Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Reynaldo – Azərbaycan üçün möcüzə AFFA, bu futbolçunu əldən buraxmaq olmaz!

Reynaldo – Azərbaycan üçün möcüzə
AFFA, bu futbolçunu əldən buraxmaq olmaz!

O, «Qarabağ»a gəldiyi ilk vaxtlarda sanki bir az çəlimsiz görünür, bura vaxt keçirməyə gəlmiş başqa futlolçular kimi təsir bağışlayırdı. Futbol ictimaiyyəti ona görə Qurban Qurbanovu qınaq obyektinə çevirmişdi. Belə bir oyunçu “Qarabağ”a necə, niyə transfer edilmişdi? Amma indi hər kəs başqa fikirdədi: «Yaxşı ki, o var!» deyirlər.
Yəqin ki, söhbətin Reynaldodan getdiyini anladız. Onun haqqında dəfələrlə yazılıb. Artıq ilyarımdı ki, Azərbaycanda çıxış edən braziliyalının sahib olduğu futbolçu xüsusiyyətlərinə hər kəs bələddi. “Qarabağ”a gələn zaman 22 yaşında olan “sambaçı”nın bu qədər uğur qazanacağı, azarkeşlərin sevimlisinə çevriləcəyi heç kimin ağlına gəlməzdi. Hətta Qurban Qurbanovun da. Axı düzünü desək, onun yaşında və özünə hörmət edən hansı futbolçu bataqlığa bənzəyən Azərbaycan futbolunda tər tökməyə razılıq verərdi? Bəlkə də elə buna görə ilk vaxtlarda bu transferə ağız büzənlər az deyildi. Amma sən saydığını say…

Belçikadakı macəra
«Qarabağ»a «Anderlext»dən gələn Reynaldo bu klubda ümumilikdə 10 oyun keçirmişdi. «Serkl Brügge» və «Vesterlo»da icarə əsasında çıxış edən braziliyalı bu komandaların da əsas fiqurlarından deyildi. “Serkl”in heyətində oynadığı iki il ərzində 48 oyunda 11 qol vuran Reynaldo “Vesterlo”da bir mövsüm ərzində 14 oyun keçirmiş, 8 dəfə fərqlənməyə macal tapmışdı. Komandalar Belçika çempionatında çox sayda oyun keçirdiklərindən, bu nəticə heç də yaxşı qəbul edilmirdi. Bu, hələ ortabab klubların qənaətidi. Son zamanlarda günlərini ehtiyat oyunçular skamyasında keçirən Silva topla rəftar etməyi belə unutmuşdu. Vəziyyət o həddə çatmışdı ki, müqaviləylə məxsus olduğu “Anderlext” onunla heç maraqlanmırdı. Ağdam klubundan gələn təklif onlar üçün göydəndüşmə idi. Reynaldo üçün futbol bundan sonra başlayacaqdı…

O, heç kim üçün maraqlı deyildi
Bir sözlə, o, “Qarabağ”a sıradan bir futbolçu kimi gəlmişdi. «Köhlən atlar»ın düşərgəsində olan, komandanın məşqini izləyənlər də belə söyləyirdilər. Kənardan baxdığımız zaman da bu açıq-aşkar hiss olunurdu. Çempionat oyunlarından sonra hətta ingilis dilini bilən həmkarlarımız da Reynaldoya maraq göstərmir, ondan açıqlama almaq istəmirdilər (bunun şahidiyik). Elə azarkeşlərdə də ona qarşı hansısa maraq yox idi. Zaman ötdükcə hər şey dəyişdi. Reynaldo da, insanların ona olan münasibəti də. 2012/13 mövsümünün sonlarına yaxın “sambaçı” özünü göstərməyə başladı. Sürətli və ağıllı oyun sərgiləyən futbolçu adətən yarımmüdafiənin sol cinahında iştirak edirdi. Amma hələ də komandaya uyğunlaşmamışdı. Bu amil həmin mövsüm ağdamlıların çempionluq yarışında “Neftçi”yə məğlub olmasının başlıca səbəblərindən idi.

