Fransada keçirilən Avropa çempionatında Azərbaycan millisi yoxdu? Həə, noolsun? “Zato”, bizim “SOCAR Energy of Azerbaijan” reklamımız Parisin, Lionun, Marselin stadionlarında dostlarımızın gözünü oxşayır, düşmənlərimizin gözünü deşir. Noolsun ki, Azərbaycan hökuməti bu reklama görə ətək-ətək pul verib! Həəə, noolsun?
Noolsun ki, Azərbaycanın özündə futbol klubları acından qırılır, futbolumuzun şanlı tarixində ilk dəfə olaraq 8 komandalı çempionat keçirməyə məcbur olmuşuq. Bəs vətən uğrunda şəhid olmaq necə olur? Qoy “Xəzər Lənkəran”la “Rəvan” da vətən uğrunda “mındar” olsun! Yaşasın istədiyi yerə, istədiyi qədər pul soxmağı bacaran SOCAR!
Bakıda Formula 1 üzrə qran-pri yarışı keçirildi. Həə, noolsun ki, Azərbaycanda çoxlu “avtoşlar”, avtomobili iki təkər üzərinə qaldıran qaqaşlar var, amma indiyə kimi ortaya dişə vurmağa bircə nəfər də Formula 1 pilotumuz çıxmayıb! Noolsun ki, Azərbaycan hökuməti bu Formula 1 yarışına görə ətək-ətək pul tökdü! Həə, noolsun? Əvəzində mənfur erməniləri bütün dünyaya rüsvay elədik, göstərdik ki, biz belə mötəbər, elitar yarış keçirə bilirik, onlar isə yox. Hələ bundan sonra 4 il də bu mötəbər, elitar yarışı keçirəcəyik, erməniləri Qarabağda rahat oturmağa qoymayacağıq, mənəvi terrora məruz qoyacağıq onları! Anadan əmdikləri südü burunlarından gətirəcəyik, Şuşanın buz bulaqlarından içdikləri su zəhərə dönəcək!
Bakıda 17 yaşlı futbolçular arasında Avropa çempionatı keçirildi. Azərbaycan millisi meydan sahibi olmağın üstünlüyündən istifadə edə bilmədi, qrupda qaldıq. Həə, noolsun? “Zato” bu çempionatı biz keçirdik, erməniyə vermədik!
Əlbəttə, bütün bunlar – Avropa oyunları, 17 yaşlılar arasında Avropa çempionatı, Formula 1 üzrə qran-pri – hamısı həm də turistləri allı-güllü ölkəmizə cəlb eləmək üçündü. Həə, noolsun ki, qırmızı sifətli, yekəpər xaricilər qoyun canavardan hürkən kimi bizdən hürkür, bu tərəflərdə hərlənmək istəmirlər! Noolsun ki, Azərbaycanda keçirilən əksər yarışlarda idmançılarımız şil-küt olur, papağımızı yerə soxur! Noolsun ki, nankor xaricilərə göstərmək üçün bütün tarixi abidələri söküb, yerində təzə binalar tiksək də, mərmər parklar salsaq da, biz tərəfə baxmırlar! Əvvəl-axır baxacaqlar, baxmağa məcbur edəcəyik! O nankor xaricilər biz tərəfə baxana qədər sox, SOCAR, sox onların ciblərinə neftin pullarını!




Fikirlərini bizimlə bölüş!