AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdiririk.
Bu gün bölgə futbolu Azərbaycan futbolunun ən ağrılı yeridi. Ölkə çempionatında bölgə təmsilçilərinin olmaması barədə danışarkən ilk yada düşən rayon, heç şübhəsiz, Lənkəran olur. Uzun illər Azərbaycan Premyer Liqasında liderlərdən olmuş “Xəzər Lənkəran”ın ölkə çempionatında iştirakdan imtina etməsi futbol ictimaiyyətində əsl şok effekti yaratdı. Artıq bir ildi ölkə futbol elitası “Xəzər Lənkəran”a, “Fırtınalar meydanı” böyük futbola, azarkeş səsinə həsrətdi. Bəs böyük futboldan uzaq qaldığı bir il ərzində Lənkəranda vəziyyət necədi? Bu rayonda futbolun gələcəyi üçün ümid varmı?
Bu dəfə sizə cənub bölgəsinin ən böyük rayonu olan Lənkəranın futbolunun dünəni, bu günü və gələcək perspektivlərindən bəhs edəcəyik.
Birinci katibin diqqəti
Lənkəran futbolu deyəndə ilk növbədə “Xəzər” yada düşür. Bu komandanın öz adını tanıtması ötən əsrin 70-ci illərinə təsadüf etsə də, Lənkəran futbolunun tarixi bundan qat-qat əvvəllərə təsadüf edir. Hələ 1920-ci illərdə rayonun komandasının İran Astarasında yerli futbolçularla yoldaşlıq oyunu keçirməsi barədə məlumatlar var. Sonradan da rayonda futbol yaşayıb, yerli komandalar SSRİ dövründə Azərbaycanın zona birinciliklərində çıxış ediblər. 1975-ci ildən etibarən isə Lənkəran “Xəzər”inin Azərbaycan çempionatnın yüksək liqasında çıxış etməyə başlamasıyla, rayon futbolu yeni mərhələyə qədəm qoyur. Komanda 2 il Azərbaycan çempionatında çıxış edir. 1977-ci ildə ölkə çempionatını 3-cü pillədə başa vuran Lənkəran təmsilçisi, növbəti mövsümdən SSRİ çempionatının 2-ci divizionunda çıxış etməyə başlayır. Uzun illər komandanın şərəfini qorumuş, sonradan bu klubda baş məşqçi kimi də fəaliyyət göstərmiş Ağadadaş Həmidovun sözlərinə görə, “Xəzər”in 2-ci divizionda çıxış etməyə başlamasında o vaxt rayonun birinci katibi olan İsa Məmmədovun böyük rolu olub:
“1977-1991-ci illər aralığında Lənkəran “Xəzər”ində çıxış etmişəm. Lənkəranda futbolun tarixi hələ ötən əsrin 20-ci illərinə gedib çıxır. 1975-ci ildə isə Lənkəran “Xəzər”i ölkə çempionatında çıxış etməyə başladı. Bunadək komanda zona birinciliklərində çıxış edirdi. 1977-ci ildə komanda Azərbaycan çempionatında 3-cü oldu. Həmin vaxtda rayonun birinci katibi olan İsa Məmmədov futbola çox böyük diqqət ayırırdı. O vaxt biz yüksək liqalarda çıxış edən komandalarla yoldaşlıq oyunları keçirirdik. Həmin oyunlarda yüksək liqa klublarıyla bərabər mübarizə apardığımızı görən rayon rəhbərliyi SSRİ çempionatının 2-ci dəstəsində çıxış etməyimiz üçün şərait yaratdı. Beləliklə, 1978-ci ildə “Xəzər” SSRİ çempionatının 2-ci dəstəsində çıxış etməyə başladı. Komandada kənardan gələn oyunçular da, yerli – lənkəranlı uşaqlar da var idi. O vaxt SSRİ çempionatlarında belə qayda var idi ki, hər komandada yerli futbol məktəbinin18 yaşlı 2 yetirməsi əsas heyətdə çıxış etməli idi. Buna görə, hər komandada yerli futbolçular olurdu. “Xəzər”də də 2-ci dəstədəki ilk mövsümdə mənimlə yanaşı, Elşad Rzayev yerli futbol məktəbinin yetirməsi kimi çıxış etdi. Daha sonra Elxan Həmidov, Mircəlal Əliyev, Fazil Əsədov, Rövşən İbadullayev, Məhərrəm Bağırzadə, Hidayət Məmmədov, İqbal Babayev, İbrahim Məcidov kimi yerli futbol məktəbinin yetirmələri əsas komandanın heyətində 2-ci dəstədə çıxış etmişdilər.
