Üçüncü dövrənin ilk 3 turu arxada qaldı. Çempionat mənsublarının hazırlıq səviyyəsini qiymətləndirmək hələ tezdi. Bununla belə, bəzi nəticələrə gəlmək mümkündü. Yalnız “Bakı” yeni ilin startını 3 qələbəylə qəyd edib. Turnir cədvəlinin son pilləsində qərarlaşan “Sumqayıt” son 2 turda eyni sayda xal toplayıb. AZAL-la Şüvəlandakı heç-heçənin üstünə “Rəvan”la görüşdə 1 xal qoydular.
Əslində, sumqayıtlılar “Qəbələ”yə də uduzmayacaqdı; ilk hissədə yaxaladığı epizodları boşa verib, qonaqların hesabı açmasıyla ruhdan düşməsəydilər. Təcrübəsizlik və özünəinam hissinin yoxluğu “gənclik şəhəri” təmsilçisinin başının daşıdı. Aqil Məmmədov oyun qura bilən, oyunun axarını dəyişəcək, komandanı meydandanın içərisində idarə edəcək liderdən məhrumdu. Samir Abbasov? Ağıl başda yox, yaşda olsaydı, Samirin yeri “Ermitaj” muzeyidi.
Bir ara da belə sürsə, Yuri Syomini Moskvadakı sərgi salonlarından birinə düzəltmək lazım gələcək. “Qəbələ” onun ilk 6 ayında daha yaxşı təsir bağışlayırdı. “Qırmızı qaralar” iddialılardan yalnız “Bakı” və “İnter”i iki dəfə üstələyib. Hazırkı vəziyyətdə nəticələri yaxşılaşdırmaq əyalət təmsilçisinə heç də asan başa gəlməyəcək. Bəlkə də olmadı. Syominə nə üz verib ki, ipi əldən buraxıb? Bütün suallar birbaşa Yuri Pavloviçə yönəlməlidi. Bəli, o, təcrübə zəngin mütəxəssisdi, Moskva “Lokomotiv”i və Kiyev “Dinamo”sunda uğurlar qazanıb, ölkəsinin millisini çalışdırıb. Canlı ensklopediyanı vərəqləməyəcəm, çün futbolla elə-belə maraqlanan adi insanlara da məlumdu ki, o, şimal qonşumuzun futbol dünyasına bəxş etdiyi ekstra adlardan biridi.
Fikrimizcə, “Qəbələ”nin relsdən çıxmasını da onun vətəninlə əlaqələndirməliyik. Kurban Berdıyevlə vidalaşan “Rubin”in, həmçinin “Anji” ilə adı zaman-zaman hallanan Syominin diqqəti öz işindən yayınıb. Ağlı Rusiyadadı, doğma üzlərin yanındadı. Ukraynadan qovulandan sonra Rusiyada hansısa klubun maraq dairəsinə düşəcəyini təxmin etsəydi, “Qəbələ”nin təklifini ciddiyə almazdı. Tale Heydərovun dəvətini dəyərləndirməklə, ölkəsində medianın gündəminə yenidən qayıdan Syomin varlığını qorudu. Artıq ona burda qalmaq və nəticə vermək maraqsızdı. Marağı qalıbsa belə, bu, əvvəlki səviyyədə deyil.
Özünün bildirdiyi kimi, Heydərov qarşısına iki məqsəd qoyub: çempionluq və stadionu azarkeşlərlə doldurmaq. İkinci vəzifənin öhdəsindən gəldiyini demək olar. Yeni tikilən arenanun tutumu 2800-i keçmədiyindən, son ev oyunlarında tribunalar boş görünmür. Qəbələnin futbol məskəni olmamasını nəzərə alsaq, 1500-2000 nəfər iri rəqəmdi. Deməli, işin bir tərəfi düzəldi.
