“Kəpəz”in “legitim”liyi sual atına düşüb. Mövsümün əvvəlindən sahibsiz qalan klub əslində elə bu formada da olmalı idi. Adnan Əhmədzadənin DTX tərəfindən ölkəmizə qarşı cinayətlərinə görə həbsindən sonra klubun İdarə Heyətinin sədri Adil Vəliyevin əli hər yerdən soyudu. Şefinin saxlanılması ilə hec cür barışmayan Vəliyev “Kəpəz”dən bir dəfəlik üz döndərdi. Kluba maliyyə yatırmamaqla sanki saxlanılan rəhbərinin prinsipini aparmağa başladı. Son nəticədə Gəncə təmsilçisində söz sahibi Elxan Məmmədovun biznes dairəsində yer alan Fərman Əlizadənin əlinə keçdi.
“Ot” biznesi ilə məşğul olan birisi “Kəpəz” boyda tarixi klubu idarə etməyə başladı. Qəbul edilən qərarlar, atılan addımlar gəncəlilərin qürur yeri olan klubu indiki durumuna sürüklədi. “Sarı-göylər” klub tarixinin ən bahalı büdcəsi ilə ən rəzil vəziyyətini yaşayır. Büdcəsi 5 milyon manatın üstündə olan “Kəpəz” maliyyəsinə görə “Şamaxı”, “İmişli”, “Qəbələ” və “Karvan-Yevlax”ı xeyli qabaqlasa da, adı çəkilən ilk iki klubdan geridə, son iki rəqibindən isə çox az fərqlə öndədir. Gəncəlilər pley-off zonasının yarım addımlığında mövqe tutub. Mövsümün əvvəlində Adil Şükürovla 7-ci yeri tutmağı qərarlaşdıran komandanın indi elitada qalması çətin görünür.
Yenə deyirik: “Kəpəz”də daşlar yerində deyil, Gəncə publikasının sevimlisi Azər Bağırovun gəlişi də vəziyyəti düzəltmədi. “Qarabağ”ı iki dəfə məğlub edən mütəxəssis Fərman Əlizadədən arzuladığı dəstəyi görmədi. Bağırovun qarşısına “səbişkalar”, “rusiklər” maneə kimi çıxarıldı. Xırda fiqurların sözü daha keçərli oldu nəinki xilaskar kimi önə verilən məşqçinin haqlı tələbləri. Təsəvvür edin, klubun taleyi birbaşa əsas komandanın çıxışından asılıdır, baş məşqçinin qərarları da klubdakı ikinci, üçüncü dərəcəli simalardan. Bakıda oturan Fərman Əlizadə bütün idarəetməni əsas komandanın inkişafına əngəl olan adamlara tapşırıb. Bunu baş məşqçiyə acıq gəlsin deyə edib.
Azər Bağırov klubda, bazada tək qalıb. Bütün çətinliklərə – həm də daxildə “iş buran” fiqurantlara sinə gərməyə çalışır. Bununla yanaşı, komandanı toparlamalı, işini layiqincə görməyə çalışmalıdı. Bağırov üçün “torba” hazırdı, aylar öncə Əlizadənin sifarişi ilə tikilib, sadəcə, başını bağlayıb düyün vurmaq qalıb. O da an məsələsidir. Onsuzda “Kəpəz”də missiyası tamamlanmamış, “Şamaxı” ilə görüşüb, fikri oralardadır. İşinə konsentrasiya olmadığı üçün istənilən xırda yanlış addımında özünü “torba”da görəcək. Çünki klubdan qonarar alan “saray mediası” da bir müddətdir öz işini görür. Ab-havanı korlayır, Əlizadə və adamlarının birbaşa söylə bilmədiyi fikirləri sosial şəbəkələrdə tirajlayır.
Arzu SARVAN



Fikirlərini bizimlə bölüş!