Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Göz yaşı

Kişinin göz yaşları… yox, kişinin ağlaması ədəbiyyatda, filmdə işlənmiş mövzudur. Simvolikasından bəhs etmək qərinələr çəkər.

Bu, Qərbdə yox, Şərqdə mövzudur.

***

Qurban Qurbanov bir neçə il Azərbaycan çempionluğunun həsrətində olan “Qarabağ”ın ölkə çempionu olduğu gün ağlamışdı

Buna “sevinc göz yaşları” demək ümumişlək anlam olar. Başqa cür ifadə isə namümküdür.

Fəxarət hissindən doluxsunmuş xarakter nəticəyə nail olarkən…

Sonra səhv etmirəmsə, 2017-də ilk dəfə ÇL-in qrup mərhələsinə yüksələndə də doluxsunmuş, ağlamsınmışdı.

Dünənki möhtəşəmlikdə də…

Amma dünənki dramatizmin final/kuliminasiya səhnəsi Bəhlul Mustafazadənin qələbə qolunu vurandan sonra hönkür-hönkür ağlamasıydı.

Məncə, Tarkovski soyuqqanlığı da yetməz… O səhnənin nə boyda aurası vardı.

***

Yenə hakim dəccalın çöpünü böyrümüzə sancırdı. Sanki onun simasında təzahür olunmuşdu – başqa çarəm qalmayıb, alçaqlıq etməliyəm…

Və 1:2-dən 3:2-ə çevrilən, müdafiəçidən gələn qol! Futbolun ilahi ədaləti bu dəfə müdafiəmizə qalxdı…

Hücumçular belə Bəhlul kimi o tayminqi, topa o cür öldürücü toxunuşu edə bilməzdi…

Varmı mistika? Əlbət ki, Həmid hoca, var!

***

“Ayaks”la oyundan (2:4) sonra “refresh” olunan, xarakterinin yeni zirvəsini göstərən “Qarabağ” möhtəşəm NONSESƏ daha bir əlavə etdi – bir Azərbaycan klubu bir azərbaycanlının qələbə qolu ilə ÇL-in pley-of mərhələlərinə yüksəlir.

99.9% bu belədir. İLKlərin müəllifi olan “Qarabağ” növbəti ilkə qol qoydu.

Ayın 29-da, Liverpulda “köhlən atlar”ın “Bitlz” ahənginə yorğa bərq vurması gərək. Bəli, sadəcə, zövq üçün, həzz üçün.

***

Sakit duruşu olan şəxsiyyətlərin ağlama məqamına yetməsi heyrətlə, rəğbətlə, fəxrlə qeyd olunası məqamdır. Təsvir edə bilməyəcəyimiz səhnələri tərtib edən bu komandaya şapka çıxaraq…

Fikirlərini bizimlə bölüş!