Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Mən sizi tanıyıram…

Almeydasız, Reynaldosuz, Aqollisiz, Cumbinyosuz "Qarabağ"ı nəzərə almasaq, Azərbaycan futbolu elə qaldığı yerdədi. Əsrlərin qovşağındakı, qovşaqdan bir az əvvəlki yerində.
***
Hə, son illərdə Qurban Qurbanov kimi bir tapıntısı var bu futbolun. Amma yenə o fikirdə qalıram ki, Qurbanov olmayaydı "Qarabağ"da, olardı "Neftçi"də, "İnter"də, "Qəbələ"də, "Xəzər Lənkəran"da, Qurbanov olmazdı. Ya da məşqçilərin "məzarlığ"ında – Azərbaycan millisində. Qurban Qurbanov olmazdı, qurban olardı, amma Qurban Qurbanov olmazdı.

Zatən "Neftçi"də işləmişdi. İşləmişdi və ani uğursuzluğa görə yola salınmışdı. Rövnəq Abdullayevin prezident, Ramin Musayevin vitse-prezident olduğu "Neftçi"də. Təsəvvür edirsiz, "Qarabağ"ın prezidenti Abdullayev, vitse-prezidentu Musayev olardı və Qurban Qurbanov da Azərbaycan futbolu üçün tarix yazardı. Gülməlidi, hə?
***
"Qarabağ"ın avrokuboklardakı oyunlarını şərh edən dostlar, həmkarlar tez-tez Bədavi Hüseynovun, Qara Qarayevin ölkə xaricinə çıxıb legioner həyatına başlamalı olduqlarını bildirirlər.

Etməyin, eləməyin, qardaşlar. Vaqif Cavadovun, Mahir Şükürovun, Rail Məlikovun, Cavid İmamverdiyevin, Cavid Hüseynovun, Ruslan Abışovun, onun, bunun – hamısının arxasınca suyu siz atmışdız, uğur diləmişdiz. Hamısı əli ətəyindən uzun qayıtmışdı. Qayıdıb təkrar gedənlər də var – Türkiyənin aşağı liqalarında günlərini keçirirlər.

Bədavini, Qaranı futbolçu edən "Qarabağ"dı, Almeydadı, Aqollidi, Reynaldodu, Cumbinyodu, Qurban Qurbanovdu.

Azərbaycan futbolu Az.TV-də saat 20.00-da efirə gedən "Xəbərlər" proqramı kimidi. Nə olur olsun, proqramda dəyişiklik olmayacaq. Siz bunu bilə-bilə, başımıza dəyən daşların ağrısı səngiməmiş Vaqif Cavadovun, Ruslan Abışovun, Cavid Hüseynovun futbolçu kimi bir heç olduğunu özünə və bizə sübut etdiyi xaricə getməyə səsləyirsiz Qaraları, Bədaviləri. Elə həmin "Qarabağ"ın heyətində Türkiyəni gəzib-dolaşıb, daha səviyyəli çempionat üçün var olmadığını isbatlayan İlqar Qurbanov var. Elə həmin "Qarabağ"da üç dəfə Türkiyə yolçusu olmuş, müstəqillik dövrümüzün ən yaxşı futbolçusu Rəşad Sadıqov var.

Bu uşaqların karyeraları, həyatları ilə oynamayın. Ya da siz oynayın, mən yazım:

Bədavi, Qara, legioner həyatı haqda düşünməyin. Hazır deyilsiz. Bəlkə də heç vaxt hazır olmayacaqsız. Bəlkə də bir gün hazır olacaqsız. Amma indi – yox.
***
Azərbaycanda futbolun inkişaf etmədiyini həm də o jurnalistlər yazır ki, özləri qarışqanın dırnağının ucu boyda da inkişaf etməyiblər. Biz Berti Foqtsa və onun "nemes" dəstəsinə görə milyonlarla manatı havaya sovuran AFFA-nı qınayırıq. Bəs bu "yarımfabrikat", savadsız gəncliyə görə milyardlarla vəsaitin başına daş salan təhsil sistemi nə olsun?

Maşınınızın təkərlərinin, ayaqlarınızın ilişdiyi çuxurlara görə söydüyünüz nəqliyyat sistemində xərclənən trilyonlarla vəsait necə olsun?

Sizi böyrəyinizdəki daşı salmaq üçün İrana, Gürcüstana getməyə məcbur edən tibb sahəsinə sərf olunan pullar hara yazılsın?

Bilirsizmi, mən Rövnəq Abdullayevin, Ramin Musayevin, Elxan Məmmədovun, Elşad Nəsirovun, Xaqani Məmmədovun elə də böyük günah sahibləri olmadığını düşünürəm. Enində-sonunda hamımız bu sistemin, bu xalqın cocuqlarıyıq. İçimizdən "yuxarı" gedən hər kəs "pis"ə çevrilir. İçimizdə – deməli, "aşağı"da qalanlar hər zaman daha haqlı, daha dürüst, daha vicdanlı tərəf sayılır.

Səmimi olun, heç biriniz "yuxarı"da olmaq arzusu ilə yaşamır?
***
Yaşayırsız, yaşayırsız, mən sizi tanıyıram…

Fikirlərini bizimlə bölüş!