…Və bir ulduz parlamağa başladı
Bizimlə eyni səviyyədə olan futbol ölkələrində belə bir prinsip var: yaxşı komanda qurmaq istəyən məşqçi işə qışdan başlamalıdı. Qış transfer pəncərəsi zamanı zəif mövqelərə oyunçular almaq lazımdı. Ki, qarşıdakı altı ay ərzində həmin oyunçular komandaya uyğunlaşsın. Amma Azərbaycanda belə bir şeylə çox nadir hallarda qarşılaşa bilərsiz. Klublarımızın qışda azad agent kimi transfer etdikləri futbolçular çox vaxt heç bir işə yaramırlar. Əslində, onlar elə heç kimə lazım olmadıqları üçün Azərbaycana gəlməyə razılıq verirlər. Hansısa kluba pul ödəyib oyunçu almaq klub rəhbərlərimiz üçün üstünə benzin töküb özünü yandırmaq kimi ağrılı məsələdi. Nə qədər qəribə görünsə də, Reynaldo da yuxarıda qeyd etdiyimiz «prinsip» əsasında transfer edilmişdi. Deyilənlərə görə, “Qarabağ” bu keçid üçün “Anderlext”ə müəyyən məbləğdə pul da ödəməli olub. Amma hər şeyə rəğmən, zaman ötdükcə Silva ona bəslənən ümidləri doğrultmağa başladı. Ötən mövsüm avrokubok oyunları zamanı nəyə qadir olduğunu göstərən futbolçu, həmin vaxtdan komandanın liderlərindən birinə çevrildi. “Metallurq”la ev, “Gefle”ylə səfər oyunlarında (hər iki oyun 1:0 bitmişdi) komandasına qələbələr qazandıran Reynaldo, “Ayntraxt”la qarşılaşmada da qəhrəman ola bilərdi. Zədə səbəbindən ilk oyunu (0:2) buraxan “sambaçı” cavab matçında da oyuna sonradan – 52-ci dəqiqədən qoşuldu. Onun meydana daxil olmasından sonra “Qarabağ” tam başqa oyun sərgiləməyə başladı. O, əvəzetmədən altı dəqiqə sonra fərqlənməyə imkan tapdı. Ancaq sonrakı dəqiqələrdə bəxt Reynaldo və komanda yoldaşlarından üz döndərdi. Onların çoxsaylı cəhdləri nəticəsiz oldu.

Qurban Qurbanovun yeni «silah»ı
“Qarabağ” həmin vaxt almanlara məğlub olsa da, komanda kimi uduzmamışdı. Qurban Qurbanovun artıq yeni «silah»ı vardı. Bu «silah» elə bir «silah» idi ki, onunla açıq döyüşə girmək olardı. Mövsüm boyunca Reynaldonun sirrini açan tapılmadı. O, yüksək texnikası, inanılmaz sürəti, dəqiq zərbələriylə müdafiəçilərin başağrısına çevrildi. Hətta ölkənin ən güclü komandalarının müdafiəçiləri, qapıçıları da onun qarşısında aciz idilər. Xüsusilə, ikinci dövrədə vurduğu qollarla “Qarabağ”a qələbələr qazandıran Reynaldo həm çempionatın bombardiri oldu, həm də komandasını çempion etdi. Dörd dəfə ayın ən yaxşı oyunçusu mükafatına sahib çıxan “sambaçı” vurduğu gözəl qollarla azarkeşlərin zövqünü oxşayırdı.