1982-ci ildə, komanda çempionatı 6-cı pillədə başa vurduğu ildə əsas heyətdə Lənkəran futbolunun 9 yetirməsi çıxış edirdi. Komanda 2-ci divizionda ən yüksək nəticəyə isə 1981-ci ildə, Kazbek Tuayevin rəhbərliyi altında imza atmışdı. “Xəzər” həmin ildə 2-ci divizionu 3-cü pillədə başa vurmuşdu. Çempion olaraq 1-ci diviziona da vəsiqə qazana bilərdik. Lakin komandanı sıxırdılar, buna görə də, çempion ola bilmədik”.
SSRİ çempionatının 1981-ci il mövsümündə 3-cü olan “Xəzər”, növbəti ildə 6-cı olur. Komanda çempion ola bilməsə də, Azərbaycan komandalarıyla yanaşı, Ermənistan və Gürcüstan təmsilçilərinin də qatıldığı 9-cu zonada güclülərdən və ya ortabablardan hesab edilirdi. Amma komandanın SSRİ çempionatının 2-ci dəstəsindəki illəri uzun çəkmir. 1984-cü ildə rayon rəhbərliyi dəyişir və yeni gələn rəhbərlik futbola o qədər də diqqət ayırmır. Belədə, “Xəzər” yenidən Azərbaycan çempionatında çıxış etməyə başlayır. 1987-ci ildə komanda ölkə kubokuna yiyələnir. Bir müddət sonra isə Lənkəran klubu yenidən SSRİ çempionatının 2-ci dəstəsində çıxış etməyə başlayır. Həmidovun sözlərinə görə, sovet dövründə komanda əsasən, yerli kolxoz və sovxozlar tərəfindən maliyyələşirdi:
“Komandanı “Məhsul” cəmiyyəti maliyyələşdirirdi. Bundan əlavə, rayonun birinci katibi İsa Məmmədov futbolçuların adlarını yerli kolxoz, sovxozlara yazdırmışdı, ordan da əlavə gəlir olurdu.
Komanda 1978-ci ildən 1984-cü ilə kimi SSRİ çempionatının 2-ci dəstəsində çıxış etdi. Lakin 1984-cü ildə, İsa Məmmədov burdan gedəndən sonra komandaya maliyyə yardımı azaldıldı. Bundan sonra yenidən Azərbaycan çempionatında çıxış etməyə başladıq. 1989-cu ildə isə yenidən SSRİ çempionatının 2-ci diviziona qayıtdıq”.
2-ci diviziona qayıtdıqdan sonra ilk mövsümdə 22 komanda arasında 18-ci olan “Xəzər”, növbəti ildə 4-cü olur. Lənkəranlılar növbəti mövsümdə isə çempionatı orta sıralarda (20 komanda arasında 11-ci yer) başa vurur.
