Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Hamam hamam içində…

Millimizin Filippini necə məğlub etdiyini gördüz? Hamınızı təbrik edirəm, özüm də sizin təbriklərinizi qəbul etməkdən iftixar hissi keçirirəm. Deyirəm, nə yaxşı ki, Fillipin, Hindistan kimi futbolu yüksək səviyyədə inkişaf etmiş ölkələr bizimlə yoldaşlıq görüşləri keçirməyə razı olurlar. Yoxsa, dünyaya Azərbaycan futbolunun gücünü necə göstərərdik?

AFFA hər il təxminən eyni ssenarini həyata keçirir. Yığmanı Dubaya aparıb, orada adı futbol dünyasının it dəftərində olmayan ölkələrlə yoldaşlıq görüşləri təşkil olunur. "Tutar qatıq, tumaz ayran" məntiqiylə gözəl plan qurulub. Düşünürlər ki, qələbə qazanıb, sinəmizi irəli verərik. İşdi, qəzadan məğlub olsaq, deyərik ki, yoldaşlıq oyunlarında nəticə vacib olmadığı üçün gənc futbolçuları sınayırdıq. Bu ssenarini pozan Andorra əhvalımızı korladığından bu dəfə AFFA başbilənləri və Foqts risk edib, Avropanın cırtdanlarını belə özümüzə rəqib seçmədi. Cırtdan deyəndə ki, Lüksemburqla Lixtenşteyn dişimizə görə deyil, Maltaya "gücümüzü" isə bu yaxınlarda Bakıda göstərmişdik. Andorrayla bağlı məsələ isə məlumdu. Qalırdı yenidən Asiyanın ekzotik ölkələrindən kimisə tapmaq. Belədə köməyimizə Filippin çatdı.

Millimiz hətta belə zəif rəqiblə dueldə hücum futbolu sərgiləməyi, kombinasiyalı oyun elementləriylə gözümüzü oxşamağı bacarmadı. Ən əsası, bir daha başa düşdük ki, gələcəklə bağlı hansısa nikbin xəyallar qurmağa əsasımız yoxdu. Bizimki elə qrup sonuncusu olmamaq üçün aşağı sıralarda var-gəl eləməkdi.

Foqtsu bəh-bəhlə ölkəmizə gətirəndə iddia edirdilər ki, qoca almanın sayəsində Azərbaycan futbolu dünyada reklam olunacaq, Avropanın sayılıb-seçilən yığmaları bizimlə yoldaşlıq oyunları keçirməkdən ötrü növbəyə düzüləcəklər. İllər bir-birini əvəz etsə də, üzünü bizim tərəfə tutub, "gəlin, sizinlə oynayaq" deyən yoxdu. Necə olacaq bu işlərin axırı? Guya alman çalışdırıcının çox vecinədi?! Foqtslu yığmanın ekzotik dünya turu davam edir. İndi də hiyləgər mütəxəssis həmyerlisi Klinsmannın razılığını alıb, millini okeanın o tayına aparır. Dünyanın ən məhşur turistik bölgələrindən olan San-Fransiskonu görmək üçün əla fürsətdi. Yeyin-için, kef edin.

Amma diqqətli olun, deyirlər San-Fransisko dünyanın ən çox qeyri-ənənəvi oriyentasiyalı insanın yaşadığı şəhəridi. Onsuz da məğlubiyyətə görə sizdən hesab soruşan olmayacaq. Budəfəki yenilgiyə bəhanə tapmaq üçün heç baş sındırmağa da ehtiyac yoxdu: yolun uzaqlığı, Amerikayla Azərbaycan arasındakı saat fərqi, milli üzvlərinin mövsümün sonunda yorğun olması, rəqibin dünya çempionatının final mərhələsinə hazırlaşması!

Dördünü mən saydım, buyurun, bəyəndiyinizi seçin. Dörd il bundan əvvəl Hondurasla oyun Azərbaycan futboluna nə vermişdisə, bu qarşılaşmadan qazancımız da o qədər olacaq. Ara yerdə premyer-liqanın təqvimininin atlını üstünə çevirəcəklər. Sıx təqvimdən şikayətlənən klubların harayı heç kimin vecinə deyil. Ən pisi də odu ki, 28 maydakı gözəl bayrama əlavə rəng qatan kubokun finalı başqa tarixə keçirildi. Loru dildə desək, Amerikayla qarşılaşmaq naminə çempionatın sonu və kubokun finalı yola veriləcək. Halbuki, hələ mövsümün əvvəlində çox hörmətli Ramin Musayev bundan sonra Foqtsun istəyi ilə təqvimə yersiz müdaxilələr edilməyəcəyinə söz vermişdi.

Azərbaycan futbolunda vəziyyət Kələntər dayının dediyi kimidi: "hamam hamam içində…" Foqts da bu "köhnə hamam"ın içində dəlləkliyini edir. "Nemeçeskiy" təraş isə AFFA-da oturanların o qədər xoşuna gəlir ki, heç gözlərini açıb, ətrafa baxmaq belə istəmirlər.

Fikirlərini bizimlə bölüş!