Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Üsyankar

Sadıq Sadıqov sükutu pozdu. Çoxdandı klub prezidentinin son olaylar və ən əsası "Neftçi"nin lider "Qarabağ"dan 10 xal geriyə düşməsi haqqında nə deyəcəyini maraqla gözləyirdik.

Futbolinfo.az oxucuları artıq Sadıq müəllimin dedikləriylə tanış olublar. Odu ki, təkrarçılıq etmək fikrindən uzağam. Amma klub prezidentinin dilindən səslənən bəzi mübahisəli fikirlərin, rabitəsiz cümlələrin şərhə ehtiyacı var. Bununla belə, ədalət hissini itirib, Sadıqovun haqlı olduğu məqamlara biganə yanaşmaq olmaz. Hər halda belə məqamlar da olmamış deyil və xüsusilə müsahibənin sonunda səslənən fikirlərdə həqiqət payı çoxdu.

Şəxsən mən "Neftçi" tərəfi üçün prioritetə çevrilmiş "bizi çempion olmağa qoymadılar" fikriylə heç cür razılaşa bilmərəm. "Xalq komandası"nın bugünkü durumuna daha çox "özü yıxılan ağlamaz" məsəli uyğun gəlir. Elə sonucu müsahibəsində Sadıq müəllimin özü də etiraf edir ki, "Qarabağ" səviyyəli legionerlərin transferinə xeyli pul xərcləyib. "Neftçi"də bu gün məhz həmin "Qarabağ"dan 10 xal geridədi. Əlavə hansısa şərh verməyə nə ehtiyac? Məgər "Neftçi" son 3 ildə məhz uğurlu transfer siyasəti, legioner seçimi sayəsində Premyer Liqada "at oynatmır"? Bütün mənfi xüsusiyyətləriylə birlikdə, Flavinio indiyə qədər Azərbaycanda çıxış edən əcnəbi futbolçuların ən yaxşılarındandı. Hələ də "İnter"də sabit çıxış edən Georgevski, eləcə də onun həmyerlisi Mitreski zamanında "Neftçi"yə çox fayda veriblər. Etibarlı "çərçivə" qoruyucusu olan Saşa Stamenkoviç də əcnəbidi. Ötən il vurduğu qollarla "Neftçi"ni qələbədən qələbəyə daşıyan çilili Kanalesi də unutmayaq. Vobay, Ramos, Bertuççi, Nasimov – axı, bütün bu futbolçular əcnəbidi. Özü də adlarını çəkdiklərim hamısı "ağ-qaralar"ın əsas fiqurlarıdı. Deməli, "Neftçi"də yerli futbolçuların sayı çox olsa belə, uğurların qazanılmasında legionerlər də mühüm pay sahibidilər. Sadəcə, bu yay seçilən əcnəbilər əvvəlkilər kimi uğurlu olmadılar. Qışda isə komandaya "yeni nəfəs" gətirilməsi maddı sıxıntılar ucbatından mümkün olmadı. Bu, mənim fantaziyamın məhsulu deyil. Sadıq müəllim özü də etiraf edir ki, "Neftçi" məhdud büdcəylə kifayətlənməyə məcburdu.

Legionerlərə bağlı məsələ aydındı. Tərs kimi, "xalq komandası"nın yerli futbolçularla bağlı problemləri də çoxaldı. Ardıcıl qazanılan uğurlar "ağ-qara" formanı geyinən azərbaycanlıların başını döndürdü. Yerli-yersiz azarkeşlərə barmaq göstərən Mahir Şükürov, atası yaşında Toşakı söyən, fiziki məşqlərdən yorulub məşqçilərlə kəllə-kəlləyə gələn Rəşad Sadiqov, Bakının mərkəzində qazı basıb, süpürgəçini öldürən Araz Abdullayev, əsas heyətdən kənar qaldığı oyunların fasiləsində meydanda əli cibində məşq edən Cavid İmamverdiyev "Neftçi"nin azərbaycanlı futbolçularının simasıdı. Məhz onların və ayda bir dəfə adam döyən Güloğlan Cabbarovun sayəsində "xalq komandası"nın nüfuzu zədələndi, azarkeşlərinin sırası seyrəlməyə başladı. Bütün bunları Sadıq Sadıqovun özü də bilməmiş deyil. Amma el arasında "altıncı barmaq" deyə bir anlayış da var, nəyisə kəsib atsan, incidir, qaldıqca da eybəcər görünür.

Sadaladığım səbəblər "Neftçi"ni taqətdən saldı. Bununla belə "ağ qaralar"ın tamamilə gücdən düşməməsi, Lənkəranda başverənlərdən sonra toparlanaraq, turnir cədvəlinin 2-ci pilləsini özünə qaytarması Sadıqovun və onun komandasının adına müsbət məqamdı. Deməli, heç nəyə baxmayaraq, "Neftçi" xarakterini və iddialarını qorumağı bacarıb.

Mən klub prezidentinin təslim olmuş adamlar sayağı vəzifəsindən getmək fikrinə düşməsini anlamıram. Futbol bir rəqabət oyunudu. Bu gün rəqabətdə kiməsə uduzursansa, səhvlərindən nəticə çıxarmalı, yenidən həmin yarışın içində olmağı bacarmalısan. Ola bilsin ki, müsahibənin sonunda üstüörütülü də olsa, toxunduğu məqamlar Sadıqovu futboldan uzaqlaşdırır. Amma bir halda ki, haqlı olduğundan əminsən, öz haqqın uğrunda da savaşmalısan. Kaş ki, Xaqani və Elxan Məmmədovlar klub prezidentinin dilindən səslənən ittihamlara cavab verməyə söz tapaydılar. Faktiki olaraq Azərbaycan futbolunun ikinci şəxsi olan AFFA-nın baş katibi niyə özünə əziyyət verib Premyer Liqada "Sumqayıt"ın iştirak etmədiyi qarşılaşmalara baxmaq üçün stadionlara getmir? Perespektivli Anar Salmanova qarşı sərt davranan Xaqani Məmmədov niyə veteran sayılan Vüsal Əliyevə qarşı humanistlik edir? Azərbaycan hakimliyinin gələcəyi üçün bu gün Salmanova verilməli olan şans niyə tələm-tələsik Vüsal bəyə verildi? Bu cür cavabsız suallar, müəmməlar illərdi soyuqqanlı görüntüsünə adət etdiyimiz "Neftçi" prezidentinin də səbr kasasını daşırıb. Azərbaycan futboluna tarixi uğurlar bəxş etmiş funksionerin bu cür üsyankarcasına "Neftçi"dən getmək fikrinə düşməsi narahatçılıq doğurur.

Üsyankar olmaq yaxşıdı, Sadıq müəllim. Amma üsyanı qələbəylə sonlandırmaq daha yaxşıdı. Səbrinizi və səhhətinizi qoruyun. "Neftçi"nin sizə, Azərbaycan futbolunun da "Neftçi"yə ehtiyacı var!

Fikirlərini bizimlə bölüş!