Afişada “Badamlı”, meydanda “Xəzər”
1992-ci ildə futbol üzrə ilk müstəqil Azərbaycan çempionatı təşkil edildi. Əvvəlcədən çempionatda çıxış edəcək komandalar arasında Lənkəran “Xəzər”inin adı yox idi. Ancaq son anda Naxçıvan “Badamlı”sının ölkə çempionatında çıxış etməkdən imtinasından sonra Muxtar Respublika təmsilçisini “Xəzər” əvəz edir. Bunda “Xəzər”in o vaxt cəmi 29 yaşı olan prezidenti Sakin Məmmədzadə böyük rol oynayır. Hazırda Cənub Regional Futbol Federasiyasının prezidenti olan Məmmədzadə, “Xəzər”in ilk müstəqil ölkə çempionatında çıxış etməsi üçün demək olar, təkbaşına mübarizə aparıb:
“Mən özüm SSRİ idman ustası idim. Rayonda məni tanıyırdılar. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan xalq hərəkatının liderlərindən idim. Mən də həmişə stadiona gedib-gəlirdim. Bir dəfə stadiona gedəndə futbolçularla görüşdüm. Soruşdum ki, “niyə Lənkəranın komandası ilk ölkə çempionatında yoxdu”? İcra hakimiyyətinin rəhbərliyi ilə bu barədə söhbət etdim. Dedilər vəsait çatışmazlığı var. Maliyyə məsələlərini o dövrdə olan “Məhsul” cəmiyyətinin rəhbəriylə danışıb həll etdik. O dövrdəki AFFA prezidenti Fuad Musayevə zəng etdim. Dedim ölkə çempionatında oynamaq istəyirik. Dedi ki, “mümkün deyil”. Dedim “necə yəni mümkün deyil, biz oynamaq istəyirik. Burdan 2-3 avtobus adam gəlsə, orda mitinq eləsə, mümkün olacaq yəqin ki. Ona görə, elə edin ki, biz çempionatda çıxış edək”. Dedi axşam İcraiyyə Komitəsini çağırıb müzakirə edib, sonra sənə məlumat verərəm. Sonra elə oldu ki, Naxçıvanın “Badamlı” komandası çempionatda çıxış etməkdən imtina etdi. Belədə, biz onların yerinə ilk müstəqil ölkə çempionatında çıxş etdik. Düzü, ilk oyunlarda hara gedirdiksə, afişalarda bizim komandanın adının yerinə “Badamlı” yazılırdı. Amma oynayan “Xəzər” idi. Çətinliklərimiz var idi. Məsələn, forma ilə bağlı sıxıntı çəkirdik. Formalarımız istənilən səviyyədə deyildi. Lakin sonradan bu problemi həll etdik. Maraqlıdı ki, elə o vaxt da forma rənglərimiz ağ-yaşıl idi. Bilmirəm, sonradan bunu bildiklərinə görə, ya təsadüfdən, “Xəzər Lənkəran” komandasının da forması məhz bu rənglərdə oldu. Çətinliklərimiz olsa da, pis çıxış etmirdik. Kubokun finalına çıxmışdıq. O dövrdə 4-5 oyunçu var idi ki, hara gedirdilər, çempion olurdular. Həmin futbolçuları komandaya cəlb edərək, yüksək yerlər uğrunda mübarizə apara bilərdik. Lakin əlavə xərc çəkmək, kənardan futbolçu gətirmək istəmədik. Komanda bütünlüklə regiondan olan futbolçulardan təşkil olunmuşdu. Kənardan ancaq Masallı, Astara, Cəlilabad kimi qonşu rayonlardan olan oyunçular çıxış edirdi”.
“Elə bilirdilər ki, burda nə isə gəlir var”
Ölkədəki ağır vəziyyət komandaya da təsirsiz ötüşməmişdi. Buna baxmayaraq, komanda yaşayır, hətta nəticə də göstərirdi. “Xəzər”in baş məşqçisi isə uzun illər futbolçu kimi komandanın şərəfini qorumuş Ağadadaş Həmidov idi. Onun dediyinə görə, çətin vəziyyətə baxmayaraq, nəinki “Xəzər”, hətta birinci divizionda klubun əvəzedici komandası olan “Çeşmə” də mübarizə aparırdı:
“1992-ci ildən ilk müstəqil Azərbaycan çempionatında çıxış etdik. Həmin ildən 1995-ci ilə kimi, yəni “Xəzər” fəaliyyətini dayandırana qədər komandanın baş məşqçisi mən olmuşam. O vaxt “Xəzər”in heyəti ancaq yerli futbolçulardan ibarət idi. Həmin futbolçularla yaxşı nəticələrə imza atmışdıq. 1993/94 mövsümündə ölkə kubokunun finalına vəsiqə qazansaq da, burda “Kəpəz”ə uduzduq. Əsas komandadan başqa, birinci divizionda “Çeşmə” adlı komandamız da çıxış edirdi. Həmin komanda birinci divizionda liderlərdən hesab edilirdi. “Çeşmə” “Xəzər”in əvəzedici komandası idi. Orda əsasən, gənc yerli futbolçular çıxış edirdi.
