Bu barədə bir qədər sonra.
“Sabah”ın Çempionlar Liqasında nə işi var?
İndi əksəriyyət gizlənə, ona-buna söz ata bilər. Amma dürüst olsaq, aylar əvvəl əksəriyyətimiz bunu düşünürdük, bir-birimizə eyni sualı verirdik.
Kifayət qədər də əsasımız vardı. Çünki 20 ilə yaxındır Avropada normal nəticəni, bir qayda olaraq, “Qarabağ” verib.
“Qəbələ” iki dəfə ardıcıl qrupda çıxış etsə də, ardını gətirə bilməyib.
“Neftçi” ilk addımı atıb, sonrakı illərdə sinifdə qalıb. Xüsusilə çempion olduğu mövsümdə üç yarışdan da ələnmişdi.
Ağlı başında olan adam belə vəziyyətdə “Sabah”ın ÇL-ə qalacağına necə inana bilərdi?
Məntiq, təcrübə, ağıl buna imkan vermirdi.
“Sabah” bütün proqnozları alt-üst etdi.
Dəhşətli nəticədir. Nə qədər tərifləsən, xoş söz desən azdır.
İlk gündən “bayquşlar”ın minimum Konfrans Liqasında çıxış edəcəyini bildirirdim. Əksi fiasko olardı.
“Sabah” bir vaxtlar “Neftçi”nin yaşadığı biabırçılıqdan xilas oldu, amma dayanmadı, boyundan çox-çox yuxarı tullandı.
Xüsusilə “Hapoel” çox təcrübəli, fiziki cəhətdən daha bərk komanda idi. Bu rəqibi Dambrauskas təslim etdi.
Debüt mövsümündə ÇL-in əsas mərhələsi…
Buna şahidlik etmədən inanmaq mümkün deyil. Kimsə əksini deyirsə, gözünün içinə qədər yalan danışır))
Bütün “Sabah” ailəsini bu münasibətlə təbrik edirəm.
Tarixi nəticədir.
Qazanılan uğurların memarı, heç şübhəsiz, Valdas Dambrauskasdır. Lazım olan anlarda öz toxunuşlarını edə bildi.
Nə xoş ki, bu qədər legionerin arasında klubu ÇL-ə daşıyan qəhrəman məhz bizim həmyerlimiz Tellur Mütəllimov oldu.
Azərbaycanlı olmadan qazanılan uğur şəxsən mənə heç vaxt tam yapışmayıb.
Möhtəşəm toxunuş idi.
Saniyələr öncə Tellurun ilk zərbəsi rəqibə tuş gəlmişdi. Həmin anda matçı bir yerdə izlədiyim tanışıma dedim ki, Tellur belə zərbələri sevir. Sanki ağzımdan eşitdi…
Söhbətə isə ənənəvi sualla nöqtə qoyum:
Bəs deyirdiniz yerlilər Avropada uğur qazanmağa mane olur?
Yenə tarixi uğurda azərbaycanlı balası həlledici rol oynadı.
Limitin ləğvini israrla tətbiq edən “Sabah”ın məhz limitlə ÇL-ə getməsi də başqa leveldir.
87-ci dəqiqədə Mütəllimov meydana çıxandan sonra yerli statuslu oyunçu sayı 4-ə qalxdı. Yəni iki il əvvəl Premyer Liqada tətbiq olunan limit – 7+4.
“Qarabağ” 18 il göstərdi ki, limitin olması uğurlu klub modeli qurmağa mane olmur.
Elə “Hapoel”lə son 40 dəqiqə də bunu göstərdi.
Bugünkü Rəhmanı, Telluru nə Azərbaycan futbolu yetişdirib, nə də bataqlıqda boğulan klubların akademiyaları.
Məhz limitdə oynamaqla ölkə miqyasında normal futbolçu kimi yetişiblər.
Hətta bu qədər legionerin içində boy verəcək qədər…
Xanoğlan İMANOV


Fikirlərini bizimlə bölüş!