Bəs əsas məsələ necə olsun? Yuri Pavloviç uşaq deyil, dünyanı görə-görə, gəzə-gəzə gəlib və anlayır ki, futbolu standartlardan uzaq Azərbaycan çempionatında medal qazanmaq iürəkkəb prosesdi, o ki ola çempionluq. “Qəbələ”nin 7-8 illik tarixində hələ avrokuboklara vəsiqə yoxdusa, rusiyalının bir sıçrayışla atın belinə minməsi və çapması ondan da çətindi. Tutaq ki, Syomin ruhdan düşməyib, əksinə, həmişəkindən artıq enerji ilə işindən yapışıb, komandanın ab-havasını kim pozub onda? Bəlkə Fariz Nəcəfov? Bəlkə Zaur Əzizov? Bəlkə üzdə olmayan digər rəsmilər? Xeyr, heç biri.
Çünki onların hər biri fərdi planda qüvvədi və bir-birləriylə yola getmir. Nəcəfov Heydərovların ən inanılmış adamıdı, “Jalə” şirəsi içənlərdən bəzi önəmli fiqurlar ötən illərdə çox çalışsa da, onu nə klubdan uzaqlaşdıra bildi, nə də ailədən. Vitse-prezidentin isə mövsümün əvvəlində və ortasında Soyminin vəkili qismində danışması yadınızdadı. “Güclə bir səviyyəli məşqçi tapmışıq, onu əldən buraxmarıq” çıxışını, yəqin ki, özü də xatırlayır. Lakin unutmaq olmaz ki, Nəcəfov Antalya toplanışının gedişində, yəni, 1 ay öncə rusiyalıya mətbuat üzərindən eyhamlar yollayıb. Üstüörtülü mesajlar komandanın yoxlama görüşlərində zəif təsir bağışlamasından qaynaqlanan narahatlığın təzahüri idi.
Son 3 çempionat oyununda bu narahatlığın əbəs olmadığını deməliyik. Futbola əlbəyaxa döyüş növlərindən gəlmiş Fariz bəy enişi qabaqcadan görürdüsə, bu sahənin içində doğulmuş və bişmiş Syomin təhülkəni hiss etmirdi? O. hələ ilk turlardan etiraf edirdi ki, arxa xətt zəifdi, bəs bu mövqeni gücləndirmədi? Rafael Santos və Kamran Ağayevdən “Qəbələ” yalnız ziyan görür. Kamran “Qarabağ” və “Xəzər Lənkəran”a qələbə gətirən qollarda kobud səhvlərə yol verib. 6 ay futbol oynamayan braziliyalı isə sol cinahda motoru tökülmüş maşina bənzəyir. Davronjon Erqaşev ştativ transfer üçün lazımıydısa, Tacikisitana dəvət göndərmək artıq idi, klubun menecerlərindən xahiş etsəydi, onlar beləsini çox rahatlıqla tapa bilərdi.
Marat İzmaylova gəlincə, Syomin həmyerlisini Qəbələyə gəlməyə razı salmaqla bir tərəfdən klubun imicini qaldırdısa, digər tərəfdən öz işini çətinə saldı. “Portu”dan ayltıyalıq icarəyə götürülən yarımmüdafiəçi ulduzdu, sadəcə, 9 aydı ayağına top dəymir. Oyun praktikasını tamamilə itirən, ailəsi mafiya tərəfindən təzyiq altında saxlanılan və ölüm təhdidindən qurtulmaq üçün Azərbaycana qaçan İzmaylov “Qəbələ”yə xoşbəxtlik gətirə bilərmi, sizcə? Özü bədbəxt olan futbolçu müəlliminin üzünü necə ağartsın axı? Syomin bu sadə sualı içində götür-qoy etmək əvəzinə, riskə gedir, Maratı 180 dəqiqədə oynadır. Budu, komanda doğma publika önündə 2 əsas rəqibindən “yağlı qapaz” yeyir, azarkeşlər baş məşqçini tənqid etmək, bəlkə də döymək üçün paltardəyişmə otağının qabağına yığışır, o isə arxa qapıdan aradan çıxır? Bu, o demək deyilmi ki, Syomin Heydərovları müqaviləni birtərəfli pozmağa vadar etmək üçündü?/Sport Favorit




Fikirlərini bizimlə bölüş!