“Xəzər” 1995-ci ilə kimi ölkə çempionatının güclülər dəstəsində çıxış etdi. Komanda müstəqillik dövründə də icra hakimiyyəti tərəfindən maliyyələşdirilirdi. Ancaq sonradan maliyyə ilə bağlı icra hakimiyyəti komandaya köməyi dayandırdı. Beləliklə, “Xəzər” fəaliyyətini dayandırdı. Düzdü, növbəti mövsümdən aşağı liqada Lənkəran “Xəzər”i çıxış etdi. Lakin bu komanda birinci divizionda çıxış edən “Çeşmə”nin üzvlərindən ibarət idi. Daha sonra həmin komanda da fəaliyyətini dayandırdı. Bir neçə il sonra aşağı liqada “Xəzər”lə yanaşı, “Şilavar” adlı komanda da çıxış etsə də, bu, çox qısa dövrü əhatə etdi. Sonra maliyyə çətinliyinə görə bu komandalar da çıxışlarını dayandırmalı oldular”.
“Xəzər” güclülər dəstəsindəki ilk mövsümünü 26 komanda arasında 15-ci pillədə başa vurur. Növbəti ildə A qrupunda 10 komanda arasında 4-cü, 1993/94 mövsümündə isə 16 komanda arasında 9-cu olur. Ancaq məhz bu mövsümdə “Xəzər” ölkə kubokunda finala kimi irəliləyir. Lənkəran klubunun titul qazanmasına isə həmin dövrdə ölkənin ən güclülərindən olan “Kəpəz” mane olur (0:2). Növbəti mövsümdə isə “Xəzər” ölkə çempionatını sonuncu pillədə başa vurur. Bu, Lənkəran “Xəzər”inin ölkə çempionatının güclülər dəstəsində keçirdiyi son mövsüm olur.
“Xəzər”in prezidenti Sakin Məmmədzadənin sözlərinə görə, o vaxt komandanın dağılmasında icra hakimiyyətindən olan təzyiqlərin də az rolu olmayıb:
“O dövrdə Azərbaycan çempionatında olan haqsızlığa görə bir neçə klub etiraz etmişdi. Onlardan da biri Lənkəran “Xəzər”i idi. Həmin vaxt icra hakimiyyətində məni klubdan kənarlaşdıraraq, başqasını rəhbər qoymaq istəyirdilər. Elə bilirdilər ki, burda nə isə gəlir var. Mən də onlara dedim ki, bu, futbol klubu deyil, “Xəzər” İdman Klubudu. Təsisçilik hüququ məndə idi. Komandanı məndən ala bilməzdilər. Gördüm təzyiqlər çoxdu, idman klubunda futbol şöbəsini bağladım. Daha sonra komanda elə həmin topladığı xalda da qaldı. Sadəcə, buraxdığı topların sayı çox oldu. Mövsümün sonunda isə dağıldı. Mən qalsaydım, inanmıram ki komanda dağılardı”.
Bundan sonra 2-ci və 1-ci dəstədə “Xəzər” komandası fəaliyyət göstərsə də, gənclərdən ibarət olan bu komanda güclülər dəstəsinə qayıda bilmir. 2000/01-ci il mövsümündə rayon icra hakimiyyəti yerli komandaya az da olsa, maliyyə yardımı etməyi üzərinə götürür. Maraqlıdı ki, həmin dövrdə Lənkəranda iki komanda birdən yaradılır – “Xəzər” və “Şilavar”. Amma hər iki komanda da çox yaşamır. Cəmi iki mövsüm birinci divizionda çıxış edən komandalar fəaliyyətini dayandırır.
“Qafqazın “Çelsi”si”
2004-cü ildə isə lənkəranlı futbol azarkeşləri nəhayət, istəklərinə çatırlar. Ölkə futboluna böyük pulların axın etməyə başladığı dövrdə Lənkəranın da futbolsuz günləri başa çatır. “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov rayonda yeni – “Xəzər Lənkəran” komandasını yaradır.
