“QƏBƏLƏ”NIN YERI ELƏ QƏBƏLƏDI… ..və ya Əfran niyə Messilik edir?

“QƏBƏLƏ”NIN YERI ELƏ QƏBƏLƏDI…
..və ya Əfran niyə Messilik edir?

Azərbaycan bir ilk yaşadı; iki klub eyni gündə, daha dəqiqi, bir-birinin ardınca meydana çıxdı. Təəssüf ki, həmin gün bizə qələbə bəxş etmədi. Amma onsuz da bu oyunlardan çıxarılası çox dərs var…

“Hər quşa öz yuvası doğmadı” – bunu atalar deyib. Və biz də məsəlin əbədiyaşarlığına əmin oluruq. Gerçəklik budu ki, “Qəbələ” hər nə qədər böyük uğurlara imza atsa da, hər nə qədər yunanları önündən silib-süpürsə də, ölkənin paytaxtında yetərincə sevilmir.

Nəqliyyat problemi, “Qarabağ”ın oyununa çatmaq, biletin qiyməti – vallah-billah, bütün bunlar mənə vız gəlir. 3 milyonluq şəhərdə stadionun yolunu tutan 10 min azarkeş tapılmırsa, deməli, adamlar futbola biganədi, onların könlünü hansısa uğurlarla oxşamağa dəyməz.

Ona görə də belə hesab edirəm ki, artıq 10 yaşı arxada qoyan “Qəbədə” önəmli avrokubok oyunlarını evdə, sözün bütün mənalarında doğma divarlar arasında keçirməlidi. 7 mindən artıq laqeyd azarkeşin tribunalara yığışmasına nə ehtiyac?!

Şəxsən mən belə düşünürəm ki, “Qəbələ” rəhbərliyi vaxtında bu işin arxasınca düşsəydi, komanda indi çox asanlıqla qrup oyunlarını doğma şəhərdə keçirərdi. Bu şəhər hamını sevə bilməz!

“Neftçi”yə sevgi azmış kimi, “Qarabağ” da Bakının simpatiyasından yeyir. Hərçənd burda da hər şey aydındı. “Qarabağ”ın oyunlarındakı daimi qələbələyin kökünü paytaxtdakı ağdamlıların sayının çoxluğunda və ya Ağdamın mifik futbol ənənələrində yox, ilk növbədə adın azərbaycanlıların şüurundakı yerində, dərhal bizlərə milli kimliyimizi xatırlatmasında axtarmaq lazımdı.

Düzü, klaviaturada ilk hərfləri döyəcləyəndə oyunlara toxunmamağa qərar vermişdim. Amma bunu bacarmadım. Mən heç də o fikirdə deyiləm ki, klublar asan qrupa düşüb. Bəzi mütəxəssislərin qrupdan çıxmaqla bağlı nikbin proqnozlarını da bölüşmürəm. Qrupdan çıxmaq istəyən komanda üçün ilk addımın önəmi hədsiz böyük idi. Bu mənada nə “Qəbələ”, nə də “Qarabağ” ümidləri doğrultdu. “Qəbələ” PAOK-u da udmayandan sonra bəs kimi udacaq?

Oyunun axarından da göründüyü kimi, bəzi məqamlarda qeyri-dəqiqlik, bəzilərində futbolçu acgözlüyü arzulanan qolun vurulmasına imkan vermədi. Adətən, Roman Qriqorçukun ilk oyunu rəqibi öyrənməyə sərf etdiyini, ikincidə isə həlledici zərbə vurduğunu deyirlər. Təbii ki, qrup oyunlarında belə yanaşma işə yaramır. Artıq “çıxdaş” prinsipi işləmir, hər xalın dəyəri var, yəni qələbənin mükafatı 3, heç-heçənin qiyməti isə 1 xaldı.

Çox gözəl başlayan oyunun sonunda “Qarabağ”ın xalsız qalması da üzücü məqamdı. Təbii ki, “Tottenhem” dünyanın ən güclü çempionatlarından sayılan premyer-liqanın təmsilçisidi, təbii ki, komandaların və futbolçuların səviyyəsində fərq var. Amma gəlin razılaşaq ki, “Qarabağ” meydandan xalla ayrılmağa çox yaxın idi.

İlk iki qolda Şehiçlə müdafiə-çilərin nə işlə məşğul olduğunu müəyyənləşdirə bilmədim. Belə səhvlərə yol verən futbolçu Avroliqanın qrupunda nə gəzir? Yaxşı, 3-cü qolda Keynin olmayan centlmenliyinə bel bağlayan Rəşad Sadıqova nə deyəsən? Zədələnmisənsə, topu meydandan çıxar, buna gücün çatmırsa, sadəcə, topun üzərinə uzan. Kəsəsi, həmin qolun “memarı” Rəşaddı, Keyn və ya Lamela yox.

Əfran İsmayılov haqda nəsə demək də yaman könlümdən keçir. Şəxsən mən artıq bu növcavanın nə vaxtsa parlayacağına, hansısa oyunun taleyini həll edəcəyinə inanmıram. Futbolçunun həm ayağı, həm də başı işləməlidi. Təəssüf ki, Əfran meydanda konkret epizodlarda nə edəcəyini bilmir, daha doğrusu, bunu onu vaxtında öyrətməyiblər. Elə bu üzdən də təkbətək zamanı topu hara vurmalı olduğunu anlamır, rəqibin cərimə meydançasında topu qəbul edərkən zərbə, yoxsa driblinq mövzusunda dərhal qərar vermək əvəzinə yersiz manevrlərə əl atır. Görünür, adam özünün gerçək potensialını bilmir, ya bəlkə də Messi və Ronaldo olmaq eşqinə düşüb.

Bir sözlə, qrupdakı ilk oyunlar ölkə klublarının turnir perspektivləri baxımından bizləri o qədər də ümidləndirmədi. Görək 2-ci turda nə olacaq…

HUŞƏNG

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.