Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Hafka”nın yarıtmaz Xocalı təbliğatı

Bu gün – fevralın 26-da, Xocalı soyqırımının ildönümü günü ölkə mətbuatında “Madrid “Atletiko”sundan Xocalı şəhidlərinə ehtiram” başlıqlı xəbər dərc olunub.

Xəbərdə deyilir: “İspaniyanın öncül futbol klublarından olan “Atletiko” (Madrid) La Liqada oynayacağı “Osasuna” və “Real” (Madrid) qarşılaşmalarında Xocalı qırğını qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sahəyə qara bantla çıxacaq.

Türkiyə mediasının xəbərinə görə, bu barədə klubdan açıqlama yayılıb.

Açıqlamada bildirilir ki, Madrid klubunun futbolçuların formasındakı “Land of fire – Azerbaijan” sloqanına qara bant əlavə ediləcək.

Ayrıca komandanın ulduz futbolçusu, türkiyəli Arda Turan və digər bəzi oyunçuların hazırladığı Xocalı qırğınını qınayan və dünyada sülhünü dəstəkləyən film klubun internet səhifəsinə yerləşdiriləcək”.

İlk baxışda məmnun qalmalı olduğumuz bir durumdur. Çünki hər necə olmasa da burada söhbət dünyanın üç ən güclü futbol çempionatlarının birində turnir cədvəlində ilk üçlükdə qərarlaşan məşhur bir klubun Azərbaycan həqiqətlərini dünyaya duyurmasından gedir. “Atletiko” çempionluğa iddialı klubdur, onun oyunlarını dünya boyunca televiziya ilə yüz milyonlarla insan izləyir, bu da həmin yüz milyonların erməni vəhşiliyini görməyinə, bilməyinə, duymağına daha bir vəsilə olar və s. Amma…

Amma dərd odur ki, burada böyük bir yalanla üz-üzəyik. Səbəb də odur ki…

Səbəb də odur ki, “Atletiko”-“Osasuna” oyunu artıq olub, bitib, gedib. Özü də fevralın 23-də. Özü də azərbaycanlı iş adamı, “Hafka” ləqəbli Hafiz Məmmədovun 20 milyon avro sərmayə qoyub “Land of fire – Azerbaijan” deyə reklam apardığı Madrid klubu həmin oyunda 0:3 hesabı ilə uduzub. Özü də “Atletiko”lu futbolçular həmin oyunda heç bir qara lent-filan bağlamadılar, matç başlamazdan öncə Xocalı qurbanlarının xatirəsinə sayğı duruşunda dayanmadılar. Oyun canlı yayımlanırdı və bunu hamı gördü.

Virtualaz.org da özünün 24 fevral tarixli buraxılışında bu məsələyə ““Hafka”nın atletik Xocalı hap-gopu” başlıqlı replika ilə münasibət bildirdi. Bu – bir.

İkincisi, “Hafka”nın maya qoyduğu klubun, yəni “Atletiko”nun adı xəbərdə çəkilən ikinci komanda ilə – Madird “Real”ı ilə oyunu martın 2-də olacaq. Madridlilərin martın 2-də Xocalı aksiyası keçirəcəyi isə inandırıcı deyil. Çünki bu vaxt artıq gec olacaq, mövzu dünya ictimaiyyətindən ötrü (bizdən ötrü yox!) aktuallığını nisbətən itirəcək. Bu da daldan atılan daş effekti verəcək.

İndi sual yaranır: H.Məmmədovun və ona yaxın çevrələrin ciddi-cəhdlə yaymağa, sırımağa, aşılamağa çalışdığı “biz Avropada Xocalı aksiyası keçirirk” fikri nəyə hesablanıb? Belə bir aksiya nə Xocalını anım günü ərəfəsində, nə də elə həmin gün (yəni bu gün) keçirilmədisə, kimi aldadırlar? Niyə aldadırlar? Bir işi yarıtmayacaqdılarsa, bu nə tozanaqdır qoparırlar?

Başa düşürük, “Atletiko”nun oyun təqvimi “Hafka”nın istəyi ilə qurulmayıb. İş, qrafik elə gətirib ki, klub konkret olaraq bu gün – fevralın 26-da heç bir rəsmi oyuna çıxmayıb. Amma əgər iş görən idilərsə, komandanı bu gün bir yerə yığıb Xocalı ilə bağlı xırdaca bir aksiya keçirmək, o tədbirdən fotolar çəkib xəbərlə birgə yaymaq nə çətin iş idi? 20 milyonumuzu alıb cibinə qoyan “Atletiko”nu sevənlərin azı 20 faizi bu xəbərlə maraqlanacaqdı əlbət. Boş-boş guruldayıb yalançı təbliğat aparmaq isə…

Amma yenə də hər halda ümid edək ki, martın 2-də Madriddə belə bir aksiya olacaq. O zaman onu mütləq təqdir edəcəyik.

Fikirlərini bizimlə bölüş!