Maraqlıdı ki, 2004-cü ildə komanda yenidən təsis olunur. Yəni klub əvvəllər fəaliyyət göstərmiş, SSRİ çempionatının 2-ci divizionunda çıxış etmiş tarixi “Xəzər” komandasının bazasında bərpa edilmədi. Klubun təsisçisi Sakin Məmmədzadənin sözlərinə görə, vaxtilə bununla bağlı “Xəzər Lənkəran” rəhbərliyinə müraciət də edib, lakin yeni rəhbərlik bununla razılaşmayıb:
“Bu məsələ ilə bağlı mən özüm yeni rəhbərliyə müraciət etmişdim. “Xəzər”in, Lənkəran futbolunun tarixiylə bağlı kitab da çıxarmışdıq. “Xəzər Lənkəran” yeni yaradılanda, bu klubun ilk işçisi mən olmuşam. Stadionun sökülüb yenidən tikilməsi işinin təşkilində kömək etmişəm. Bununla fəxr edirəm. Onların gördüyü işləri danmaq olmaz. Klubun muzeyi yaradılanda da təklif elədim ki, əvvəlki “Xəzər” burda qeyd edilməlidi. Ancaq bu komandanı qəbul eləmirdilər. Sadəcə, öz gördükləri işi başqasının işinin davamı kimi qəbul etmək istəmirdilər. İnanmıram ki, Mübariz Mənsimov bu məsələdən xəbərdar olsaydı, belə addım atardı. Çünki “Xəzər”in tarixi var. Hər rayona SSRİ 2-ci divizionunda çıxış etmək nəsib olmur. Bundan başqa, bir çox ölkələrin yığma komandaları ilə yoldaşlıq görüşü keçirmişik. Bu, tarixdi. Bunu silmək olmaz, heç kim də silə bilməz. Amma sonrakı rəhbərlik qəbul etsə də, etməsə də, azarkeşlər hamısı “Xəzər”lə “Xəzər Lənkəran”ı eyni komanda hesab edir. Sabah başqası gələcək, başqa komanda yaradacaq, ancaq bu komanda da yenə əvvəlkinin davamçısı hesab ediləcək”.
Elə Sakin bəyin dediyi kimi, yerli futbol azarkeşləri də “Xəzər Lənkəran”ı yeni komanda yox, tarixi “Xəzər”in davamçısı kimi tanıyırdı. Bir çox məşhur simanın cəlb edildiyi komanda çox qısa müddətdə nəinki lənkəranlılar, bütün cənub bölgəsinin əhalisi tərəfindən doğma qəbul edilir. Şəhər stadionu əsaslı təmir edilərək, dünya standartlarına uyğun hala gətirilir. Komandaya ölkə millisinin bir neçə üzvü və legionerlər cəlb edilir. Türkiyəli məşhur məşqçi Rasim Kara komandanın “sükanı arxasına” gətirilir. “Ay-ulduzlular”ın sabiq hücumçusu Oqtay Dərəlioğlu da “Xəzər Lənkəran”a keçir. Elə “Xəzər Lənkəran”ın elitadakı ilk mövsümündə komandanın bombardiri də məhz Dərəlioğlu olur. Komanda aşağı liqada oynamadan birbaşa güclülər dəstəsinə buraxılır. Burda çox uğurla çıxış edən Lənkəran təmsilçisi çempionatın yekununda son ölkə çempionu “Neftçi”ylə eyni xal toplayır. Əsasnaməyə görə, ölkə futbolunun flaqmanı “Neftçi”ylə heç bir yaşı belə tamam olmamış “Xəzər Lənkəran” arasında “qızıl oyun” keçirilir. Gəncə şəhər stadionunda keçirilən matçda “ağ-qaralar” 2:1 hesabıyla qalib gəlir. Lənkəranlılar isə yüksək liqada ilk mövsümündə “gümüş”lə kifayətlənir.
