Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Təşəkkürlər, Volkan abi…

Atalarımız "yalan ayaq tutar, amma yeriməz” deyiblər. Lakin indi zaman dəyişib. Məmləkətdə elə yalanlar eşidirik, elə yalançılarla rastlaşırıq ki, heyrətdən ağzımız açıq qalır. Onların dedikləri yalanlar gözümüzün önündə nəinki ayaq tutur, üstəlik, bütün həqiqətləri toza basıb irəli qaçır. Yalançıları heç bir ictimai qınağa məruz qoymamağın nəticəsidi ki, sayları günü gündən çoxalır, yalanların da çeşidləri dəyişir. Futbolumuzun başında oturanların danışdıqları yalanlar və cəzasızlıq mühitində mahir yalançıların qol-qanad açması aşağıdakıları da həvəsləndirir, ortaya yeni-yeni istedadlar çıxır.

"Zirə”nin baş məşqçisi Adil Şükürovun müsahibəsində söylədiyi ağ yalan məni xeyli heyrətləndirdi. Özü də bu yalanı dilə gətirməyə heç bir səbəb yox idi. Biz o qədər acı məğlubiyyətlərə şahid olmuşuq ki… Məğlubiyyətlərin suçlularını dara çəkməmişik, ittiham etməmişik. Yoxlama görüşlərində alınan məğlubiyyətlər isə heç vecimizə deyil. Komanda udar da, uduzar da. Başa düşürəm ki, Qazaxıstan təmsilçisinə böyük hesabla uduzmaq Adil bəyin əhvalını pozub. "Ordabası”nın "Zirə”ni məğlub etməsinə daha uğurlu bəhanələrlə don geyindirmək mümkün idi. Amma durub noyabrın 8-də başa çatan Qazaxıstan çempionatından xəbərsiz olmaq, "onların çempionatı yenicə bitib, "Ordabası” çempionat bitən kimi təlim-məşq toplanışına gəlib” demək peşəkar klub çalışdıran məşqçiyə yaraşan açıqlama deyil.

Burdan-bura Xəzərin o tayından xəbərsiz olmaq, orda noyabrın ayından ta aprelə qədər havaların qarlı-şaxtalı keçməsini bilməmək Şükürova yaraşmadı. Orta məktəbdə coğrafiyanı birbalaca yaxşı oxuyan şagirdlər belə bilir ki, Qazaxıstanın iqlimi kəskin kontinentaldı və orda qış çox sərt keçir. Futbolla az-çox maraqlanan hər kəs ondan da xəbərdardı ki, qazaxların çempionatı martda başlayır və noyabrda bitir. "Ordabası”da öz ölkəsinin çempionatında sonuncu oyunu noyabrın 8-də keçirib və Almatı "Kayrat”ına 0:2 uduzub. Belə çıxır ki, Adil bəy bütün bunlardan xəbərsiz olub və zənn edib ki, biz də belə sadə məsələləri bilmirik.

Yuxarıda qeyd etdiyim kimi, biz daha böyük yalana və yalançılara şahidlik etməkdəyik. Bu mənada cənab Şükürovun sözlərinin üzərindən sükutla keçmək, onu qınamamaq da mümkündü. AFFA başbilənlərinin müəlliflik etdiklərinin yanında Adil bəyin Qazaxıstan çempionatı və "Ordabası” haqqında dedikləri şükürlüdü. Mövsümün əvvəlində AFFA böyük təntənə ilə tender elan etdi, guya ki, premyer-liqanın yayım hüququnu bir milyon manata satmaq istəyirdilər. Heç kimin gözləmədiyi halda "CBC” ortaya çıxdı, qısa müddətdə "CBC Sport” yaradıldı. Deyildi ki, hər kluba 70 min manat olmaqla telekanal yayıma görə 700 min manat ödəyəcək. Hanı 700 min? Çempionatın yarısı arxada qalıb, hələ pulun adın tutan yox idi. Bizim qaldırdığımız suallardan sonra ilkin ödənişin fevralın əvvəlində ediləcəyi deyilir.

Amma daha böyük biabırçılıq "CBC Sport”a AFFA-nın baş katibi Elxan Məmmədovun nəzarət etməsi, telelekanalın baş direktorlarını onun təyin edib, işdən çıxarmasıdı. AFFA-nın, yaxud telekanalın Nizamnaməsində bu haqda bənd, cənab Məmmədovun belə bir səlahiyyəti varmı? Elxan bəy futbol qurumunda öz üzərinə düşən öhdəçilikləri belə yaxşı yerinə yetirib ki, indi də idman telekanalına gizli rəhbərlik edir?

Hadisələri açıq gözlə müşahidə edən, analiz qabiliyyəti olan istənilən şəxs cənab Məmmədovun "CBC Sport”a gizli rəhbərlik etdiyini, ordakı təyinatların birbaşa onunla razılaşdırıldığını onsuz da bilirdi. Dəfələrlə yazılarımızda buna işarə vurmuş, faktlara toxunmuşduq. Artıq gümanlarımız və ehtimallarımız rəsmən təsdiqlənib. Telekanalın yeni baş direktoru Volkan Üst bunu rəsmən etiaf etməklə həqiqəti rəsmiləşdirmiş, bizi haqlı çıxarmış oldu: "Bu postu mənə AFFA-nın baş katibi Elxan Məmmədov təklif edib. Bir müddət əvvəl onunla Türkiyədə görüşdüm. İlk görüş olmasına baxmayaraq, çox uğurlu oldu”.

Normal ölkələrdə bu açıqlamadan sonra Elxan Məmmədovdan hesabat tələb edər, onun hansı haqla AFFA-ya hüquqi cəhətdən heç bir bir bağlılığı olmayan telekanala rəhbər dəvət etməsini soruşardılar. Təəssüflər olsun ki, bizdə belə deyil. Özümüz deyirik, özümüz də eşidirik. Yenə də Volkan bəyə səmimiyyətinə görə ürəkdən təşəkkür edirəm. Çox yaşa, Volkan abi!

Fikirlərini bizimlə bölüş!