O, əsl hücumçudu!
Yuxarıda qeyd etdiyimiz kimi, komandaya yeni qoşulduğu vaxtlarda sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən Reynaldo daha çox hücuma meyl edirdi. Əslində, bu bir işarə idi. Bu işarə Qurban Qurbanov kimi ağıllı məşqçinin diqqətini cəlb etməyə bilməzdi. Bir sıra vacib oyunlarda rəqiblərinə taktiki baxımdan sürpriz hazırlamaq istəyən mütəxəssis məhz Reynaldonu hücumçu kimi oynatmaq qərarına gəldi. O, bu qərarında heç vaxt yanılmadı. Sonuncu mövsümdə Ulrix Kapolonqo və Nikolas Gelaşvilinin hücum xəttindəki səriştəsizliyi Qurbanovu bu addımı atmağa məcbur etmişdi. Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarında bu mövqedə çıxış edən “sambaçı” həm “Valletta”nın, həm də “Zalsburq”un müdafiəçilərinə həyəcanlı anlar yaşatmaqla yanaşı, iki dəfə fərqlənməyə imkan tapdı.

O, əsl «qol maşını»dı!
Reynaldo bu mövsüm Çempionlar Liqasında vurduğu iki qolla Azərbaycan futbolu tarixinə düşüb. Belə ki, “sambaçı” “Qarabağ”ın heyətində avrokuboklarda vurduğu qolların sayını 7-yə çatdırıb. Bununla da, o, avrokuboklarda 7 dəfə fərqlənmiş Rəşad Sadiqovun nəticəsini təkrarlayıb. Ancaq nəticə etibarilə üstünlük braziliyalı forvardın tərəfindədi. Sadiqov 45 oyunda 7 dəfə fərqləndiyi halda, Reynaldo eyni nəticəyə cəmi 10 oyuna nail olub. “Qarabağ”ın avrokuboklarda mübarizəni davam etdirdiyini nəzərə alsaq, Reynaldonun ən məhsuldar oyunçu ünvanına sahib çıxmaq şansı yüksəkdi.

Reynaldo milliyə
Hələ bir neçə ay əvvəl Reynaldonun milliyə cəlb olunmasını müzakirə obyektinə çevirmişdik. Əksəriyyət «sambaçı»nın millimizə faydalı olacağını bildirmişdi. Elə futbolçunun özü də verdiyi açıqlamalarda Azərbaycan millisində oynamağa razı olduğunu demişdi. Silvanın «Zalsburq»la oyundakı «performans»ı yığmanın baş məşqçisi Berti Foqtsun da xoşuna gəlib. Alman məşqçi üstüörtülü şəkildə AFFA-ya mesaj ünvanlayaraq, onun milliyə cəlb olunmasını istəyib. Foqtsun «Reynaldonun «qəbahət»i odu ki, Azərbaycan pasportu yoxdu» deməsi və «Zalsburq»a qarşı meydana çıxan oyunçuların hər birini dəvət etmək imkanınız olsaydı, neçə futbolçunu Azərbaycan millisinə çağırardız» sualına «Reynaldo və Almeyda şübhəsiz əsas heyətin üzvü olardı» deyə cavab verməsi, onun bu istəyindən xəbər verir. Foqts AFFA-nı razı sala bilsə, bəlkə də ilk dəfə olaraq Azərbaycan millisində azarkeşlərin, mətbuatın arzuladığı bir futbolçu oynayacaq. Əli Gökdəmirlərin, Cihan Özkaraların, Ufuk Budakların hamısı bir Reynaldo qədər deyilsə, niyə də olmasın?

Heybət, “Komanda”
P.S. Artıq Reynaldoya görə «Qarabağ»a xarici klublardan təkliflər gəldiyi söylənilir. Ötən mövsüm bu futbolçu üçün «köhlən atlar»a müraciət edən «Ayntraxt» yenidən hərəkətə keçib və bu dəfə daha yüksək məbləğ qarşılığında «sambaçı»nı əldə etmək istəyir. AFFA rəhbərliyi, Reynaldonu əldən buraxmaq olmaz, onu təcili şəkildə milliləşdirin!

Fikirlərini bizimlə bölüş!