Birdən-birə iki klubun Avroliqanın qrupuna düşməsi, yığmanın Norveç, Xorvatiya kimi rəqiblər də daxil olmaqla son 4 oyunda uduzmaması dünya futbolunda uğur sayılmasa da, 0:10, 0:9, 0:8 kimi biabırçılıqlara vərdişkar ölkə üçün tarixin ən yaddaqalan dövrüdü.
"Qarabağ"ın Çempionlar Liqasının qrupuna düşmək üçün real şansı vardı. Təəssüf ki, arzu olaraq qaldı… Bu hələ başlanğıcdı.
Hazırda ÇL iştirakçıları klublardan bəzilərinin bizim çempiondan daha zəif olduğunu deyə bilərik. "Qarabağ" baxımlı və effektiv oyun nümayiş etdirir. Təəssüf ki, ifaçıların ustalıq səviyyəsi hələ "Tottenhem" kimi rəqibləri üstələməyə imkan vermir. Məhdud maddi imkanlarla mümkün olandan da artıq nəticələr verən komandanın ÇL-in qrupuna düşməsi üçün keyfiyyət dəyişikliyinə ehtiyacı var. Bu mənada Armenteros xaric yeni legionerlərin formasızlığına və ya ustalıq səviyyəsinin böyük məqsədlər üçün mübarizə aparan kluba yaramamasına üzülməmək olmur. Kintana, Pupon, Miçel, Əl Cadeyaui avrokuboklarda "Qarabağ"ın gücünə güc qatacaq potensialda oyunçulara oxşamır. "Qarabağ" kimi, "Qəbələ"nin də bu mövsümdəki legioner transferlərindən hələlik yalnız bir nəfərin – Zenyovun ümdləri tam doğrultduğunu demək olar.
Təzad ondadı ki, Avroliqadakı klublarımızın transfer siyasətini uğurlu adlandıra bilməsək də, nəticələr əksindən xəbər verir. Böyük pullar yatırılmasına baxmayaraq, indiyəcən heç bir nəticə hasil olmasa da, dünyanı və Azərbaycanı maddi böhranın bürüdüyü, neçə-neçə klubumuzun dağıldığı, imkanlı komandalarımızın bahalı futbolçularıyla vidalaşmalı olduğu bu il futbolumuz üçün uğurlu alınır. Deməli, uğur yalnız pulun çoxluğunda deyil.
Etiraf etməliyik ki, həm "Qarabağ"ın, həm də "Qəbələ"nin uğurları birbaşa məşqçi işi ilə bağlıdı. Bu komandalar ifaçıların fərdi ustalıq səviyyəsindən çox məşqçilərin qurduğu və oturtduğu oyun sayəsində nəticə verir.
Futbolumuz kimi, idman televiziyasıyla bağlı da tarixi bir ildi. Mövsümdən əvvəli heç kimin yayın hüqüqunu almaq istəmədiyi çempionatımızın oyunlarının TV vasitəsilə bu qədər yüksək səviyyədə təqdim edil-diyinə inanmaq olmur. CBC Sport həm premyer-liqa oyunlarının yayın keyfiyyəti, həm də şərhçiləri ilə özündən söz etdirir. "NTV+" məktəbi keçmiş İlham Rüstəmovun rəhbərliyi ilə oktyabrın 1-dən Azərbaycan teleməkanında ilk dəfə fasiləsiz 24 saat yayına başlayacaq kanalda "Lider" TV və CBC-dən tanınan Şəmsəddin Abbasovun cavabdehlik daşıyacağı "Xəbərlər" buraxılışı gündə 4 dəfə tamaşaçılara təqdim olunacaq.
"Xəbərlər"in şef-redaktoru bir vaxtlar "Futbol+"də də çalışmış, idman jurnalistikamızın ağsaqqalarından olan Rövşən Binnətli, redaktoru isə beynəlxalq mətbuatda çıxışları ilə tanınan Rasim Mövsümzadədi. "CBC Sport"un şərhçi heyəti hələlik Şəmsəddin Abbasov, Rüstəm Əfsərli, Gündüz Abbaszadə və Ziya Məcidlidən ibarətdi. Amma qarşıda futbol üzrə İtaliya, Türkiyə, Rusiya, Braziliya, Fransa və başqa ölkələrin çempionat və kubok yarışları, eyni zamanda kanalın rəsmi tərəfdaşı "Saran Group"un vasitəçiliyi ilə müxtəlif başqa turnirlərin yayim hüququnun alınması nəzərdə tutulduğundan, çox güman, heyət daha da genişlənəcək. Amma genişlənməsə belə, yuxarıda göstərilən adların po-tensialı yetərincə keyfiyyətli məhsul görəcəyimizə əminlik yaradır.
"CBC Sport"un teleməkana gəlişi başqa kanalları, o cümlədən "İdman Azərbaycan"ı da yeniliklərə və kreativ ideyalara sövq edir. "Xəzər" TV-də Sənan Abdullayevin aparıcısı olduğu "Futbol saatı" isə artıq bir yeniliyə imza atıb. Son verilişdə çempionat matçlarını mütəxəssislərin köməyi ilə dərindən təhlil edən Sənan Abdullayev və Ceyhun Rzayev başqa rəqiblərindən yaxşı mənada seçildilər. Artıq həm futbol meydanlarında alınan nəticələrə, həm də teleməkanda yaşanan son olaylara görə ölkədə futbol bumunun yaşandığını söyləyə bilərik.
Yeganə üzücü məqam azarkeşlərin oyunları, hətta Avroliqadakı oyunla-rı stadiondan izləməyə üstünlük verməməsidi. "Qəbələ" "Apollon"la oyunda polislərin yeniyetmə və uşaqları vəhşicəsinə döyməsindən son-ra çoxlu azarkeş itirdi. Eyni zamanda PAOK-la oyunun gec başlaması və nəqliyyatın durumu ilə bağlı son ana qədər davam edən anlaşılmazlıq tribunaların boş qalmasına səbəb oldu. "Yanq Boyz"la oyunda bir neçə tribunanın boş qalması isə "Qarabağ"ın öz günahı idi. Heç kimə sirr deyil ki, ağdamlılar "xalq komandası" adını çoxdan "Neftçi"nin əlin-dən alıb və təbii ki, oyunlarına ən çox maraq doğuran komandadı. "Qara-bağ"ın oyunlarında tribunaların boş qalmasının mümkün səbəbləri ki-mi bilet satışının düzgün təşkil olunmamasını və ya qiymətinin baha-lığını göstərmək olar.
Təəssüf ki, başqa sivil ölkələrdən fərqli Azərbaycanda internetlə bilet satışı praktikası yoxdu. Bununla belə, ən azı alış-veriş mərkəzlərində, metroların çıxışında və başqa gediş-gəliş sıx olan yerlərdəki qəzet köşklərində bilet satışı təşkil edilsə, müəyyən nəticə verər.
"Qəbələ"nin yeni kommersiya direktoru Mustafa Aztopal bildirib ki, qarşısında duran birinci məsələ məhz azarkeşləri tribunaya gətirməkdi. "Dinamo", "Çukariçki" və "Apollon"la oyunlarda tribunalardakı anşlaqı yada salsaq, bunun o qədər də çətin vəzifə olmadığını görərik.
Böyük futbol sevgisinə baxmayaraq, bütün nəsillərdən tez-tez "bizdə futbol olmayıb" sözlərini eşidirik. Amma yeni mövsüm "xoş gəldin, Əlahəzrət Futbol" deyəcəyimiz günün uzaqda olmadığı siqnalını verir…




Fikirlərini bizimlə bölüş!