Demişdik axı, bizdə gələn gedənə dua oxutdurur. Odu ki, çəkinmədən söyləyək: Elxan Məmmədova min şükür!
Halbuki o, AFFA-nı tərk edəndə az qala bütün futbol camiəmiz, azarkeşlər toy-bayram edirdi. Nəhayət, futbolumuzun bəlalarının əsas baiskarı hesab olunan şəxs və ətrafı keçmişdə qaldı. Gəl ki, ötən zaman kəsiyində heç nə dəyişmədi. Əksinə, vəziyyət daha acınacaqlı hal aldı!
Bu gün altını cızaraq yaza bilərik ki, AFFA prezidenti kürsüsündə Rövnəq Abdullayevin Rövşən Nəcəflə əvəzlənməsi uğurlu gediş deyildi. Xüsusilə Cahangir Fərəcullayevin baş katib postuna təyinatından və ətrafına ancaq öz adamlarını toplamasından sonra buna heç bir şübhə yeri qalmadı.
Sirr deyil ki, SOCAR prezidentinin AFFA-yla məşğul olmağa vaxtı yoxdur – faktiki olaraq ölkənin futbol mətbəxində idarəetməni baş katib aparır. Rövnəq Abdullayev – Elxan Məmmədov tandemindən sonra Rövşən Nəcəf – Cahangir Fərəcullayev dueti də eyni sistemi tətbiq etdi və… daha betərini bacardılar.
Əvvəlki baş katib ya belə açıq şəkildə meydan sulaya bilmirdi, ya da işini daha hiyləgərcəsinə, tələsmədən görürdü. Yeni baş katib isə futbol dili ilə desək, “dikinə” oynayır, nəfəs dərməyə imkan vermir, ağına-bozuna baxmır. Adamın bir-birindən ziddiyyətli qərarları saymaqla bitmir.
Keçək ən parlaq məqama – “Turan”ın başına açılan oyunlara. Bu gün yaşanan olayadək tovuzluların avrokuboklara buraxılmaması ilə bağlı məlum qalmaqalda AFFA-da oturanların barmağı olmağına tərəddütlə yanaşırdıq. İndi isə başqa gümanımız qalmadı.
“Şamaxı” ilə qarşılaşmada qapı xəttini keçən topu VAR otağındakıların görməməsi qeyri-mümkün idi. Bunun AFFA rəhbərliyinin “Turan”a qarşı növbəti qərəzindən başqa bir adı yoxdur. Mövsüm başlayan kimi tovuzlular meydandan kənarda baş verən oyunlar ucbatından iki xaldan məhrum edildi. Məlum məsələdi, hələ konsert qabaqdadı. Belə görünür ki, AFFA rəhbərliyi “Turan”ın sponsorunu futboldan iyrəndirməmiş əl çəkən deyil.
Bu adamların Ehtiram Quliyevlə nə dərdi var, dəqiq demək çətindi. Amma iddiamız budur ki, futbolumuzu idarəetməyə yiyələnən şəxslər sahəni tamamilə öz monopoliyaları altına almaq fikrindədirlər. Onları proqress, dirçəliş maraqlandırmır, ancaq öz mənafelərini təmin etmək niyyəti güdürlər. Əsas odu ki, nəzarət tam onlarda olsun, futbolumuzda hər şeyi öz əllərində cəmləşdirsinlər.
Millidən tutmuş bütün elita klublarınadək hər yerdə ancaq onların kadrları yer almalıdır. “Neftçi” və “Qarabağ” kimi dövlətin başqa xətləri vasitəsilə maliyyələşən klublara hələ ki hökm edə bilmirlər, lakin digərlərini sıradan çıxarmaq fürsətini qaçırmayacaqlar.
Şəxsi biznesin maliyyələşdirdiyi “Turan” kimi iddialı komandanın olması bu adamların işinə heç cür yaramır. Ona görə də mövsüm boyu Tovuz klubu təzyiq altında qalacaq. Ehtiram Quliyevin buna nə qədər tab gətirəcəyini isə zaman göstərəcək…
Cahangir Fərəcullayevin “Kəpəz”i sponsorsuz qoyması da fikrimizi isbatlayan başqa bir inkaredilməz faktdır. Ölkənin ikinci köklü klubuna – AFFA və UEFA-dan ayrılacaq maliyyə kanallarının üstünə oturmaq üçün baş katib özünün futboldan uzaq kadrını tez “Kəpəz”ə yerləşdirdi. Anar Abdullayev adında heç kimin tanımadığı adam orada oturub maaş alacaq deyə yeni sponsorların üzünə qapı bağlandı. Məcbur qalıb gedib Birinci liqada yarışacaq “Gəncəbasar”ı yaratmalı oldular.
Elitada yarışan digər klublardan “Qəbələ” və “İmişli”nin isə büdcəsi onsuz da kasaddı, AFFA-nın əlinə baxırlar. Bu klublar da ya tamamilə onlara təslim ediləcək, ya da aşağı liqaya yuvarlanacaqlar.
Belə əməlləri görüb Azərbaycan futbolunun SABAHını fikirləşmək yox, bu gün düşdüyü hala dəli kimi ağlamaq keçir könüldən…
Mövzu üzrə digər yazılar: AFFA və futbol idarəçiliyi dosyesi.

Mövzu üzrə digər yazılar: Məşhərin üç atlısı: “Neftçi”ni içəridən sarsıdanlar.

Fikirlərini bizimlə bölüş!