Növbəti mövsümlərdə isə “Xəzər Lənkəran” uğurlu çıxışını davam etdirir. Klub rəhbərliyi heyətin gücləndirilməsi istiqamətində xəsislik etmir, istər yerli milli üzvü olsun, istərsə də legionerlərin heyətə cəlb edilməsi üçün külli miqdarda pul xərcləməkdən çəkinmirdi. Hətta bu xüsusiyyətinə görə “Xəzər Lənkəran”a “Qafqazın “Çelsi”si” ləqəbi də verilmişdi.
Ümumilikdə, komanda Premyer Liqada çıxış etdiyi dövrdə 1 dəfə ölkə çempionu (2007), 3 dəfə isə ölkə kubokunun (2007, 2008, 2011) qalibi oldu. Bundan əlavə, “ağ-yaşıllar” 3 dəfə ölkə çempionatını, 2 dəfə isə ölkə kubokunu ikinci pillədə başa vurmuşdu.
“Xəzər Lənkəran”ın ən böyük uğurlarından biri isə 2008-ci ilə təsadüf edir. Rusiyada təşkil edilən ənənəvi “Birlik kuboku”nda finala kimi irəliləyən Ağasəlim Mircavadovun yetirmələri finalda Özbəkistan “Paxtakor”una qalib gələrək (4:3), “Neftçi”dən sonra bu kuboku ikinci dəfə ölkəmizə gətirdi. Ölkə prezidenti İlham Əliyev öz iqamətgahında çempion komandanı qəbul etmişdi.
Naxçıvanda qazanılan son titul
“Xəzər Lənkəran” Azərbaycanın avrokuboklarda daimi iştirakçılarından birinə çevrilmişdi. Lakin Lənkəran təmsilçisi xərclənən milyonların qarşılığında avrokuboklarda uğursuz nəticələrdən yayına bilmirdi. Komanda ümumilikdə 7 dəfə avrokuboklarda iştirak etsə də, cəmi 2 dəfə bir mərhələ keçməyə nail olmuşdu.
“Ağ-yaşıllar” ölkənin ən iddialı klublarından biri olmaqla yanaşı, həm də ən qalmaqallı komandalarından biri idi. Düzü, bunda komandanın iddialı olmasının da az rolu olmurdu. Xüsusilə, “Neftçi”ylə “böyük oyun” adlandırılan qarşılaşmalar bu mənada xüsusilə fərqlənirdi. Bu oyunlar azarkeşlərə istər tamaşaçı sayına, istərsə də meydandakı mübarizə cəhətdən zövq versə də, yaşanan qalmaqallar uzun müddət müzakirə edilirdi. 2013-cü ildə “ağ-yaşıllar” ölkə superkubokunda əzəli rəqibi “Neftçi” ilə qarşılaşdı. Naxçıvan şəhər stadionunda keçirilən oyun lənkəranlıların 2:1 hesablı qələbəsiylə nəticələnmişdi. Bu, “Xəzər Lənkəran”ın tarixi ərzində qazandığı ilk superkubok idi. Ancaq bu kubok təəssüf ki, bütün cənub regionunun sevimlisinin son titulu kimi yadda qaldı.
Hər il büdcəsi bir az da azaldılan klubun sabiq legionerlərinə borcu xeyli artmışdı. Klubdan pulunu ala bilməyən legionerlər FİFA-ya üz tutur, dünyanın ali futbol qurumu da bu cür hallarda adətən etdiyi kimi, futbolçuları dəstəkləyirdi. Beləliklə, “Xəzər Lənkəran” FİFA-dan transfer qadağası cəzası alır. 2015/16 mövsümünə bu cür problemlərlə girən komanda, çempionatın ilk hissəsində bir neçə biabırçı məğlubiyyətlə üzləşir. Çempionatın ikinci hissəsindən etibarən isə klub rəhbərliyi bir çox legionerlə yollarını ayıraraq, meydanı akademiyanın yetirməsi olan gənclərə verir. Əsası gənclərdən təşkil edilmiş komandanın əzmkar oyunu futbol ictimaiyyəti və azarkeşlər tərəfindən rəğbətlə qarşılanmışdı. Mövsümü son pillədə başa vuraraq aşağı liqaya düşən klubun rəhbərliyi mövsümün sonunda hamını şoka salacaq qərar verir – komanda növbəti mövsümdə birinci divizionda çıxış etməyəcək. Beləliklə, 2016-cı ildə “Xəzər Lənkəran”ın əsas komandası fəaliyyətini dayandırır.
