Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qarşılayın: Yoxdan Vardanov!!!

Azərbaycan futboluna, milli komandalara yüzlərlə futbolçu bəxş edən “Qəbələ”nin Futbol Akademiyasının bağlanmasının bir sıra səbəbləri var.

Akademiyanın illik xərci bir milyon manatı ötür. Söhbət yüzlərlə futbolçunun yerləşdirilməsi, qidalanması, lazım olan hər şeylə təmin olunması və onların ixtiyarına verilən 6-sı təbii ot örtüklü olmaqla, 11 meydançadan gedir.

Təkcə bu 11 meydançaya mövsüm ərzində qulluq etmək yarım milyon manatı keçir. Təsəvvür edin, təkcə Premyer Liqa oyunlarının keçirildiyi əsas stadionunun qazonunun isitmə xərci aylıq 30 min manatdır.

“Qəbələ” rəhbərliyi illərdir bu çətinliklə akademiyanı ayaqda saxlayır, amma bir yerdə bıçaq sümüyə dirənir. Çünki artıq akademiyada futbolçulara verilən əti satan qəssab nisyənin ödənilməsini istəyir, mağazalar daha borca ərzaq vermir.

Bir halda ki, bəzi valideynlər doğma uşağına baxa bilmədiyi üçün onu dövlətə həvalə edirsə, “Qəbələ” niyə respublikanın hər bölgəsindən küçədən istedadlı uşaqları tapıb gətirib Azərbaycan futboluna bəxş etsin?

Guya Premyer Liqada heç kimə lazım olmayan “Şamaxı”nın, öz stadionu yararsız olduğu üçün Bakıda məskən salan “Araz Naxçıvan”ın akademiyası var? Olmasa nə olacaq? Premyer Liqaya buraxılan “İmişli”nin heç normal tualet-hamamı yoxdur, gedib tez-bazar əcnəbi məşqçi gətirirlər.

Bunu rəsmən açıqlamasa da, “Qəbələ” rəhbərliyi deyir ki, Azərbaycan futbolunun qeyrət-namusu bizə qalıb?

“Qarabağ” illərdir brendə çevrilib, Avropada öz çapımızda at oynadır, fəxr edirik, amma Ağdam klubu bu müddət ərzində milli səviyyəsində neçə futbolçu yetişdirib? Və ya digərləri…

AFFA digər klublar kimi, hər il “Qəbələ”yə 3 milyon manat dəstək göstərirdi. İndi bu məbləği 2,5 milyon manata endiriblər. 2,5 milyon manata həm Premyer Liqada normal futbol sərgiləyən əsas komandanı, həm futbolçu yetişdirən akademiyanı, həm də ilboyu bütün meydançaları ideal səviyyədə necə saxlamaq olar?

Tamam, deyək ki, əsas komandanın başını buraxıb akademiyanı ön plana çıxarmaq olar. Amma nəyə və kimə görə?

Klubun ötən mövsüm akademiya və infrastruktur xərci 1,5 milyon manatı ötsə də, AFFA bunun cəmi 700 min manatı qarşılayıb. Onu da kluba mövsüm başa çatanda verib. Bu pul da heç “Qəbələ”nin mövsüm ərzində yığılmış borclarını ödəməyə çatmayıb.

Belə görünür, AFFA rəhbərliyi yeni mövsümdə milli komandalara futbolçuları süni intellekt vasitəsilə yeni strategiya əsasında yetişdirəcək.

Qarşılayın! Milli komandamızın yeni futbolçuları gəlir: Yoxdan Vardanov!

Fikirlərini bizimlə bölüş!