Araşdırılası mövzudur!
Bu yaxınlarda KİV-də AFFA-nın “Kəpəz”ə ayırdığı vəsaitlə bağlı xəbər getmişdi. Həmin xəbərdə göstərilmişdi ki, federasiya hər ay “Kəpəz”in büdcəsinə 30 000 manat pul köçürdür. Bu pulla
futbolçuların, məşqçilər heyətinin, texniki heyətin əmək haqqları ödənilir, komandanın səfər xərcləri qarşılanır.
Ayda 30 000 manatdan götürsən bu, illik 360 000 manat
pul eliyir. Hardasa yarım milyon dollar. Bəs görəsən, bu yarım milyon dolar hara xərclənib ki, “Kəpəz” bu gün biabırçı durumdadır?
Turnir cədvəlinə nəzər salsaq görərik ki, Gəncə klubu I Divizionun turnir cədvəlinə 16 komanda arasında 14-cü pillədədir. 360 000
manat Premyer Liqa üçün az görünə bilər, amma I Divizion üçün heç də az məbləğ deyil. Bu qədər pulun qarşılığında “Kəpəz”
14-cü pillədə qərarlaşmalı deyildi axı. AFFA-nın I Divizonda kifayət qədər komandanı saxladığı məlumdur. Ancaq həmin komandalar arasında ən pis göstərici “Kəpəz”ə məxsusdur.
Maraq üçün bir müqayisə aparaq. “Kəpəz”dən fərqli olaraq, AFFA “Şuşa”ya ayda 12 000 manat pul ayırır. Amma bu gün “Kəpəz”dən fərqli olaraq, qaçqın statusu daşıyan, məşq etməyə meydança tapmayan “Şuşa” aylıq 12 000 manatla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb, amma ayda 30 000 manat alan “Kəpəz” 14-cü pillədədir?
Belə çıxır ki, “Şuşa” ona ayrılan pulu “Kəpəz”dən daha səmərəli xərcləyir. Hər halda “Şuşa” illik 124 000 manatlıq büdcə ilə turnir cədvəlində 5-ci pillədə qərarlaşıbsa, o zaman 360 000-lıq büdcəyə
malik “Kəpəz” ən azından ilk “üçlüy”ə düşməli idi. Bəs niyə 14-cü pillə?
Heç kim inciməsin, bütün bunlardan sonra belə qənaətə gəlmək olur ki, AFFA-nın məhz “Kəpəz”ə ayırdığı pullar futbola yox,
futboldan kənar istiqamətə xərclənir. Qeyd edək ki, futbolçulara da elə böyük məbləğdə maaş verilmir. Sifariş ərizəsində 28 futbolçunun adı var. Bu futbolçulardan isə ən çox maaş alan futbolçu 500-600 manat alır. O da ki, əsas heyətdə oynayan bəzi
aparıcı futbolçular.
Ehtiyatda qalanlar, gənc futbolçulara 200-300 manat verilir ki,
başlarını girələsinlər. Lap deyık ki, bütün komanda orta hesabla 500 manat alır. Bu da edir ayda 14 000 manat. Deyək ki, baş məşqçi, onun köməkçisi, həkim, inzibatçı bunların da maaşı 3-4 min aparsın. 2000 manat da forma, top və səfər xərclərinə getsin. Belə baxanda aya iki səfər düşür ki, o da elə böyük məbləğ tələb etmir.
Komandanın ən uzaq səfəri Naxçıvan sayıla bilər ki, o da ildə 1 dəfə olur. Onu da nəzərə alaq ki, “Kəpəz” üçün Tovuz, Şəmkir, Mingəçevir, Yevlax səfərləri o qədər də uzaq sayıla bilməz, çünki Qərb bölgəsidir. Artıq- artığına götürsək ayda 20 000 manatın
xərcləndiyini görərik. Bəs 10 000 manat hara və yaxud, kimin cibinə getdi?
Ayda 10 000 manat ildə 120 000 manat eliyir. Deməli, “Kəpəz”ə ayrılan 360 000 manat pulun ən azı 120 000-nin taleyi naməlumdur. Lap deyək ki, heç bir yeyinti yoxdur və 360 000-nin hamısı komandaya xərclənir. Bu, ikiqat pisdir ki, “Şuşa” 124 000 manatlıq büdcə ilə ilk “beşliy”ə düşür, amma “Kəpəz” 360 000-lik büdcə ilə 14-cü pillədə “can verir”. Hər halda, AFFA bu məsələni araşdırsa pis olmaz. |”Xəmsə”




Fikirlərini bizimlə bölüş!