Torala gülənlər…

Azərbaycanlı balalara nə vermisiniz ala bilmirsiniz? Ciddi soruşuram – bu qədər kin qusmağın səbəbi nədir?

Toral Bayramovun "Bursaspor" karyerasının uğurlu alınmaması hamımızı üzür.

Amma bir qism kütlə sanki bundan həzz alır, məsxərəyə qoyur.

Erkən əvəzlənir ələ salırlar, öz qapısına qol vurur hırışırlar.

Niyə? Toral azərbaycanlı balası deyil? Öz övladımızın başına eyni şeylər gəlsə eyni münasibəti göstərərik? Əminəm ki, yox.

Silib atmağa yox, sahib çıxmağa çalışaq. Siz öz balalarımıza ögey münasibət bəsləyəndən sonra avropalıdan nə gözləmək olar axı?

Şərhləri, postları görəndə dəhşətə gəlirəm.

Toral 3 yaşında anasını, 13 yaşında atasını itirib.

15 yaşı olanda futbolun sirlərini öyrəndiyi, əsas komandasına yüksəlməsi an məsələsi olan sevimli "Xəzər Lənkəran"ı dağılıb.

Amma bütün çətinliklərə rəğmən ən azı bu səviyyəyə gəlib çıxa bilib.

Atası, anası, yaxşı daydayı olan milyonlarla uşaq var ki, Premyer Liqada bir oyun keçirməyin xəyalı ilə yaşayır.

Əmin olun ki, Azərbaycan futbolunda Toral olmaq da asan deyil.

Əksini iddia edən varsa, buyurub ailəsindən, qonşusundan, qohumundan Toraldan yaxşısını ortaya çıxarsın.

Həyatda kimisə qınamaqdan asan, həm də iyrənc bir əməl tanımıram. Çalışın asan əmələ qaçıb, iyrənc görünməyəsiniz.

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.