Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Kəpəz”in paxıllığını çəkənlər haqda cızma-qara…

Son günlər Azərbaycan mətbuatında, sosial şəbəkələrdə “Kəpəz” futbol klubunun azarkeşləri müzakirə mövzusuna çevrilib. Premyer Liqada hər ev oyununda stadiona gələn gəncəli futbolsevərlər say baxımından ölkədə rekord qırırlar. Əlbəttə ki, bu Azərbaycan futbolu naminə sevindirici haldır. Nəzərə alsaq ki, futbolumuz azarkeş baxımından korluq çəkir, komandalar boş tribunalar önündə çıxış edir, onda bölgə təmsilçisinin bu rekorduna sevinmək lazımdır, nəinki paxıllıq etmək.

Paxıllıqdan söz düşmüşkən, niyəsə “Kəpəz” fanatlarının bu rekordu bəzilərinin dodağını büzür, kefinə soğan doğrayır. Bəziləri deyəndə elə “Xəzər Lənkəran” azarkeşlərini misal çəkmək olar. 15 min azarkeş tutumuna malik Lənkəran şəhər stadionunu demək olar ki, hər oyunda türklər demiş, tıklım-tıklım dolduran cənublular, indi onları say baxımından üstələyən gəncəlilərə əməlli-başlı paxıllıq eləyirlər. Sosial şəbəkələrdə bununla bağlı status yazan kim, şərh yazan kim…

Lənkəranlı fanatlarla bağlı fikirlərimə yenidən qayıdacam. İndi Azərbaycan Premyer Liqasında ən nüfuzlu komandaların oyunlarına nəzər salaq. Məsələn, Avroliqada ölkəmizi layiqincə təmsil edən “Qarabağ”ın matçlarını misal götürək. Ölkə çempionatında ağdamlıları stadiona dəstəkləməyə gələn azarkeşlər barmaqla sayılabiləcək qədər az olur. Tribunalarda sadəcə “İmarət” azad azarkeş qrupunun üzvləri nəzərə çarpır ki, bu da 100 nəfərdən artıq olmur. Amma bir reallıq var ki, “Qarabağ”ın Avroliqanın ev oyunlarında stadiona topladığı rekord sayda azarkeşi, “Kəpəz”Premyer Liqanın ən əhəmiyyətsiz matçında, yəni “Sumqayıt”la görüşdə tribunalara yığır.

Azərbaycan mətbuatının və futbolsevərlərinin “Böyük oyun” adlandırdığı “Neftçi”– “Xəzər Lənkəran” qarşılaşmasına da diqqət yetirək. 20 Sentyabrda Premyer Liqanın 5-ci turu çərçivəsində üz-üzə gələn bu komandaların oyununu cəmi 1500 azarkeş stadiondan izləyib. Budurmu sizin “Böyük oyun”unuz?!

İndi götürək “Qəbələ”ni. Bölgə təmsilçisinin də oyunları həmişə yerli sakinlər tərəfindən maraqla qarşılanıb. Sözügedən klubun ev oyunlarını orta hesabla götürsək, təxminən 2 və ya 3 min azarkeş stadiondan canlı izləyir. Digər klublarımız, məsələn Premyer Liqanın debütantı “Zirə” maliyyə problemləri yaşayan “İnter”, AZAL və “Sumqayıt”ın azarkeşlərindən danışmağa isə ehtiyac yoxdur məncə…

İndi keçək əsas mətləbə, yəni 15 minlik azarkeş sayı və üstünlüyü ilə qürrələnən “Xəzər Lənkəran” fanatlarına. Azərbaycan futbolunun “Yenilməz Armadası” elitaya qayıtdı və onların üstünlüyünə son qoyuldu deyə dəridən-qabıqdan çıxanlara… İndi cənublu fanatlar yerə-göyə sığmır ki, bəs “Kəpəz”in ev oyunlarına yerli sakinlər məcburi gətizdirilir, tələbələrə zorla bilet satılır, kim gəlməsə işdən qovulur və s.

Premyer Liqanın 6-cı turunda “Kəpəz”- “Qarabağ” matçını 20 min tamaşaçı stadiondan izləyib. Bu say sizi hürküdüb və şişirdilmiş rəqəm və yaxud zorla gətirilmiş azarkeşlərin olduğunu güman eləyirsiniz. Lap yaxşı. Gəlin sizə klassik bir şey deyim. Tutaq ki, stadiona məcburi min tələbə, min süpürgəçi, min həkim və min müəllimə gətizdirilib. Bəs yerdə qalan 16 min azarkeş? Bəs vicdan? Özünüzü bu cür hərəkətlərlə devalvasiyaya uğratmayın… Amerika marsda su tapır, İsveçrə ölkədə iş vaxtını 8 saatdan 6-ya endirir, müsəlmanlar orucu pozan və ya pozmayan amilləri araşdırır, siz də “Kəpəz” azarkeşlərinin sayının saxta olduğunu sübuta yetirməyə çalışırsınız.

Türkiyədə bir reklam çarxı var idi. Bəlkə bəzilərinin yadına gələr. Saqqız reklamı idi. “Nazar etme ne olur, çiğne senin de olur”. İndi siz də paxıllıq eləyib “Kəpəz” azarkeşlərini gözə gətirməyin. Bu bizim futbolumuzun uğrudur, sevincidir, üstünlüyüdür. İndi siz də “nazar etmeyin ne olur, çok çalışın sizde de olur” şüarı ilə yola çıxın, klub prezidentinizin yaxasından yapışın ki, bəs “Kəpəz” azarkeşlərinin sayı bizdən çox olur. Stadionu uçurdun, yenisini tikin, tribunalarda oturacaqların sayını artırın, biz daha çox adam yığaq ora zad…

Bayaq yuxarıda “Kəpəz”ə sinonim olaraq “Yenilməz Armada” yazdım. Açıqlamasını verim bilməyənlər üçün. Deməli belə Cənablar, tarix 1997-1998-ci illərdi, “Kəpəz”in “xod” gedən vaxtlarıdı. Bir sözlə gəncəlilər qabağına çıxanı udur, rəqibin ağına-qarasına baxmırdı. Beləliklə sarı-göylər həmin mövsüm Azərbaycan çempionu olur, bununla yanaşı ölkə kubokuna da sahib çıxır. Bax, həmin il “Kəpəz” həm çempion olub həm də kubok qazananda, Azərbaycan və dünya rekordu qırır. Ona görə ki, “Kəpəz” həmin mövsüm bir oyun belə məğlub olmur və “Yenilməz Armada” ləqəbi qazanır.

Belə bir klub uzun fasilədən sonra yenidən Premyer Liqaya qayıdanda bu qədər azarkeşin stadiona gəlməsi sizcə normal deyilmi?! Unutmayın, “Kəpəz” Azərbaycanın ən köklü və ən titullu klublarından biridir…

Xəyal AZƏROĞLU

Fikirlərini bizimlə bölüş!