“Xəzər Lənkəran” olmasa da…
“Xəzər Lənkəran”ın əsas komandası fəaliyyətini dayandırsa da, aşağı yaş qrupları hələ də yerli çempionatlarda iştirak edir. Hazırda klubun akademiyasının rəhbəri uzun illər Lənkəran futbolunda çalışmış Ağadadaş Həmidovdu. Həmidovun sözlərinə görə, hazırda 4 yaş qrupu fəaliyyət göstərir ki, bunlardan da 3-ü AFFA-nın bayrağı altında keçirilən U-13, U-14 və U-17 liqalarında mübarizə aparırlar:
“2004-cü ildə “Xəzər Lənkəran”ın yaradılmasıyla bu komandanın aşağı yaş qrupunda çalışmağa başladım. Daha sonra, 2007-ci ildə AFFA-nın qərarı ilə hər klubda əvəzedici komanda yaradıldı ki, mən də “Xəzər Lənkəran”ın əvəzedici heyətinin baş məşqçisi oldum. Bir il sonra klubun U-17 komandasında çalışmağa başladım. Son illərdə isə yenidən komandanın əvəzedici heyətində çalışdım. “Xəzər Lənkəran”ın Premyer Liqadakı son mövsümündə isə son 3 oyunda əsas komandanın baş məşqçisi oldum. Hazırda “Xəzər Lənkəran”ın akademiyasında çalışıram. Akademiyada 4 yaş qrupu fəaliyyət göstərir ki, bunların da 3-ü AFFA-nın bayrağı altında keçirilən liqalarda iştirak edir. Rəhbərliklə danışmışam, daha bir yaş qrupunu artırmaq istəyirik. Bu il bizdə 13, 14 və 17 yaşlı futbolçulardan ibarət komandalar liqalarda çıxış ediblər. Ancaq 10 yaşlı uşaqların akademiyaya axını çoxdu. Buna görə, biz rəhbərliyə U-10 komandasının da yaradılmasını və AFFA-nın yarışlarına qatılmasını təklif etmişik.
Hazırda ölkə klublarının bir çoxunda “Xəzər Lənkəran”ın akademiyasında yetişmiş oyunçular top qovur. Demək olar, hamısı da komandasının əsas üzvləridilər. Təəssüf ki, bizim komandada vəziyyət belə oldu. Hazırda akademiyada ən yüksək yaş qrupu U-17-di. Valideynlər də bizdən soruşur ki, bəs U-17-dən sonra bu uşaqların taleyi necə olacaq? Məsələn, son çempionatda komandada çıxış edən 2000-ci il təvəllüdlü uşaqlar var ki, onlar artıq növbəti ildən bizim komandada çıxış edə bilməyəcəklər. Biz 17 yaşına çatmış bu cür uşaqları digər klublara baxışa göndəririk. Aralarında perspektivli olanlar həmin komandalarda möhkəmlənə bilirlər”.
Həmidov hazırda akademiyada fəaliyyət göstərən yaş qruplarının artırılmalı olduğunu deyir:
“Yaş qruplarını artırmaq istəyirik, lakin bunun üçün maliyyə ayrılmalıdı. Komanda burda, zona yarışlarında çıxış edir. Bununla bağlı heç bir problem yoxdu. Lakin final mərhələsi Bakıda olur. Bu da otel, yemək pulu, yol pulu kimi xərclər tələb edir. Buna görə, hələ ki, komanda sayını artıra bilmirik. Ancaq hazırda fəaliyyət göstərən 3 yaş qrupunda istər maliyyə olsun, istərsə də şərait cəhətdən heç bir problemimiz yoxdu. Hətta deyərdim, Premyer Liqada mübarizə aparan bir çox komandadan daha yaxşıdı. Forma, top kimi problemlərimiz yoxdu. Bazada da vəziyyət yaxşıdı. Meydançalar, baza, paltardəyişmə otaqlarıdı, bunların hamısına necə lazımdı, qulluq edilir.
