Azərbaycan futbolunun tarixində xüsusi yeri olan, on minlərlə azarkeşin sevgisini qazanan “Kəpəz” Peşəkar Futbol Klubu bu gün yenidən ciddi problemlərlə üz-üzə qalıb. Təəssüf doğuran haldır ki, son illərdə klubun inkişafı, gələcəyi və nüfuzu ətrafında aparılmalı olan işlərin yerini qeyri-müəyyənlik, idarəetmədə xaos və bitib-tükənməyən narazılıqlar tutub.
Uzun illər sponsor problemi yaşayan klub üçün iş adamı Namiq Qədirovun gəlişi bir ümid işığı kimi qarşılanmışdı. Həm futbol ictimaiyyəti, həm də azarkeşlər inanırdılar ki, nüfuzlu və ciddi bir sahibkarın kluba dəstəyi “Kəpəz”in yenidən dirçəlməsinə təkan verəcək. Namiq müəllimin ilk açıqlamaları da məhz bu ümidləri gücləndirirdi. O, klubun inkişafı üçün lazım olan hər addımı atmağa hazır olduğunu bildirir, yalnız şəffaflıq, təmizlik və ədalətli idarəçilik tələb edirdi.
Lakin çox keçmədən vəziyyətin heç də göründüyü kimi olmadığı üzə çıxdı. Klub daxilində hökm sürən münasibətlər, müxtəlif maraq qruplarının fəaliyyəti və idarəetmədəki anlaşılmazlıqlar nəticəsində həmin əməkdaşlıq uzunömürlü olmadı. Nəticədə Namiq Qədirov səssiz şəkildə proseslərdən uzaqlaşdı.
Sonradan klubun rəhbərliyinə Adil Vəliyev gəlsə də, bu da gözlənilən nəticəni vermədi. Rəsmi olaraq İdarə Heyətinin sədri kimi qalsa da, faktiki idarəetmənin böyük hissəsinin İdarə Heyətinin üzvü Fərman Əlizadəyə həvalə edildiyi bildirilir. Məhz bundan sonra klub daxilində vəziyyətin daha da mürəkkəbləşdiyi, səlahiyyət bölgüsünün pozulduğu və qərarların kim tərəfindən verildiyinin belə aydın olmadığı barədə fikirlər səslənməyə başladı.
Bu gün “Kəpəz”də ən çox verilən suallardan biri budur: klubda son sözü kim deyir? Bu suala nə azarkeşlər, nə də klubun ətrafında olan şəxslər dəqiq cavab verə bilirlər. Çünki idarəetmədə vahid mövqe və məsuliyyət mexanizmi görünmür. Klub ətrafında müxtəlif şəxslərin toplandığı, bəzilərinin özlərini “ağsaqqal” kimi təqdim etdiyi deyilsə də, ortada ağsaqqallığa xas olan nə müdriklik, nə də məsuliyyət hiss olunur.
Futbol yalnız meydandakı nəticələrdən ibarət deyil. Burada peşəkarlıq, nizam-intizam və müasir idarəçilik əsas şərtlərdən sayılır. Lakin klub daxilində qəbul olunan bəzi qərarlar bunun əksini göstərir. Mütəxəssislər hesab edirlər ki, vacib oyunlar öncəsi futbolçuların qidalanmasından tutmuş, tibbi nəzarətə qədər hər bir məsələ peşəkar standartlara uyğun təşkil edilməlidir. Əks halda nəticələr meydanda özünü göstərir.
Son aylarda həm azarkeşlər, həm də futbol ictimaiyyətinin nümayəndələri arasında apardığımız söhbətlər zamanı bir məqam xüsusilə diqqəti cəlb edib: narazılıq artıq təkcə nəticələrlə bağlı deyil. İnsanları daha çox narahat edən məsələ klubun gələcəyi ilə bağlı yaranmış qeyri-müəyyənlikdir.
“Kəpəz” kimi böyük tarixə malik bir klubda sabitlik əvəzinə dedi-qoduların hökm sürməsi, peşəkar kadrların kənarda qalması və idarəetmənin qeyri-müəyyən xarakter alması ciddi narahatlıq doğurur. Futbolu bilən, bu sahədə təcrübəsi olan şəxslərin proseslərdən uzaqlaşdırılması isə vəziyyəti daha da ağırlaşdırır.
Yeri gəlmişkən, son illərdə “Kəpəz”də baş verənlərə nəzər salarkən baş məşqçi Azər Bağırovun fəaliyyəti və klubla münasibətləri də diqqətdən kənarda qala bilməz.
Heç kim inkar etmir ki, Azər Bağırov futbolu bilən mütəxəssislərdəndir. Çətin vəziyyətlərdə komandanı toparlamağı, futbolçulara motivasiya verməyi bacarır. Məhz buna görə də bir çox azarkeşlər onun rəhbərliyi altında komandanın bəzi uğurlu çıxışlarını yüksək qiymətləndirirlər.
