Futbolumuzun inkişaf etməsini hamımız istəyirik. Futbolun dünənində adı olmayan məmurların AFFA-da söz sahibi olmasına isə biz qərar verməmişik. Assosiasiyaya təşrif buyurmamışdan qabaq nə işlə məşğul olduqlarını deyə bilmərəm. Amma indiki postunu haqq etməyənlərin futbola yanaşma tərzi belə acı təbəssümə meydan verir…
Yəqin Klublar Komitəsinin (KK) fevralın 3-ü və 13-də keçirilmiş iclaslarında yeniyetmə və gənc futbolçuların məvaciblərinə limit tətbiq olunmasının müzakirə edildiyini bilirsiz. "Hilton"da baş tutan son iclasda 9 elita təmsilçisinin nümayəndələrinin, PFL prezidenti Ramin Musayevin və AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakıyla, belə desək, hər şey dəqiqləşdirildi. Şübhəsiz, KK-nın ideyalarının təsdiqlənməsi üçün İcraiyyə Komitəsində (İK) yer alanların "hə" deməsi vacibdi. İK-nın martın 6-da keçiriləcək iclasında isə məhz bu məsələnin həllini tapacağını gözləmək olar.
"Ləbbeyk" prinsipiylə fəaliyyət göstərən komitənin üzvləri formallığı aradan qaldıracaq və bununla da yaşı 21-i haqlamamış futbolçu-ların bölgə klublarında oynayacağı halda 35, paytaxt təmsilçilərin şərəfini qoruyacağı təqdirdə isə maksimum 30 min manat məvacib alacağı təsdiqlənəcək. 21-23 yaş aralığında olan-lar üçün isə bu məbləğ uyğun olaraq 50 və 60 min manat təşkil edəcək. AFFA məmurlarının və maliyyə vəziyyəti yaxşı olmayan klub nümayəndələrinin çürük təfəkkürünün məhsulu sayılan planın Azərbaycan futboluna ciddi fayda verməyəcəyi dəqiqdi. Ötən saylarımızın birində bu məsələni saf-çürük etdiyimdən təkrarçılığa yol vermək istəmirəm. Onsuz da hamımız bilirik ki, KK yarımasılı qurumdu və komitənin müzakirəyə çıxardığı məsələlər birbaşa AFFA məmurlarının yürütdüyü siyasətlə düz-mütənasibdi.
Maraqlıdı ki, assosiasiya beynəlxalq təcrübəni araşdıraraq təqdimat hazırlayıb. Təqdimatda dünyanın müxtəlif ölkələrində və ayrı-ayrı idman növlərində oyunçuların məvaciblərinə, həmçinin ümumilikdə klubların maaş büdcəsinə limit tətbiq olunmasıyla bağlı faktlar ictimaiyyətin diqqətinə çatdırılıb.
Assosiasiyadakıların İK "möhürünü mürəkkəbə batırmamışdan" öncə belə faktlarla ictimaiyyətin gözünə kül üfürməsi başadüşüləndi. "Yuxarıdakılar" saytda yerləşdirilən materiallarla xalqa "baxın, biz dünya təcrübəsindən yaralanırıq" mesajı göndərməkdə maraqlıdı. Lakin qurumun rəsmi saytında əksini tapan informasiyalar Kanada futbol liqası, Rusiyanın 1-ci divizionu ilə yanaşı, MBA, MHL, ABŞ mini-futbol liqası, Fransa, Uels, İngiltərənin reqbi liqaları, həmçinin Kontinental Hokkey Liqasıyla bağlıdı. Qəribə və yerinə düşməyən təqdimatın nəyə xidmət etdiyini anlamaq üçün elə AFFA-dakılar kimi düşünməlisən.
Əlbəttə, idman növləri çoxdu və hər növün də özünə uyğun inkişaf mexanizmi var. Məgər hokkeylə futbolu, basketbolla bədii gimnastikanı bir araya gətirmək olarmı? Fevralın 20-də Tehranda tarix yazan yunan-Roma güləşçilərimizin məşq proqramının Robert Prosineçkinin çalışdırdığı milliyə tətbiq edilməsinin vacibliyindən danışsaydılar, indikindən az təəccüblənərdim.
Anormallıqdı, sadəcə, anormallıq! Xərclənən milyonlar fonunda düzgün cığırla irəliləməyin yolunu tapmayanlar hazırladığı gülünc təqdimatla camaatı axmaq yerinə qoyduğunu növbə-ti dəfə göstərib. Qəzet səhifəsi olmasaydı, açıq-saçıq bir məsəl çəkərdim. Amma mən "kreslo"sundan ikiəlli yapışan, həqiqəti min cür yalanın arxasında gizləyən, haqq etmədiyi postu tutanlardan fərqli, xalqıma hörmət edirəm. Ona görə də etik normalardan kənara çıxmayacam. Tanrı üzü günbatana gedən futbol karvanımızın ovsarını naşı sarvanların əlində qoymasın! Amin!




Fikirlərini bizimlə bölüş!