Hazırda bizim akademiyanın yetirmələrindən bir çoxu Premyer Liqa klublarında çıxış edir. Kamran Abdullazadə “Sumqayıt”da, Elnur Cəfərov Xorvatiyada oynayırdı, indi ölkəyə qayıtmalıdı. Klubların aşağı yaş qruplarında da perspektivli uşaqlar var. Məsələn, Xaqani Sadıqov hazırda “Qarabağ”da top qovur, həm də, U-17 millimizin üzvüdü, Yusif Həsənov “İnter”də, Rasim Mikayılov “Vətən”də çıxış edir. “Qarabağ”da çıxış edən Tural Bayramov və Zamiq Əliyev də bizim yetirmələrimizdi. Tural AFFA-nın bayrağı altında keçirilən U-11-dən U-15 liqasına kimi bütün liqalarda bombardir olub”.
“Xəzər Lənkəran” qayıtsa…
Ağadadaş Həmidov deyir ki, rəhbərlik ən azı birinci divizionda çıxış etmək qərarı versə, komandanı formalaşdırmaq elə də çətin olmayacaq. Onun sözlərinə görə, akademiyanın yetirmələriylə nəinki birinci divizionda, hətta Premyer Liqada da oynamaq mümkündü:
“Biz “Xəzər Lənkəran”ın heç olmasa, birinci dəstədə çıxış etməsi ilə bağlı da klub rəhbərliyi ilə daim müzakirə edirik. Hazırda da bizim yetirmələrimiz daim zəng edir, maraqlanırlar. Birinci divizionda çıxış edəcək komanda yaradılsa, heç olmasa, bu uşaqları itirmərik. Bu yaxınlarda Tuyqun Nadirovla, Ramiz Cahangirovla danışmışam. Onlar da komandanın çıxış etməsini istəyirlər. Ancaq klub prezidenti nə desə, odu. Bu barədə daim müzakirələrimiz olur. Klub prezidenti bu gün desə ki, çempionatda çıxış etmək üçün yenidən pul ayrılır, 1 saatın içində komanda qurula bilər. Elə akademiyanın yetirmələriylə çıxış etmək mümkündü. Yetirmələrimizdən ibarət komanda qurulsa, nəinki birinci divizion, hətta Premyer Liqanın son mövsümündə çıxış etmiş bəzi komandalardan daha yaxşı nəticələr qazanarıq.
“Xəzər Lənkəran”ın son mövsümündə akademiyanın yetirmələriylə çıxış etdik. Legionerlərin çıxış etdiyi komanda “Qəbələ”yə 0:6 hesabıyla uduzmuşdusa, akademiyanın yetirmələri demək olar, bütün rəqiblərlə başa-baş mübarizə aparmışdı. Rayonda futbola maraq hələ də var. Valideynlər uşaqları akademiyaya gətirirlər. Vaxtilə ətraf rayonlardan da uşaqlar gəlirdi. Lakin maliyyənin azalmasıyla onlar da akademiyadan ayrılmalı oldular. Belə ki, rəhbərlik həmin uşaqlar üçün avtobus ayırmışdı. Masallı, Cəlilalabaddan uşaqlar gəlib burda məşq edirdilər.
Tam əminliklə deyirəm, “Xəzər Lənkəran” bu il öz yetirmələriylə çempionatda çıxış etsin, heç də ordakı bəzi komandalardan zəif olmazdı”.
Ötən ilə olan məlumata görə, Lənkəran rayonunda 223 min əhali yaşayır. Ancaq “Xəzər Lənkəran”ın yoxluğu təkcə rayonda yaşayan əhalini yox, 900 mindən artıq insanı futbolsuz qoyub. Belə ki, “Xəzər Lənkəran” təkcə Lənkəranda yox, həm də Masallı, Cəlilabad kimi qonşu rayonlarda da istedadların üzə çıxarılması üçün çalışırdı. Məhz buna görə, “Xəzər Lənkəran”ın yoxluğunu təkcə Lənkəran rayonunun yox, bütün cənub bölgəsinin futbolsuzluğu kimi qəbul etmək lazımdı.
Rəşad ERGÜN




Fikirlərini bizimlə bölüş!