Lakin Azər Bağırovla bağlı müəyyən suallar da illərdir cavabsız qalır. Son iki ildə onun baş məşqçi kimi kluba gətirilməsi, daha sonra müqavilə məsələlərinin qeyri-müəyyən vəziyyətdə saxlanılması, yenidən uzadılıb-uzadılmaması ətrafında yaranan söz-söhbətlər futbol ictimaiyyətində təəccüb doğururdu. Klub rəhbərliyi bu məsələlərə heç vaxt aydın və dolğun münasibət bildirmədi.
Narazılıq doğuran məqamlardan biri də “Kəpəz”in son oyunlarından əvvəl Azər Bağırovun Qəbələyə gedərək “Şamaxı” komandasının oyununu izləməsi ilə bağlı yayılan məlumatlar oldu. Peşəkar futbolda rəqiblərin oyunlarının izlənilməsi adi hal sayılsa da, komandanın taleyüklü qarşılaşma ərəfəsində belə bir səfərin həyata keçirilməsi azarkeşlər arasında müxtəlif suallar və narazılıqlar yaratdı.
Azər Bağırov ümumiyyətlə qapalı xarakterli məşqçi təsiri bağışlayırdı. Klubda baş verən hadisələr, yaranan problemlər və müxtəlif mübahisələr fonunda o, demək olar ki, heç vaxt açıq danışmır, mövqeyini ictimaiyyətə tam şəkildə çatdırmırdı. Bu isə istər-istəməz belə bir təəssürat yaradırdı ki, baş məşqçi nələrisə demək istəsə də, deməyə çəkinir və ya müəyyən səbəblərdən susmağa üstünlük verir.
Bu gün Azər Bağırov artıq klubda deyil. Onun yaxın çevrəsində səsləndirdiyi deyilən fikirlər isə vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir. Bildirilir ki, o, “Kəpəz”də özünə qarşı müəyyən oyunların aparıldığını, hətta tələyə salınmağa çalışıldığını düşündüyünü söyləyib və klubdan ayrılmasını özünün xilası kimi qiymətləndirib.
Əgər doğrudan da vəziyyət bu həddə çatıbsa, onda sual yaranır: Azərbaycanın ən köklü futbol klublarından birində niyə sağlam iş mühiti formalaşdırmaq mümkün olmur? Niyə bu klubda sponsorlar, rəhbərlər, məşqçilər və peşəkar kadrlar uzun müddət işləyə bilmirlər?
Bu sualların cavabı tapılmadan “Kəpəz”in gələcəyindən danışmaq çətin görünür. Bu gün artıq stadion istifadəyə hazır vəziyyətdədir. Şəhər və bölgə futbolsevərləri illərlə gözlədikləri arenanın fəaliyyətə başlamasını səbirsizliklə gözləyirlər. Lakin stadionun idarə olunması ilə bağlı qərarlar da müxtəlif suallar yaradır. Yerli kadr potensialının mövcud olduğu halda, rəhbər vəzifələrə başqa rayonlardan şəxslərin gətirilməsi futbol ictimaiyyətində birmənalı qarşılanmır.
Ən ciddi iddialardan biri isə klubda qohumluq və şəxsi münasibətlərə əsaslanan təyinatların artması ilə bağlıdır. İddialara görə, bəzi hallarda peşəkarlıq meyarları deyil, şəxsi əlaqələr üstün tutulur. Belə yanaşma isə istənilən təşkilatın inkişafına deyil, geriləməsinə xidmət edir.
“Kəpəz” adi bir futbol klubu deyil. Bu ad Gəncənin futbol tarixidir, minlərlə insanın sevgisidir, Azərbaycanın futbol ənənələrinin bir hissəsidir. Ona görə də bu klubun taleyi ilə məsuliyyətsiz davranmaq, şəxsi maraqları ümumi mənafedən üstün tutmaq heç kimə başucalığı gətirməz.
“Bu gün “Kəpəz”in xilasa ehtiyacı var. Klubun yeni sponsor və ya yeni rəhbərdən əvvəl sağlam idarəçilik sisteminə, şəffaflığa, peşəkar yanaşmaya və azarkeş etimadının bərpasına ehtiyacı var.
Çünki “Kəpəz”lə oynamaq sadəcə bir klubla oynamaq deyil.
“Kəpəz”lə oynamaq odla oynamaq kimidir…

Mövzu üzrə digər yazılar: Gəncəlilər niyə heç vaxt “Kəpəz”in autsayderliyi ilə barışmayacaq?!.

Fikirlərini bizimlə bölüş!