çox futbol məktəbinin meydançasından yaxşıdı”.
“İndi bizi heç qəbul edən yoxdu”
Ötən ilin əvvəlinə olan məlumata görə, Ağstafa rayonunda 85700 nəfər əhali yaşayır. Təəssüf ki, bu qədər əhalinin məskunlaşdığı rayonda hətta həvəskar səviyyədə belə, komanda yoxdu. Buna baxmayaraq, “Avey”in sabiq baş məşqçisi Abbas Fərzəliyev rayonda futbolu yaşadır. Onun rəhbərlik etdiyi UGİM-də 5 yaş qrupu fəaliyyət göstərir. Özünün sözlərinə görə, bir neçə il öncəyə kimi ağstafalı azyaşlıların idman ləvazimatlarıyla bağlı heç bir problemi yox imiş. AFFA hər il rayonun azyaşlılarını topla və forma ilə təmin edirdi. Lakin iki ilə yaxındı bu “arx”ın da suyu quruyub. Fərzəliyev 2 ildi top, forma köməyi göstərilməsə də, bu ləvazimatlardan ehtiyatla istifadə etdiklərinə görə, hələ ki, bu cəhətdən problem yaşamadıqlarını deyir:
“Hazırda Ağstafanın ən böyük problemi böyüklərdən ibarət komandanın olmamasıdı. Ən azı həvəskar səviyyədə komanda olmalıdı. Həvəskar komandaya nə lazımdı? Yol pulu, yemək pulu oldu, kifayətdi. İcra hakimi dəyişəndən sonra ümumiyyətlə, diqqət yetirən yoxdu. Əvvəlki icra hakiminin dövründə komandaya kömək olmuşdu. Regional Kubokda çıxış etdikdən sonra komandaya pul mükafatı da verilmişdi. İndi isə bizi heç qəbul edən yoxdu.
AFFA-dan isə aşağı yaş qruplarına həmişə kömək olub. Ölkə prezidentinin futbolun inkişafıyla bağlı 2005-2015-ci il dövlət proqramı çərçivəsində federasiyadan bizə, aşağı yaş qruplarına həmişə kömək olub. Əsasən, AFFA-nın keçirdiyi yarışlar azyaşlıların inkişafı cəhətdən çox mühümdü. Fərid, Yusif kimi oyunçular da məhz bu cür yarışlardan çıxıb. Bundan əlavə, federasiyadan bizə həmişə top, forma kimi ləvazimatlar verilirdi. Hətta biz oyunlarımızı keçirmək üçün Şəmkirə gedəndə yolpulumuzu verir, naharla təmin edirdilər. Dövlət proqramının davam etdiyi 10 il müddətində həm forma, həm də top verirdilər. Ancaq 2015-ci ildən bu kömək dayandırılıb. Buna baxmayaraq, o vaxt verilən formaları hələ də istifadə edirik. Ehtiyatla istifadə etdiyimizdən, hələ sıradan çıxmayıblar.
Açıq Əyləncəli Futbol Məktəbindən də kömək ediblər. Layihənin koordinatoru Kərim Ağayevdi. Onların dəstəyiylə Tbilisidə keçirilən seminarlarda iştirak edirik. Bundan əlavə, bizi topla da təmin edirlər.
Hazırda bizdə 5 yaş qrupu fəaliyyət göstərir – U-10, U-11, U-12, U-13, U-14. Bu komandalar AFFA-nın təşkil etdiyi yarışlarda iştirak edirlər. Hər komandada azı 15 uşaq məşq edir. Maksimum isə 18 uşaq olduğu zaman da olur. Oyunlarımızı Tovuzda keçiririk. Bizdə UGİM-lə “Avey” klubu bir fəaliyyət göstərir. AFFA-nın təşkil etdiyi yarışlarda çıxış edirik. Son zona yarışlarında qalib gəlsək də, 3-cü turda Bakının “Vətən” komandasına məğlub olduq.
Bizdən başqa, əvvəllər həvəskarlar liqasında çıxış etmiş “Ağstafa gəncləri” komandası da aşağı yaş qruplarıyla fəaliyyət göstərir. Onların da bir neçə aşağı yaş qrupu var”.
Ağstafa peşəkar futbolda çox qısa müddətdə təmsil olunsa da, bu müddət Azərbaycan futboluna istedadlı oyunçular bəxş etmək üçün kifayət edib. Bunların arasında ən məşhuru isə Məqsəd Yaqubəliyevdi. Millimizin də üzvü olmuş Yaqubəliyev 1992-ci ildə, “Avey” ölkə çempionatında çıxış etdiyi ilk mövsümdə komandanın ən məhsuldar futbolçusu olub – 10 qol. Fərzəliyev Ağstafa futbolunun yetirməsi olan bir çox sabiq futbolçunun hazırda da futbol sahəsində çalışdığını deyir:
“Məqsəd Yaqubəliyev mənim baş məşqçi olduğum zaman “Avey”ə cəlb edilmişdi. Futbola gələndə onun 21 yaşı var idi. Bizdə oynadıqdan sonra əvvəl “Göyəzən”in heyətində SSRİ-nin ikinci dəstəsində, daha sonra isə “Turan”ın heyətində “Fənərbaxça”ya qarşı oynadı. Daha sonra isə Azərbaycan millisinə də cəlb edildi.
Məqsəddən başqa da yaxşı futbolçularımız olub. Ağstafa ölkə futboluna Qoşqar Hacıyev, Ülfət Mədətov, Elxan Şəhniyarov, Elçin Həsənov, Eldar Babayev və başqa oyunçular bəxş edib. Onların da çoxu hazırda məşqçi, seleksiyaçı kimi çalışır”.
“Nə qədər ki, biz yaşayırıq, Ağstafada da futbol yaşayacaq”
Ağstafada uzun illərdi böyük futbol olmasa da, rayonda bu oyuna maraq böyükdü. Komanda güclülər dəstəsində oynadığı zaman ev oyunlarını keçirdiyi stadionda minlərlə ağstafalı öz doğma komandalarını qələbəyə səsləyirdi. Bu gün Ağstafanın futbol həvəskarları böyük futbola həsrət qalsa da, azyaşlıların çıxışlarıyla təsəlli tapır. Fərzəliyev “nə qədər ki, biz yaşayırıq, Ağstafada da futbol yaşayacaq” deyir:
“Ağstafa peşəkar futbol görmüş rayondu. SSRİ dövründə Azərbaycan çempionu olmuşuq. Bundan başqa, müstəqil ölkə çempionatının yüksək liqasında da mübarizə aparmışıq. Həmin vaxt komandanın oyunlarına çox böyük maraq var idi. Hərdən stadionda lotoreya da oynayırdılar. Qazax şəhər stadionunda keçirilən oyunlarımızda stadion dolduğu vaxtlar da olurdu. Ağstafada həmişə futbol olub, nə qədər ki, biz yaşayrıq, həmişə də olacaq”.
Reşad ERGÜN




Fikirlərini bizimlə bölüş!